Trampın ilk qərarları sırasında Konstitusiyaya bilasavitə zidd olan bir sərancamını gözdən qaçırmaq olmaz. Söhbət, valideynlərindən ən azı birinin ABŞ vətəndaşı olmadığı halda, ABŞ Vətəndaşların Qeydiyyatı xidmətlərinin ABŞ-da doğulmuş uşaqlara ABŞ vətəndaşlığının verməsini qadağan edən sərəncamdan gedir.
ABŞ Konstitusiyasının 14-cü düzəlişinin 1-ci hissəsində(1868-ci ildə qəbul olunub) deyilir ki, ABŞ ərazisində doğulan hər kəsə ABŞ vətəndaşlığı verilir. Trampın sərəncamı bu düzəlişi təkzib edir.
ABŞ Konstitusiyasına dəyişikliklərin edilməsi üçün Konqresin hər 2 palatasında nümayəndələrin 66.6%-i lehinə səs verməlidir, bundan əlavə, 50 ştatından 37-i ştat bu qərarı ratifikasiya etməlidir.
Artıq 22 ştatın Baş prokurorları Trampın qərarının ləğvi üçün federal məhkəmələrə müraciət ediblər. Təbii ki, müraciət edən prokurorların hamısı demokratlardır, məyusedici məsələ isə odur ki, 28 ştatın respublikaçı Baş prokurorları ABŞ Konstitusiyasına zidd olan qərara heç bir etiraz bildirmədilər.
Bu ilk presedentdir, ilk atəş səsidir, Trampın Konstitusiyaya atdığı ilk gülləsidir. Həmin qərarın taleyini Ali Məhkəmə müəyyənləşdirəcək və əgər Ali Məhkəmə Trampın Konstitusiyaya zidd olan qərarlar verməyə "haqqını" tanısa, ABŞ demokratiyası çox ciddi təhdidlərlə üzləşəcək.
P.S.
ABŞ-da doğulmaqla vətəndaşlıq hüququ qazanmağa qadağa qoyulması haqqında Trampın fərmanı məhkəmə tərəfindən bloklanıb.
Sietl şəhərindəki federal hakim Con Koenur (John C. Coughenour) prezident fərmanının icrasını müvəqqəti dayandırıb.
Ronald Reyqan dövründə federal hakim təyin olunmuş C. Koenur Trampın fərmanının açıq şəkildə Konstitusiyaya zidd olduğunu bildirib.
politoloq Kamran Cəfərov
visiontv.az