AZ

Azərbaycan Dəmir Yolları: son 20 ildə qazanılmış uğurlar və perspektivlər

Ötən 20 il ərzində Azərbaycan dəmir yolları ölkəmizin nəqliyyat sektorunun aparıcı güclərindən birinə çevrilib. 

FED.az bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən məlumat verir.

Dəmir yolları son 20 il ərzində yatırılan iri investisiyalar və məqsədyönlü inkişaf strategiyası sayəsində yeni sima qazanıb, bir çox hədəflərə nail olunub. Son illərdə ADY bir qurum kimi köklü dəyişikliklərdən, başqa sözlə, transformasiya mərhələsindən keçib, korporativ idarəetmə sisteminin qurulması üzrə işlər görülüb. Nəticədə daha şəffaf, səmərəli və inklüziv idarəçilik strukturu formalaşıb.

Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən, dəmir yollarında istifadə olunan hərəkət tərkibi əhəmiyyətli dərəcədə yenilənib. O cümlədən:

- Qatar parkının yenilənməsi məqsədilə 2014-cü ildə “Alstom” şirkəti ilə imzalanmış müqavilə çərçivəsində ölkəyə 50 ədəd lokomotiv çatdırılıb.

- “Stadler Rail Group”la əməkdaşlıq çərçivəsində 2015–2018-ci illərdə ölkədaxili və Abşeron dairəvi dəmir yolu xətti üzrə marşrutlarda istifadə edilməsi üçün sinfinin ən yaxşılarından olan elektrik qatarları alınıb.

- 2019-cu ildə “Stadler” istehsalı olan “FLIRT” markalı hərəkət vasitələrinin alınması üçün müqavilə bağlanıb. Yeni dizel və elektrik qatarları 2023-cü ilin sonları və 2024-cü il ərzində ölkəyə çatdırılaraq qatar parkına əlavə olunub.

- Lokomotiv və vaqon parkını artan yükdaşıma tələbatına uyğunlaşdırmaq üçün işlər görülüb. Bu məqsədlə 2014-cü ildə Qazaxıstandan 10 ədəd yeni teplovozun alınması üçün müqavilə imzalanıb və teplovozlar qatar parkına daxil edilib, 2023-cü ildə 303 yeni platforma alınıb.

- Yükdaşımaların təhlükəsiz təşkili üçün lokomotiv parkını sağlamlaşdırmaq məqsədilə 17 lokomotiv Qazaxıstan və Latviyaya göndərilib, onlardan 12-si ölkəyə çatdırılıb.

Yeni qatarların alınması ilə paralel olaraq 2023-cü ildə “Stadler Rail Group” şirkəti ilə Regional Servis Mərkəzinin yaradılması barədə müqavilə imzalanıb. Mərkəzdə dəmir yollarında aktiv istifadə olunan “Stadler” markalı bütün növ nəqliyyat vasitələrinin təmiri və texniki xidməti həyata keçiriləcək. Yerli qatar parkı ilə yanaşı, mərkəzin xidmətləri regionun eyni növ hərəkət vasitələrindən istifadə edən dəmiryol operatorları üçün də əlçatan olacaq.

Azərbaycan nəqliyyat qovşağına çevrilir

Son 20 ildə Azərbaycanda dəmir yolları ilə yükdaşımaların həcmində böyük artım qeydə alınıb. Artımı davamlı etmək üçün mövcud dəmiryol xətləri yenilənir, beynəlxalq tərəfdaşlıqlar gücləndirilir.

Azərbaycan dəmir yolları ilə 2022-ci ildən etibarən tranzit daşımaların həcmi əhəmiyyətli dərəcədə artıb. 2024-cü ilin 12 ayında ADY tərəfindən tranzit, idxal, ixrac və daxili rejimlərdə 18,5 milyon tondan çox yük daşınıb. 2023-cü illə müqayisədə 2024-cü ilin analoji dövründə daşınmış tranzit yüklərin həcmi 5,7% artaraq 7,3 milyon ton, idxal yükləri isə 10% artaraq 5,2 milyon ton olub. Əsas tranzit istiqaməti olan Şərq-Qərb marşrutu üzrə il ərzində 3,2 milyon tondan çox yük daşınıb.

