Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 24-də Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçını Azərbaycandakı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib...
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, görüşdə qardaş ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb.
Spiker Sahibə Qafarova Boluda baş verən faciəvi yanğınla bağlı qardaş Türkiyə xalqına bir daha başsağlığı verib. Söhbət zamanı Cahit Bağçının ölkəmizdə diplomatik fəaliyyəti dövründə qardaş ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsi istiqamətində səmərəli fəaliyyət göstərdiyi qeyd edilib.
Görüşdə ölkələrimiz arasında müttəfiqliyin rəsmi ifadəsi olan Şuşa Bəyannaməsi ilə əlaqələrimizin yeni mərhələyə qədəm qoyduğu diqqətə çatdırılıb. Əlaqələrimizin daha da genişlənməsi və dərinləşməsi istiqamətdində parlamentlərimizin də rolu qeyd edilib. Qanunverici orqanlarımızın və deputatlarımızın bütün platformalarda bir-birini dəstəklədiyi, beynəlxalq təşkilatlarda ortaq mövqedən çıxış etdikləri ifadə olunub.
Cahit Bağçı bundan sonra da Azərbaycan-Türkiyə qardaşlığı və müttəfiqliyi üçün əlindən gələn töhfəni verməyə hazır olduğunu bildirib.
Poliqon.info