AZ

“Planetimizin “ağciyərlərini” necə qoruyaq”- “Dendrologiya bağı”nda seminar - FOTOLAR

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsdə “Meşə yanğınları ekoloji böhrana yol açır:planetimizin “ağciyərlərin necə qoruyaq” adlı seminar keçirilib. 

Seminarda çıxış edən “Dendrologiya bağı” PHŞ-nin aparıcı mütəxəssisi Elman Cəfərli son vaxtlar meşə yanğınlarının dünyada ciddi narahatlığa yol açdığını bildirib.

“1825-ci ildə Kanadanın Nyu-Brunsvik əyalətində baş verən və 1 milyon 2 yüz min hektar ərazini tamamilə məhv edən yanğın hələ ki dünyanın ən böyük meşə yanğınıdır. Yaxın keçmişə baxdıqda dünyada son 10 ildə çox böyük yanğınların baş verdiyini görürük. 2007-ci ildə Yunanıstanda 271.350 hektar, 2009-cu ildə Avstraliyada 450.000 hektar, 2010-cu ildə Rusiyada 500.000, Boliviyada 25.000 hektar yanaraq, külə dönüb.

Hər il dünyada baş verən meşə yanğınları insan tələfatı, minlərlə hektar meşə sahəsinin, yaşıllığın məhvi ilə nəticələnir. Uzun illər ərzində qorunub saxlanmış meşələr, nadir ağaclar bir anda məhv olur”-deyə, o, bildirib. 

E.Cəfərli  qeyd edib ki, meşə yanğınlarının 90 faizi antropogen amillərlə bağlıdır: “Yaxınlıqda əkin sahələri olan əkinçilər sahələr biçildikdən sonra, guya, torpağın canlanması üçün biçilmiş əraziləri yandırırlar. Bəzən meşələrə piknik üçün gedənlər şüşə qırıntılarını da elə meşədə buraxırlar. İsti havalarda günəş şüaları şüşə qırıntıları üzərində əks olunur və bu zaman yaranan qığılcım yanğına səbəb ola bilər.

Meşələrdə tonqal qalayıb, piknik etmək, ov etmək, ot çalmaq və s. bu kimi ehtiyatsızlıq yanğına gətirib çıxara bilir”. 

“Ekologiya və İqlimləşdirmə laboratoriyası”nın müdiri Leyla Atayeva çıxışında bildirib ki, meşə yanğınları ekosistemə ciddi ziyan vurur: “Yanğın nəticəsində meşənin bir sıra xüsusiyyətləri itir, fauna məhv olur, yaşayış məntəqələri ziyan çəkir. Bəzi hallarda isə meşə yanğınları insan itkisi ilə nəticələnir, kənd təsərrüfatı heyvanları üçün ciddi təhlükə yaranır. Meşə yanğınları zamanı canlı və ölü örtük, töküntü, yarpaq, budaqlar, meşə döşənəyi yanır”. 

L.Atayeva bildirib ki, meşə yanğınlarında qlobal iqlim dəyişikliyinin fəsadları da rol oynayır:

“İqlim dəyişikliyi birbaşa meşə yanğınlarının başlanması və ya meşə ərazilərində yanacağın alışması üçün uyğun zəmin yaratmaqla məruz qalma riskini artırır. Meşə yanğınları və iqlim dəyişikliyi arasındakı əlaqə yanacağın mövcudluğu, alovlanma və genişlənmə mərhələlərində ayrıca qiymətləndirilir. 

Ümumiyyətlə, meşə yanğınları ilə birbaşa əlaqəli olan iqlim dəyişikliyi parametrləri quraqlıq, temperatur, yağıntı, nisbi rütubət və külək kimi təsnif edilir. Yanğın üçün əlverişli hava şəraitinin formalaşmasını və onun uzun müddət davam etməsini və ya baş vermə tezliyini iqlim dəyişikliyi ilə izah etmək olar”. 

L.Atayeva hesab edir ki, temperaturun yüksəlməsi bitki örtüyünün qurumasına və yanğın riskinin artmasına səbəb ola bilər: “Daha isti hava bitkilərin daha asan alışmasına və alovun daha sürətli yayılmasına səbəb olur. İqlim dəyişikliyi ilə yaşanan temperatur artımı yanğın təhlükəsini daha da artıra bilər, çünki yüksək temperatur şəraitində qığılcım istənilən vaxt böyük təhlükəyə çevrilə bilər”. 

“Dendroxronologiya” laboratoriyasının böyük mütəxəssisi Hökümə Mehrəliyeva “Meşə yanğınlarına qarşı ehtiyat tədbirləri” mövzusunda çıxış edib. 

Onun sözlərinə görə, yanğınsöndürmə zolaqları meşə yanğınlarının yayılmasının qarşısını almaq üçün meşə daxilində yaradılmış boş sahələrdir. 

“Bu zolaqlar yanğının təbii maneə ilə qarşılaşmasını təmin edərək yanğına nəzarəti asanlaşdırır. Müntəzəm fasilələrlə yaradılan bu zolaqlar yüksək yanğın riski olan dövrlərdə xüsusilə təsirli ola bilər”-deyə, o, bildirib.

Mütəxəssis hesab edir ki, meşə yanğınlarının qarşısını almağın ən təsirli yollarından biri də bu məsələ ilə bağlı əhalinin maarifləndirilməsidir: 

Qeyd olunub ki, “Dendrologiya bağı” PHŞ-də aktual mövzulara uyğun bu cür seminarlar və ictimai müzakirələr mütəmadi keçiriləcək. 

"Cebheinfo.az"

Seçilən
3
9
cebheinfo.az

10Mənbələr