Tranzit yüklərin Gürcüstan limanlarına paralel olaraq Türkiyə üzərindən də Avropaya və açıq dənizlərə daşınmasını təmin etmək məqsədilə Azərbaycan tərəfinin, xüsusilə də ADY-nin aktiv və birbaşa iştirakı ilə Bakı–Tbilisi–Qars (BTQ) dəmiryol xətti inşa edilib və 2017-ci ildə açılışı olub. Yeni dəmir yolu xətti regional yükdaşımalarda məsafə və müddəti qısaldaraq Çin–Avropa–Çin nəqliyyat və ticarət dəhlizinə yeni nəfəs gətirib. Orta Dəhlizin əsas komponentlərindən biri olan BTQ xəttinin imkanlarının genişləndirilməsi məqsədilə 2023-cü ilin may ayından dəmir yolunun Gürcüstan hissəsində aparılmış modernləşdirilmə işləri 2024-cü ilin mayında tamamlanıb və illik yükaşırma həcmi 1 milyon tondan 5 milyon tona çatdırılıb.

Bununla yanaşı, 2024-cü ildə Azərbaycanın təşəbbüsü ilə Orta Dəhlizin Xəzərin şərq sahilində daha bir qolunun – Çin, Tacikistan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Xəzər dənizindən keçməklə – formalaşdırılması məqsədilə sentyabr ayında Bakı şəhərində “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının yaradılmasına təşəbbüs göstərilib.

ADY tərəfindən beynəlxalq tərəfdaşlarla aparılan davamlı və aktiv danışıqlar nəticəsində Orta Dəhliz vasitəsilə tranzit daşımaların sürətinin və səmərəliliyinin artırılması məqsədilə konteyner daşımalarının həcmi və payı ildən-ilə artırılır. 2024-cü il bu baxımdan əhəmiyyətli nəticələrlə yadda qalıb. Ötən il Çindən Azərbaycana 358 konteyner blok-qatarı göndərilib ki, bu da Orta Dəhlizlə yükdaşıma həcminin artdığını və Azərbaycanın beynəlxalq nəqliyyat sistemindəki rolunun daha da gücləndiyini göstərir. Orta Dəhlizin tək Şərq-Qərb marşrutu kimi yox, həm də Qərb-Şərq nəqliyyat arteriyası kimi inkişafını dəstəkləmək məqsədilə 2024-cü ilin noyabr ayında Bakıdan dəmir yolu ilə ilk ixrac yükü Çinə göndərilib.

Şimal-Cənub dəhlizinin strateji potensialının reallaşdırılması istiqamətində də işlər davam etdirilir. 2023-cü ildə İranın Astara şəhərində yerləşən terminalda 700 min tona yaxın, 2024-cü ildə isə 814 min ton (2023-cü ilin eyni dövrü ilə müqayisədə 28 faizdən çox) yük aşırılıb. ADY bu dəhliz üzrə artan yükaşırma həcmlərini daha sürətli və effektiv həyata keçirmək üçün 2024-cü ildə Azərbaycan ərazisindəki Astara yük terminalının rekonstruksiyasını başa çatdırıb. 

Ötən ilin sentyabr ayında Asiya İnkişaf Bankı ilə Şimal-Cənub dəhlizinin bir hissəsi olan Sumqayıt–Yalama xəttinin modernləşdirilməsi üçün 131,5 milyon dollar məbləğində kredit sazişi imzalanıb.

Sərnişindaşımada rekord göstəricilər, yenilənmiş xidmət keyfiyyəti

Prezident İlham Əliyevin müvafiq tapşırıqları əsasında vətəndaşlarımıza yüksək keyfiyyətli dəmir yolu xidmətləri göstərmək üçün ADY-nin qatar parkı “Stadler” markalı müasir dizel və elektrik qatarları, həmçinin “Alstom” istehsalı olan lokomotivlərlə yenilənib. İstismar müddəti bitmiş qatarların istifadəsi dayandırılıb, Abşeron dairəvi dəmir yolu, həmçinin Bakı–Balakən xətləri boyunca stansiya, vağzal və dayanacaqlar əsaslı təmir olunub. Bütün bunlar vətəndaşların rahat və təhlükəsiz nəqliyyat xidmətinə olan ehtiyacını qarşılamaqda mühüm rol oynayıb, onların dəmir yollarına inam və etibarını artırıb:

- 2015-ci ildən etibarən Bakı–Sumqayıt–Bakı xətti üzrə müasir qatarlar istismara buraxılıb;
- 2015-ci ilin oktyabrından 2017-ci ilin əvvəlinədək Abşeron dairəvi üzrə 200 km magistral dəmiryol xətləri təmir olunub;
- 2017-ci ildə Bakı Dəmiryol Vağzalı yenidənqurmadan sonra tam yeni xidmət infrastrukturu ilə sakinlərin istifadəsinə verilib;

