Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, o, anti-Rusiya sanksiyalarının uzadılmasına yalnız Kiyevin onun şərtlərini yerinə yetirdiyi təqdirdə razılaşacaq.
“AzPolitika” xəbər verir ki, yerli İctimai radioya danışan Orban Kiyev qarşısında üç şərt irəli sürüb. Macarıstanın Baş naziri deyib ki, Ukrayna hakimiyyəti Rusiyaya qarşı sanksiyalar da daxil olmaqla, yardım almaq istəyirsə, onun şərtlərini yerinə yetirməlidir. Əks təqdirdə, Macarıstan Avropa İttifaqının bu məslələrlə bağlı qərarlarına veto qoyacaq.
Orabanın şərtləri aşağıdakılardır:Birincisi, Rusiyadan Ukrayna ərazisi ilə qaz tranzitini bərpa etmək, ikincisi, “Türk axını” qaz kəmərinə hücumları dayandırmaq və üçüncüsü, Rusiya neftinin Ukrayna ərazisindən Avropaya nəqlinə qadağa qoymamaq. Orban qeyd edib ki, bu şərtlər yerinə yetirilmədən sanksiyalar uzadılmayacaq.
2022-ci ildən Avropa İttifaqı Rusiyaya qarşı 15 sanksiya paketini təsdiqləyib və 16-cı tədbirlər paketi üzərində işləyir. Aİ mövcud sanksiyaları hər altı aydan bir yeniləyir. Bununla bağlı növbəti səsvermə cəmi bir həftə sonra - yanvarın 31-də keçiriləcək. Bununla belə, birliyə üzv olan 27 ölkənin hamısının yekdil qərarı tələb olunur. İndi Macarıstanın mövqeyinə görə sanksiyaların uzadılması baş tutmaya bilər.
Üstəlik, başqa bir Avropa lideri, Slovakiyanın baş naziri Robert Fitso da sanksiyaların tamamilə aradan qaldırılması olmasa da, heç olmasa onların məhdudlaşdırılmasının tərəfdarıdır. O, xüsusilə, Slovakiyanın Aİ-nin Rusiyanın nüvə enerji sektoruna qarşı mümkün sanksiyalarını bloklayacağı ilə bağlı xəbərdarlıq edib.
Orbanın sözlərinə görə, Rusiyaya qarşı sanksiyalar bütün Avropaya ziyan vurur. O iddia edir ki, təkcə Macarıstan bundan təxminən 18,3 milyard avro itirib. Yanvarın əvvəlində Macarıstanın Baş naziri Rusiyaya qarşı sanksiyaları ümumiyyətlə, ləğv etməyə çağırmışdı.
“AzPolitika.info”