Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs Nəzakət Məmmədxanova və Cinayət Məcəlləsinin 32.5, 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən digər şəxs Samirə Əliyevanın məhkəmə prosesinin növbəti baxış iclası keçirilib.
İlk olaraq Nəzakət Məmmədxanovanın vəkili Təranə Əliyeva vəsatət verərək müvəkkilinin 2 əmlakı ilə bağlı məsələni müzakirə etməyi xahiş edir. Həmçinin bildirib ki, məhkəmə istintaqı təzələnsin.
Dövlət ittihamçısı Vüsal Mehrəliyev əmlakların qiymətlərinə münasibət bildirib və qeyd edib ki, əmlakların inventar dəyərləri 123 min və 24 min manatdır.
Zərərçəkmiş şəxsin nümayəndəsi məhkəmə istintaqının təzələnməsi ilə vəsatətin qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxıb.
Sonra vəkil Təranə Əliyevanın internet resurslarında adıçəkilən ünvanlarda olan əmlakların qiymətləri ilə bağlı sənədlər təqdim edib və bildirib ki, istintaq orqanı əmlakları ucuz dəyərləndirib.
Təqsirləndirilən şəxs Nəzakət Məmmədxanova Goradil qəsəbəsi və Hil kəndində olan əmlakları cinayəti törətməmişdən qabaq aldığını və həyat yoldaşının həbs qoyulan əmlaklarının satılıb dövlət nəfinə keçirilməsinə etiraz etmədiyini bildirib.
Dövlət ittihamçısı təqsirləndirilən şəxsin vəkilinin hazırda əmlaklarla bağlı əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatətin təmin olunmamasını istədi.
Samirə Əliyevanın vəkili Nicat İmanzadə notarius vasitəsilə əmlaklara yenidən qiymətləndirmə keçirilməsini təklif etdi.
Hakimlər müşavirədən qayıtdıqdan sonra təqsirləndirilən şəxsin vəkili Təranə Əliyevanın vəsatətinə münasibət bildirərək qəbul olunmamasını elan etdi.
Hakim məhkəmə istintaqının yekunlaşması ilə bağlı tərəflərin fikirlərini öyrəndi. Dövlət ittihamçısı 308-ci maddəyə münasibətlə bağlı çıxış üçün məhkəmədən vaxt istədi.
Məhkəmə prosesi 7 fevral tarixinə kimi təxirə salındı.
Xatırladaq ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla müəyyən edilib ki, “Premium Bank” ASC-də filial müdiri işləyən Məmmədxanova Nəzakət Şərəf qızı 2024-cü ilin may ayının 8-dən 23-ü tarixinə kimi işlədiyi 5 saylı filialın 461 min 170 manat pulunu qulluq mövqeyindən istifadə edərək mənimsəyib. Bu işdə ona həmin filialın baş xəzinədarı işləyən Əliyeva Samirə Novruz qızı kömək edib.
©unikal.az