İran prezidenti Məsud Pezeşkian ölkənin cənubunda ərəblərin sıx məskunlaşdığı Xuzistan vilayətinə səfər edib. Əhvaz şəhərində məktəbin təməlqoyma mərasimində iştirak edən prezident fəhlələrə də yardım göstərib. Təhsil sistemdəki problemlərə diqqət çəkən Pezeşkian çıxışında türk atalar sözündən misal çəkib.
KONKRET.az xəbər verir ki, Pezeşkian ölkənin problemlərinin həlli üçün gələcək nəslin savadlı və yaxşı yetişdirilməsinin vacibliyini vurğulayıb.
“Türk dilində belə bir deyim var. Oğulun ağlı olsa, atanın mal-mülkünü neyləyir. Övlad şüursuz olsa, ata sərvətini nə edər? Əgər uşaq ağıllıdırsa, istədoyini özü qazanar, əgər axmaqdırsa, əlində olanı da itirər. Biz uşaqlarımıza, gələcək nəsillərimizə ağıll və bilikli olmağı öyrətməliyik”, – Pezeşkian vurğulayıb.
Çıxışını davam etdirən İran Prezidenti başqa bir Türk ata sözündən sitat gətirib:
“El gücü, sel gücü” deyirik. Biz həmrəy olduğumuz zaman selin qarşısını ala bilərik və u zaman yolumuzda heç bir maneə dayana bilməz”.
Müşviq Tofiqoğlu
KONKRET.az