Bu gün Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi, nazirin köməkçisi Müctəba Dəmirçilu ilə görüşüb.
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.
İran XİN rəsmisi iki ölkə arasında ikitərəfli münasibətlərdə müsbət irəliləyişlərə işarə edib, sazişlərin həyata keçirilməsi və iki ölkə arasında münasibətlərin qorunması üçün hər iki tərəfin səy göstərməsinin vacibliyini vurğulayıb.
Eyni zamanda, M.Dəmirçilu iki ölkənin yüksək vəzifəli şəxslərinin qarşılıqlı faydaya əsaslanan münasibətləri inkişaf etdirmək səylərini yüksək qiymətləndirib.
Bundan başqa, Azərbaycan Respublikasında bəzi dairələrin və ya şəxslərin mənfi hərəkətlərini, o cümlədən Azərbaycan Respublikasında təhsil alan bir sıra iranlı tələbələrlə bağlı son əxlaqsız hərəkətləri tənqid edib.
Nazir köməkçisi, həmçinin hər iki ölkədə din xadimlərinin ləyaqətini və yüksək statusunu vurğulayaraq, hər hansı hörmətsizlik və təfriqedici hərəkətlərə qarşı sayıqlıq və qətiyyətli addımların atılmasının vacibliyini vurğulayıb.
Azərbaycan Respublikasının səfiri bəzi xoşagəlməz bəyanat və hərəkətlərdən təəssüfləndiyini bildirib və məsələni ölkəsinin səlahiyyətli orqanlarına çatdıracağına söz verib.
Görüş zamanı tərəflər ikitərəfli münasibətlərin artan tendensiyasını, xüsusilə yüksək səviyyəli nümayəndə heyətlərinin mübadiləsini və 3 illik fasilədən sonra Birgə İqtisadi Komissiyanın iclasının keçirilməsini müsbət qiymətləndirib və əməkdaşlığın asanlaşdırılması üçün koordinasiyanın gücləndirilməsi yollarını müzakirə edilib.
Telegram kanalımız