Davos İqtisadi Forumu mühüm beynəlxalq platformadır. Hər il İsveçrənin Davos şəhərində Ümumdünya İqtisadi Forumunun ənənəvi olaraq keçirilməsində əsas məqsəd dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, elm adamlarının, nüfuzlu siyasətçilərin, iqtisadçıların, biznesmenlərin iştirakı ilə yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə etməkdir”. Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, iqtisadi xarakter daşımasına baxmayaraq, Forum dünya siyasətində, beynəlxalq münasibətlərdə ciddi təsirə malikdir. Bu platforma dünyanın iqtisadi mənzərəsinin formalaşdırılmasında önəmli rol oynayır. Burada təqdim edilən müasir texnologiyalar, irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Davos Forumu, eyni zamanda, iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, on milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Forum həm də ölkələrin özlərini dünyaya yaxından tanıtması, təşviq etməsi baxımından mühüm platformadır.
Millət vəkilinin sözlərinə görə, müxtəlif münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Davos Forumu, şübhəsiz ki, bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli mühit yaradır. Cənab Prezident İlham Əliyev ötən illər ərzində Forumun işində fəal iştirak edib. Dövlətimizin başçısı forum çərçivəsində ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları, bir sıra məşhur şirkətlərin rəhbərləri ilə çoxsaylı görüşlər keçirib və müxtəlif mövzularda aktual müzakirələrə qatılıb. Dövlətimizin ildən-ilə artan nüfuzu və iqtisadi imkanları, regionda baş verən hadisələr, eləcə də yeni reallıqlar fonunda keçən ilki forum ölkəmizə daha mühüm siyasi və iqtisadi dividendlər əldə etmək üçün zəmin yaradıb, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının mühüm istiqamətlərindən biri olan Azərbaycan iqtisadiyyatının biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması ilə bağlı məsələlər ətrafında geniş söhbət– müzakirələr aparılıb.
Azərbaycan dövlətinin balanslaşdırılmış xarici siyasəti, əhəmiyyətli coğrafi mövqeyimiz ölkəmizdə siyasi sabitlik və davamlı iqtisadi inkişafa şərait yaradır. Lakin bununla belə təəssüf ki, həm də bir sıra region ölkələrinin, eləcə də, dünya siyasətinə təsir edən böyük dövlətlərin, beynəlxalq təşkilatların həyata keçirdikləri qeyri-adekvat siyasətləri, yanlış qərarları dünyada sülhün və təhlükəsizliyin təminatına, dayanıqlı inkişafa mane olmaqla yanaşı, mövcud münaqişələrin, iqtisadi və siyasi böhranların uzanmasına və dərinləşməsinə, yenilərinin də yaranmasına gətirib çıxarır. Ona görə də Davos Forumu ölkələr və beynəlxalq təşkilatlar arasında səmərəli dialoqun reallaşması üçün son dərəcə böyük əhəmiyyət daşıyır.
O qeyd edib ki, budəfəki Dünya İqtisadi Forumu cari il yanvarın 20-dən 24-dək İsveçrənin Davos-Klosters şəhərində keçirilir. Forum qlobal çağırışları həll etmək və yaranan imkanları araşdırmaq üçün 350 hökumət nümayəndəsi və 60 dövlət və hökumət başçısı daxil olmaqla 130-dan çox ölkəni bir yerə toplayır. Bu ilki Forumda da cənab Prezident İlham Əliyev mühüm görüşlər keçirib, tədbirlərə qatılıb. “Cənab Prezident İlham Əliyev hər dəfə Davos Forumu kimi nüfuzlu platformadan istifadə edərək Azərbaycan həqiqətlərini, habelə ölkəmizin təşəbbüsü ilə həyata keçirilən mühüm regional nəqliyyat və enerji layihələrinin önəmini dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Bu dəfə də həyata keçirilməsi nəzərdə tutulan regional layihələr, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı və s. məsələlərdə Azərbaycanın mühüm rolu da diqqət mərkəzindədir”,-deyə millət vəkili vurğulayıb.
Fatma Yıldırım
Milli Məclisin deputatı