“Şimali Koreya Rusiyaya çoxsaylı itki və əsirlərdən sonra yeni tədbirlər görməyə və əlavə hərbçi göndərməyə hazırlaşır”.
“AzPolitika” xəbər verir ki, bu barədə Cənubi Koreya Birləşmiş Qərargahı məlumat yayıb.
Cənubi Koreya və ABŞ-dan verilən əvvəlki açıqlamalarda Şimali Koreyanın Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya təxminən 11 min əsgər göndərdiyi bildirilirdi. Cənubi Koreya Kəşfiyyat Xidməti ən azı 300 Şimali Koreya əsgərinin Ukrayna tərəfindən öldürüldüyünü, 2700 Şimali Koreya əsgərinin isə yaralandığını açıqlayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski isə bu yaxınlarda iki Şimali Koreya əsgərinin əsir götürüldüyünü və yaralandığını açıqlayıb. Zelenski Şimali Koreya lideri Kim Çen Inın Rusiyada saxlanılan ukraynalı əsgərlərin mübadiləsini təşkil edəcəyi təqdirdə Şimali Koreya əsgərlərini ölkələrinə qaytarmağa hazır olduqlarını bildirib.
“AzPolitika.info”