2019-cu ildə Bakıda qaçaqmalçılıq və dələduzluqda ittihamları ilə 11 il həbsə məhkum edilən cinayətkar qruplaşmanın rəhbəri, Qazaxıstan vətəndaşı Rinat Qabitov öz ölkəsinə ekstradisiya edilib.
“Qafqazinfo” xəbər verir ki, hələ ötən ilin aprel ayında Baş Prokurorluq məsələ ilə bağlı məlumat yayaraq Qazaxıstan Baş Prokurorluğunun vəsatəti əsasında Azərbaycan ərazisində cəza çəkən həmin ölkənin vətəndaşı Qabitov Rinat Tursuntayeviçin üç ay müddətinə Qazaxıstana verilməsi haqqında qərarını açıqlamışdı. Bildirilmişdi ki, Rinat Qabitov aprelin 10-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Qazaxıstanın səlahiyyətli orqanlarının əməkdaşlarına təhvil verilib.
Ötən il dekabrın 31-də Qazaxıstanın Aktau şəhərində keçirilən məhkəmə prosesində Azərbaycan Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək) maddələri ilə hökm oxunan Rinat Qabitov yenidən hakim qarşısına çıxarılıb.
Hakim Aynur Kızılbayevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində Rinat Qabitov 2016 və 2018-ci illərdə törətdiyi ağır cinayətlərə görə Qazaxıstan Cinayət Məcəlləsinin 8 maddəsi ilə təqsirli bilinib. R.Qabitov Qazaxıstan Cinayət Məcəlləsinin 262-ci maddəsi ilə 10 il, 234-cü maddəsi ilə 5 il, 236-cı maddəsi ilə 2 il, 3-234-cü maddəsi ilə 3 il azadlıqdan məhrum edilib. Qərara əsasən, onun cəzasının 31 dekabr 2024-cü il tarixindən hesablanması nəzərdə tutulub.
Xatırladaq ki, Qazaxıstan vətəndaşı Rinat Qabitov Qazaxıstan Respublikasının digər vətəndaşları ilə qabaqcadan əlbir olaraq bu ölkənin gömrük orqanında vəzifəli şəxs kimi fəaliyyət göstərən şəxslərlə birlikdə 1.170.000 ABŞ dolları dəyərində tekstil mallarını qaçaqmalçılıq yolu ilə keçiriblər. Onlar sənədləri saxtalaşdıraraq gömrük orqanlarındakı eyniləşdirmə kağızlarını dəyişiblər. Bundan başqa, dəstə üzvləri İran və Türkiyəyə də gömrük nəzarətindən kənar külli miqdarda tekstil malı keçiriblər.