Marko Rubio. Biz bu adı bəlkə də hər gün eşidəcəyik, Marko Rubio ABŞ-ın yeni dövlət katibidir.
Rubio, gənc yaşlarına baxmayaraq bir az "reyqançılığı" mənimsəyə bilib, başqa sözlərlə, desək ki Marko Rubio bugünkü administrasiyada "qırğılar" qanadını təmsil edir, yanılmarıq. Rubionun bu mövqeyi ailəsindən qaynaqlanır, valideyinləri vaxtı ilə kommunist Kubadan qaçıblar və bu xatirələr Markonun şəxsiyyət kimi formalaşmasında rol oynadı.
Amma və lakin, qəti şəkildə ilyuziyalardan uzaq olmalıyıq.
Keçən ilk Marko Rubio Senatda Ukraynaya 61 milyard dolların ayrılmasının əleyhinə səs vermişdi. Bu Rubionun fərdi mövqeyidirmi? Yox, sadəcə Tramp belə istəmişdi və Rubio Trampa öz loyallığını bu formada göstərmişdi.
Başqa sözlərlə Marko Rubio Trampa tamamilə loyal dövlət katibi olacaq və ondan, hər hansı "özfəaliyyət" gözləmək sadəlövhlük olardı.
Tramp üçün(və ümumiyyətlə bütün avtoritar idarəçiliyin tərəfdarları üçün) "loyallıq" peşəkarlıqdan nəinki üstündür, ümumiyyətlə şəxsi keyfiyyətlərin ən üstünü sayılır.
Bir misal da gətirmək olar. 2017-ci ilin fevralında Tramp dövlət katibi vəzifəsinə Reks Tillersonu təyin etmişdi. Reks Tillerson heç də "qırğılar" qanadına aid olmasa da, Trampa tamamilə loyal kadr deyil idi və hakimiyyət daxilində bir neçə nəfərdən ibarət "müstəqillər"in içərisindəydi(Tillerson, "quduz it" Mattis(Pentaqon) və maliyyə naziri Mnuçin). Tramp Tillersona bunu bağışlamadı və 2018-ci ilin mart ayında onu Pompeo ilə əvəzlədi. Pompeo isə öz növbəsində həmin zaman Trampa qeyd-şərtsiz loyallıqla fərqlənirdi.
Nəticə etibarı ilə, Marko Rubio bugünkü administrasiyada 2 ən sağlam insanlardan biridir(digəri MKİ-nin sədri Con Retklifdir), amma və lakin onun "sağlam" mövqeyi Trampın cızdığı cizgilər daxilində olacaq.
politoloq Kamran Cəfərov
visiontv.az