Ermənistan parlamenti fevralın 11-14-də keçiriləcək növbəti sessiyasında Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsinə baxacaq.
News24.az xəbər verir ki, bu barədə TASS-a parlament spikerinin mətbuat katibi Movses Arutyunyan məlumat verib.
Məlumata görə, bu gün Ermənistan parlamentinin müvafiq komitəsi qanun layihəsinə baxaraq qanunverici orqanın əsas gündəliyinə daxil edəcək.
Yanvarın 9-da Ermənistan hökuməti Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qətnamə layihəsini təsdiqləyib və o, indi parlamentin müzakirəsinə çıxarılacaq. Ermənistanın baş naziri Nikol Paşinyan qeyd edib ki, bu, İrəvanın bu təşkilata avtomatik üzv olması demək deyil, çünki bu məsələ referendum tələb edir.
Rusiya baş nazirinin müavini Aleksey Overçuk isə bildirib ki, Rusiya Ermənistanda Avropa İttifaqına daxil olmaq haqqında qanun layihəsinin müzakirəsini ölkənin Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmasının başlanğıcı kimi qiymətləndirir. Onun sözlərinə görə, Aİ-yə daxil olmaq ölkənin Avrasiya İqtisadi İttifaqına üzvlüyü ilə bir araya sığmır.
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan İrəvanın Aİİ-dən çıxmaq niyyətində olmadığını iddia edib. Onun sözlərinə görə, Ermənistan Aİİ ilə münasibətlərin səviyyəsini saxlamalı, inkişaf etdirməli və yaxşılaşdırmalı, eləcə də digər strukturlarla əlaqələr qurmalıdır.
Aynurə