- Həmin il Abşeron dairəvi dəmir yolu xəttində sərnişindaşıma xidmətini bərpa etmək üçün 110 kilometr uzunluğunda Bakı–Sabunçu–Pirşağı–Sumqayıt–Xırdalan–Biləcəri–Bakı xətti inşa olunub;
- 2018–2020-ci illərdə Sumqayıt Dəmiryol Vağzalı, Sabunçu Dəmiryol Vağzalı, həmçinin Zabrat-1, Məmmədli dayanacaqları, Zabrat-2 stansiyaları yenidən qurularaq sakinlərin istifadəsinə verilib;
- 2019-cu ildə Abşeron dairəvi dəmir yolunun Sabunçu–Pirşağı xəttinin yenidənqurmadan sonra açılışı olub;
- 2020-ci ildə Abşeron dairəvi dəmir yolunun Pirşağı–Görədil–Novxanı–Sumqayıt hissəsinin açılışı baş tutub;
- 2023-cü ildə ilk dəfə Bakı–Qəbələ–Bakı marşrutu üzrə sərnişindaşımaya başlanılıb;

- 2023-cü ilin noyabrından 164 km uzunluğu olan Yevlax–Balakən sahəsində genişmiqyaslı təmir işləri aparıb, yararsız şpallar, relslər, bağlayıcılar dəyişdirilib, çatışmayan yol nişanları əlavə olunub.

2023-cü ildə ADY tərəfindən rekord həddə – 7 milyondan çox sərnişin daşınıb. Abşeron dairəvi marşrutuna əlavə qatarların buraxılması, Bakı–Qəbələ–Bakı marşrutunun açılması və Bakı–Gəncə–Bakı marşrutunun Ağstafayadək uzadılması, xətt üzərində Qovlar, Dəllər yenidən dayanacaq verilməsi sayəsində əldə edilən bu göstərici 2022-ci ilin göstəricisindən (5,1 milyon nəfər) 38% çox olub.

2024-cü ildə isə rekord yenilənərək 8,5 milyon sərnişinə səyahət xidmətləri təqdim edilib. Ötən il xidmət həcminin artmasının əsas səbəbləri yeni alınmış qatarların xəttə buraxılması, Ləki və Ucar kimi yeni dayanacaqların istifadəyə verilməsi və ümumilikdə müştəri məmnuniyyətinin yüksəlməsi ilə əlaqədar olub. ADY-nin sərnişindaşıma strategiyasına uyğun olaraq, Bakı–Ağstafa–Bakı marşrutu üzrə reyslərin sayı yeni qatarların istismara verilməsi ilə 2-dən 4-ə çatdırılıb.

2025-ci il 3 yanvar tarixindən Bakı–Balakən–Bakı istiqamətində müntəzəm qatar reyslərinə start verilib. Gündəlik olaraq hər iki istiqamətdə hərəkət edən qatarlar bölgənin əhalisi üçün nəqliyyat xidmətlərinin daha əlçatan olmasına, istər şimal-qərb istiqamətində yaşayan sakinlərə, istərsə də turistlərə səfərlərini rahat və təhlükəsiz planlaşdırmağa imkan verir.

Bundan başqa, ictimai nəqliyyatın yükünü azaltmaq üçün Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət qrafiki optimallaşdırılıb, Bakı–Sumqayıt–Bakı marşrutunda ekspres – iki şəhər arasında dayanacaqsız, birbaşa səyahət imkanı yaradan reyslər təyin edilib. Abşeron dairəvi dəmir yolu xəttində aylar üzrə ən çox sərnişin daşınan günlərin orta göstəricisi 2022-ci ildə 19,4 min nəfər, 2023-cü ildə 26 min nəfər, 2024-cü ildə isə 37 min nəfər olub.

Ötən ilin sentyabr ayında Bakı, Sabunçu, Sumqayıt, Gəncə, Qəbələ vağzallarında, Koroğlu, Bakıxanov, Pirşağı, Ağstafa stansiya və dayanacaqlarında, Bakı–Ağstafa–Bakı, Bakı–Qəbələ–Bakı və Bakı–Balakən–Bakı marşrutları ilə hərəkət edən qatarlarda pulsuz “Wi-Fi” xidməti aktiv edilib.

