Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistana səfər edib.
UNEC-dən AzEdu.az-a bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti Daşkənd Beynəlxalq Universitetində (DBU) olub.
Rektor Ədalət Muradov və DBU-nun icraçı direktoru İskandar Yuldaşevin görüşü zamanı hər iki universitet arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq perspektivləri və ortaq layihələrin həyata keçirilməsi müzakirə olunub.
Görüşün nəticəsi olaraq, bir neçə əsas istiqamət üzrə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı razılıq əldə edilib və tərəflər arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.