Bakı, 24 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanın paytaxtı Daşkəndə rəsmi səfəri çərçivəsində bir sıra mühüm görüşlər keçirib və əməkdaşlıq sahələrində yeni perspektivlərə imza atıb. Səfər zamanı UNEC ilə Özbəkistanın aparıcı elm və təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində müqavilələr imzalanıb.
Bu barədə AZƏRTAC-a UNEC-dən bildirilib. UNEC nümayəndə heyəti Daşkənd Beynəlxalq Universitetində (DBU) olub. Görüşün nəticəsi olaraq, tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.
Daha sonra UNEC nümayəndə heyətinin Özbəkistanın Bank-Maliyyə Akademiyasında (BMA) görüşü keçirilib. BMA-nın rektoru professor Elmurod Hoshimov ilə təşkil olunan görüşdə ali təhsil sahəsindəki qlobal çağırışlar və rəqəmsal transformasiya barədə müzakirələr aparılıb. Müzakirələrin sonunda UNEC və BMA arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə memorandum imzalanıb.
Növbəti görüş isə 50 minə yaxın tələbə heyəti ilə Özbəkistanın ən nüfuzlu və perspektivli ali təhsil ocaqlarından biri olan Daşkənd Dövlət İqtisad Universitetinə (DDİU) olub. UNEC-in rektoru Ədalət Muradov və DDİU-nun rektoru professor Tulkin Teşabayev arasında əməkdaşlıq sahələri müzakirə olunub və memorandum imzalanıb. Memoranduma əsasən, UNEC və DDİU arasında MBA proqramları üzrə ikili diplom proqramının həyata keçirilməsi qərara alınıb.
UNEC ilə Özbəkistanın Dayanıqlı İnkişaf Mərkəzi arasında da önəmli əməkdaşlıq əlaqələri qurulub. Belə ki, Özbəkistan Dayanıqlı İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Marifcan Usmanovun iştirakı ilə keçirilən görüşdə UNEC-in Nizami Gəncəvi adına Davamlı İnkişaf və Yaşıl İqtisadiyyat Tədqiqat Mərkəzi ilə əməkdaşlıq memorandumu imzalanıb.
Memorandumda Azərbaycan və Özbəkistanla yanaşı, Türk Dövlətləri Təşkilatına üzv olan digər ölkələrdə qlobal və milli inkişaf məqsədlərinin tətbiqi vəziyyətinin öyrənilməsi məqsədilə birgə elmi layihələrin hazırlanması, beynəlxalq konfransların keçirilməsi, təcrübə mübadiləsi, müştərək elmi məqalə və jurnalların nəşri nəzərdə tutulub.
UNEC-in növbəti əməkdaşlığı Özbəkistan Milli Universiteti (ÖMU) ilə baş tutub. Belə ki, ÖMU-nun rektoru professor İnom Məcidov ilə UNEC nümayəndələri arasında əməkdaşlıq istiqamətlərində geniş müzakirələr aparılıb. Görüşdə təhsil sektorunun müasir çağırışları, bu sahədəki uğurlu yanaşmalar, həmçinin təhsil və elmin rəqəmsallaşması, müasir təhsil texnologiyalarının tətbiqi və beynəlxalq əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Müzakirələrin yekunu olaraq, UNEC və ÖMU arasında elm və təhsil sahəsində yeni imkanların yaradılmasını və gələcəkdə daha sıx əməkdaşlıq imkanlarını özündə ehtiva edən əməkdaşlıq memorandumu imzalanıb. Memorandumda hər iki universitet arasında ikili diplom proqramının həyata keçirilməsi nəzərdə tutulub.