İnfrastruktur müasir tələblərə uyğun yenilənir

Prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında ötən 20 il ərzində Azərbaycan dəmir yollarında irimiqyaslı tikinti və yenidənqurma layihələri icra edilib. Görülən işlər nəticəsində yük və sərnişin daşınması üzrə xidmət keyfiyyəti yüksəlib, ölkənin tranzit imkanları genişlənib:

- 2015–2017-ci illərdə magistral dəmir yolu xətlərinin 200 kilometrlik hissəsi əsaslı təmir olunub;
- 2017-ci ildə 8,3 kilometrlik Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu xətti və Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi tamamlanıb;
- 2021-ci ildə Qəbələ Dəmiryol Vağzalını Ləki stansiyası ilə birləşdirən 43 kilometrlik birxətli Ləki–Qəbələ dəmir yolu xəttinin açılışı baş tutub;
- Zirə limanı ilk dəfə dəmir yolu şəbəkəsinə qoşulub;
- 2023-cü ildə Biləcəri çeşidləmə parkının yolları 1960-cı illərdən sonra ilk dəfə bərpa edilməyə başlanıb;

- 2022–2023-cü illərdə Yeni Biləcəri və Yeni Gəncə lokomotiv depolarının tikintisi tamamlanıb;
- 2023-cü ildə Kür çayı üzərində ikinci yeni dəmir yolu körpüsü tikilib, Araz və Kür çayları üzərində dəmir yolu körpüləri əsaslı təmir edilib.

Qarabağ və Şərqi Zəngəzura dəmir yolları ilə “Böyük Qayıdış”

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər nəticəsində azad edilmiş torpaqlarda başladılan genişmiqyaslı bərpa və quruculuq işləri dəmir yollarını da əhatə edir. ADY bu ərazilərdə işçi qatarlarını cəlb edərək bərpa layihələrinin icrasında yaxından iştirak etməklə yanaşı, öz infrastrukturunu da bərpa edir.

Bu istiqamətdə:

- 2021-ci ildə Prezident İlham Əliyev Horadiz–Ağbənd dəmir yolu xəttinin təməlini qoyub. Bir qədər sonra dəmiryol xəttinin layihələndirilməsi və tikintisinə başlanılıb;
- Hazırda Horadiz–Ağbənd dəmir yolu xəttinin tikinti işlərinin 60 faizi yekunlaşıb;

- 2021-ci ildə həm də Bərdə–Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisinə başlanılıb;
- Bu xətt üzrə layihələndirmə işlərinin 95, tikintinin isə 94 faizi tamamlanıb;
- Birinci mərhələ üzrə Bərdə stansiyası, Köçərli stansiyası, Təzəkənd stansiyası və xidməti binaların tikintisi başa çatdırılıb;
- İkinci mərhələ üzrə Ağdam dəmiryol və avtovağzal kompleksində isə tikinti işləri davam edir;
- Həmçinin Ağdam–Xankəndi yolunun bərpası üçün layihələndirmə işlərinə başlanılıb.

Rəqəmsallaşan dəmir yolları

ADY dəyərlər zəncirinin əsas halqalarından biri olan rəqəmsallaşma sahəsində bir sıra uğurlara imza atıb. Rəqəmsal yeniliklər ADY-nin strategiyasına uyğun olaraq həyata keçirilir və əməliyyat səmərəliliyinin, ölkə ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə tranzit həcmlərinin artırılmasına xidmət edir. Belə ki, biznes proseslərin hazırlanması, mərkəzi hesabatlılıq sisteminin qurulması, insan kapitalının optimallaşdırılması, müştəri xidmətlərinin rəqəmsallaşdırılması və s. istiqamətlərdə rəqəmsallaşma paralel olaraq şirkətdaxili prosedurlarda, yükdaşıma və sərnişindaşıma sahələrində də həyata keçirilir.

Son illər ADY-də:

- Güclü İKT komandası formalaşdırılıb, təcrübəli xarici Baş rəqəmsallaşma inzibatçısı (Chief Digital Officer) cəlb edilib;
- Nüfuzlu konsaltinq şirkətindən dəvət edilmiş mütəxəssislərlə birlikdə İKT üzrə inkişaf strategiyası hazırlanıb;
- Azərbaycanda və xaricdəki tərəfdaşlarla rəqəmsal elektron imza və kriptoqrafik vasitələrdən istifadə etməklə logistika dəhlizlərinin avtomatlaşdırılması istiqamətində işə başlanılıb;
- 2023-cü ildə istifadəyə verilmiş “ADY Mobile” mobil tətbiqindən istifadə edənlərin sayı artaraq yüklənmə sayı 180 mini ötüb.

