Bakı, 24 yanvar, AZƏRTAC
"Matça əla başlasaq da, sonda nəticə istədiyimiz kimi olmadı".
Bu sözləri AZƏRTAC-a açıqlamasında "Qarabağ"ın qapıçısı Fabiyan Buntiç UEFA Avropa Liqasının əsas mərhələsinin VII turunda Bakıda Rumıniyanın FKSB komandasına 2:3 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.
O, künc zərbəsindən buraxdıqları qollara görə məyus olduğunu bildirib: "Bəzi epizodlar uğursuz oldu. Amma düşünürəm ki, komanda olaraq meydanda çox çalışdıq. Stadionda olan hər kəs qalib gəlmək istəyimizin olduğunu gördü. Sadəcə, standart vəziyyətdən qapımızda üç qol gördük. Rəqib bundan başqa ciddi epizodla yadda qalmadı. Məğlub olsaq da, biz bundan daha yaxşısına layiqik".
Xorvatiyalı qapıçı buraxılan ikinci qolda şanssızlıq yaşadıqlarını söyləyib: "Top oyunçu ilə dirəyin arasında keçib qapıya daxil oldu. Məyusedici məqamdır. Hər şeyin yaxşı getdiyi vaxtda uğursuz ssenarilər olur. Kiçik məsələləri böyütmək lazım deyil. Daha yaxşı olmaq üçün çox çalışmalıyıq".
27 yaşlı qolkiper komandasının yaxşı xarakterə malik olduğunu söyləyib: "Komanda yoldaşlarım məşqlərdə, oyunda istəkli olurlar. Daim çalışırıq".
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının əsas mərhələsində sonuncu görüşünü yanvarın 31-də səfərdə Yunanıstan təmsilçisi “Olimpiakos”a qarşı keçirəcək.