Bu gün Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib.
AzPost bildirir ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilən Kollegiya iclasında Azərbaycan Respublikası Milli Məclisinin komitə sədri Sadiq Qurbanov, Milli Məclisin üzvləri Tahir Mirkişili, Vüqar Rəhimzadə, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov və nazirliyin digər məsul şəxsləri iştirak ediblər.
İclasda “Təhlükəsiz tullantıların idarə olunmasının səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsinin auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə edilib.
Qeyd olunub ki, audit Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və tabeliyində fəaliyyət göstərən qurumların, eləcə də “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin və Bakı şəhər İcra Hakimiyyətinin, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax və Şirvan şəhər icra hakimiyyətlərinin, eyni zamanda, Abşeron, Ağcabədi, Bərdə və Beyləqan rayon icra hakimiyyətlərinin strukturunda olan müvafiq tabeli qurumlarının aidiyyəti (auditin predmetinə aid olan) fəaliyyəti əhatə olunmaqla aparılmışdır.
Bildirilib ki, abonent bazasının tam yaradılmaması, xidmət haqları üzrə böyük potensialın reallaşdırılmaması, əhali istehlakçı qrupu üzrə rəsmiləşən dövriyyələrdə nağd əməliyyatlara üstünlük verilməsi, regional poliqonlarda bəzi hallarda sanitar-epidemioloji və ekoloji normaların gözlənilməməsi, sahə üzrə mütərəqqi üsulların genişləndirilməməsi, tarifləşmənin iqtisadi əsaslarının texnoloji tərəflərlə uzlaşmaması, strateji və əməliyyat planlaşdırılmasının əhəmiyyətli indikatorlar üzrə institusional quruluşdakı strukturları tam əhatə etməməsi, mövcud hədəflərə isə tam nail olunmaması, maliyyə hesabatlılığına və dövlət satınalmaları prosedurlarına dair şəffaflığı səciyyələndirən meyarlara tam əməl edilməməsi, statistik hesabatlılıqda uyğunsuzluqlara yol verilməsi, icazə verilməyən ünvanlarda yaranmış tullantı sahələrinin aradan qaldırılmasına nail olunmaması, dövlət büdcəsinin vəsaitlərindən asılılığın tədricən aradan qaldırılmaması və s. təhlükəsiz tullantıların idarə olunması prosesi üzrə fəaliyyətin səmərəli və nəticəli təşkil edilmədiyini göstərmişdir.