AZ

"Belə oyunla məğlub olanda adam ikiqat üzülür" - Ayxan Abbasov

"Şamaxı" Misli premyer-liqasının evdə keçirilən 20-ci tur matçında "Zirə"yə uduzdu - 1:2.

"Football-plus.az" xəbər verir ki, "şirlər"in baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Belə oyunla məğlub olanda adam ikiqat üzülür. Futbolçularım oyun tərzi baxımından yaxşı performans göstərdi. Birinci hissənin son saniyəsində diqqətsizlik üzündən qol buraxdıq. Nəticədə rəqib paltardəyişmə otağına psixoloji cəhətdən üstün yollandı. "Zirə" kimi komandaya qarşı qol epizodlarını boşa vermək üzücüdü. Bu kollektiv kompakt oyun göstərir və sürətlə hücuma çıxır. İkinci qolu da bu üzdən buraxdıq. Hər halda, çempionat davam edir. Fərdi səhvləri azaltmalıyıq ki, nəticələr yaxşılaşsın. Çox çalışmalıyıq. İnanıram ki, daha yaxşısını edə bilərik.

- Sizcə, oyunun ədalətli nəticəsi nə idi?
- Məncə, heç-heçə...

- Arsen sonuncu dəqiqədə qol vurmaq fürsətini əldən verdi. Həmin anda nə hiss etdiz?
- Ondan əvvəl Pusi çox əlverişli fürsətdən yararlana bilmədi. Belə olanda futbolçularımın əziyyətinə heyifim gəlir. Oyun tərzimizə əsasən deyə bilərəm ki, daha yaxşısını edəcəyik.

- Hücumdakı səhvlər öz yerində. Müdafiə xəttində də fərdi səhvlər çoxdu. Bu yöndə hansı addımı atmağı düşünürsüz?
- Haqlısız. Həm "Qarabağ"la, həm də bugünkü matçda fərdi səhvlər üzündən uduzduq. Bu problemə çarə tapmalıyıq. Lazım olsa, dəyişikliklər edəcəyik.

- "Şamaxı" yaxşı oynayır, amma nəticə yoxdu...
- Bəli, bilirik ki, yaxşı oyun xal qazandırmır. Bu haqda futbolçularımızla da söhbət edirik. Hər halda, məqsədimiz bəllidi. Oyunumuz ümid verir.

- Qış "transfer pəncərəsi" çərçivəsində ən çox transfer edən klub "Şamaxı"dı. Bu yöndə işlər sona çatıb?
- Bu qədər futbolçu almağımızın səbəbi ayrılıqların çoxluğudu. Maliyyə durumumuz dəyişməyib. Böyük ehtimalla, daha bir futbolçu transfer edəcəyik.

- Premyer-liqada komanda sayının 12 və ya 14-ə yüksələcəyi, legioner limitinin ləğv olunacağıyla bağlı söz-söhbətlər var. Sizcə, bu addım ölkə futboluna fayda verərmi?
- Komanda sayının daha çox olmasının tərəfdarıyam. Bunu həmişə demişəm. Çünki 4 dövrə oynamaq çətindi. Komanda sayı artsa, yerli futbolçulara da şans veriləcək. Gənc oyunçular üzə çıxacaq. Onsuz da bütün komandalar legioner gətirməyəcək, hamı avrokuboklar üçün oynamayacaq. Əsasən, şərait baxımından inkişaf etməliyik. Premyer-liqa oyunları yaxşı, təbii ot örtüklü, azı keyfiyyətli süni qazonların üzərində keçirilməlidi. Stadionlarda işıqlandırma olmalıdı.

KƏNAN BAHADIR

Seçilən
18
2
football-plus.az

9Mənbələr