ADY son illər beynəlxalq dəhlizlər üzrə dəmiryol nəqliyyatı infrastrukturunun rəqəmsallaşdırılması istiqamətində fəaliyyətini artırıb, onlayn tarif kalkulyatoru və “ADY Smart” platforması ilə yük sahibləri üçün səmərəli, sürətli və “bir pəncərə” sisteminə əsaslanan xidmətlər paketi təqdim edib.

Mühüm nailiyyətlərdən biri beynəlxalq daşımaları sürətləndirən vahid CIM/SMGS elektron yük qaiməsinin tətbiqidir. Bu həll bir neçə sənədi bir formatla əvəz etməyə imkan verir, gömrük prosedurlarını sürətləndirir və sərhədi keçərkən ortaya çıxa biləcək riskləri azaldır.

Kassalarda növbələrin aradan qaldırılması və kağız istifadəsi nəticəsində ətraf mühitə dəyən zərərin qarşısının alınması məqsədilə Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlarda kağız biletlərin istifadəsi dayandırılıb. İndi sərnişinlər heç bir fiziki təmas olmadan NFC-ni dəstəkləyən bank və ya ADY-yə məxsus gediş kartları ilə rahat şəkildə səfərlərini həyata keçirə bilirlər. Həmçinin ölkədaxili sərnişin qatarlarına minik zamanı sərnişinlər “My.gov.az” portalından QR kod vasitəsilə elektron vəsiqəni təqdim etməklə səfərə çıxa bilirlər.

Son olaraq ADY-nin rəqəmsallaşma səyləri bu ilin oktyabr ayında Asiya İnkişaf Bankı tərəfindən maliyyə dəstəyi alıb. Bank Azərbaycanda dəmiryol sisteminin rəqəmsallaşdırılmasına, ölkənin dəmiryol şəbəkələrinin təhlükəsizliyinin, etibarlılığının və səmərəliliyinin artırılmasına dəstək məqsədilə 47 milyon dollarlıq krediti təsdiqləyib.

Ətraf mühit, sosial və korporativ idarəetmə öhdəliyi

2023-cü ildə BMT-nin Qlobal Sazişinə üzv olmaqla ADY ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) sahələrini əhatə edən fəaliyyət proqramını daha da təkmilləşdirib. Ölkəmizin sosial-iqtisadi inkişafı üçün milli prioritetlər arasında yer alan dayanıqlı inkişaf gündəliyi dəmir yollarının inkişafına yön verən əsas amillərdən biridir.

ESG tədbirləri çərçivəsində ADY sərnişindaşımada ətraf mühitə tullantıları azaltmaq üçün elektrik qatarlarından istifadə edir. Ekoloji cəhətdən təmiz və insan sağlamlığı üçün faydalı nəqliyyat növü olan velosipedin istifadəsini təşviq etmək məqsədilə dəmiryol stansiyalarında velosiped dayanacaqları təşkil edilib. “Yaşıl enerji”ni təşviq etmək və karbon qazı tullantılarını azaltmaq məqsədilə Yeni Biləcəri və Yeni Gəncə lokomotiv depolarının yenilənməsi zamanı binaların enerji təminatı üçün dam örtüyündə 650-dən çox günəş paneli quraşdırılıb.

Ötən il ilk dəfə olaraq “Azərbaycan Dəmir Yolları” QSC-nin ətraf mühit, sosial və idarəçilik sahəsində dayanıqlı nailiyyətlərinə dair hesabatı təqdim edilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş uğurlar gələcək inkişaf üçün böyük perspektivlər açır. ADY strateji məqsədlərini əhatə edən 2030-cü il Strategiya sənədinə əsasən, əməliyyatların səmərəliliyi, kommersiya imkanlarının artırılması, rəqəmsallaşma və təhlükəsizlik kimi məsələlərin həlli istiqamətində işini qarşıdakı illərdə də davam etdirəcək.

AzərbaycanAzərbaycanAzərbaycanAzərbaycanAzərbaycanAzərbaycanAzərbaycanAzərbaycan
Seçilən
2
5
fed.az

7Mənbələr