Fevralın 1-də Heydər Əliyev sarayında Azərbaycan musiqisinin parlaq simalarından olan əməkdar artist Aqşin Abdullayevin solo-konsert proqramı baş tutacaq. Klassik və müasir musiqinin harmoniyasını özündə birləşdirən “Əbədi Sevgi” adlı konsert proqramında tamaşaçılar A. Abdullayevin ən məşhur əsərlərini canlı dinləmə imkanı qazanacaq, eyni zamanda sənətçinin yeni musiqi əsərləri ilə tanış olacaqlar.
Əməkdar artist konsert öncəsi “AzPolitika”-ya verdiyi müsahibədə görülən hazırlıq işlərindən, konsertin mahiyyətindən və gələcək planlarından söz açıb.
Həmin müsahibəni təqdim edirik:
- Aqşin bəy, bildiyiniz kimi, konsertə artıq sayılı günlər qalıb. Hazırlıq işləri necə gedir? Xüsusi bir detala diqqət yetirirsinizmi?
- Hazırlıq işləri yüksək səviyyədə davam edir. Bu, mənim üçün hesabat konsertidir. Konsertin yaxşı keçməsi mənim dinləyicilərimə olan sevgim, hörmətim, rəğbətimin göstəricisi olacaq. Bu konsertdə mənim yanımda olan tamaşaçılara sözün əsl mənasına möhtəşəm konsert vəd edirəm. Konsertin təşkilində 100 nəfərdən çox insan bizimlə çalışacaq. Burada orkestr musiqiçiləri, həm rəqs ansablı, 40 nəfərdən artıq xor kopellası, pantomima və s. yer alacaq, səhnə dizaynı və səslənmə yüksək səviyyədə olacaq. Konsert klassika ilə müasir kontentin qarışığı olacaq.
- Hazırlıq işlərinin davam etdiyini bildirdiniz. Konsertlə bağlı hazırkı hisslərinizi bilmək də dinləyicilər üçün maraqlı olardı. Hansı hisslər keçirirsiniz?
- Çox həyəcanlı və qürurlu hisslər keçirirəm. Çünki bu, mənim üçün çox böyük bir işdir.
- Proqramda daha çox köhnə hitləriniz, yoxsa yeni mahnılar üstünlük təşkil edəcək?
- Qarışıq bir musiqi tərzi olacaq. Burada mənim üçün yazılan ifalar, bəstəkar mahnıları olacaq, eyni zamanda Azərbaycanımızın klassik ifaları səslənəcək. Konsert həm vətənpərvər, həm də sevgiyə həsr olunan mahnılarından ibarət olacaq.
- Necə düşünürsünüz tamaşaçılar bu konsertdən hansı hislərlə ayrılacaqlar?
- Əminlikldə deyə bilərəm ki, peşəkar musiqi dinləyəcəklər. Bu konsertdə bir yerdə kövrəlib, bir yerdə sevinib, bir yerdə gülüb, alqışlayacağıq.
- Bəs gələcək layihələriniz, konsertləriniz haqqında dinləyiciləriniz sevindirəcək hansısa xəbərləriniz varmı?
- Əlbəttə, mənim indiyə qədər də konsertlərim olub. Pandemiyadan əvvəl Azərbaycan Dövlət Flarmoniyasında baş tutan birinci konsertimdə olan insanlar bilirlər ki, təşkilatçılıq və performans yüksək səviyyədə idi. Təbii ki, konsertlər silsilə olacaq, davamı gələcək. Amma indi özümü konsertin məşqləriniə həsr etmişəm, başqa heçnə haqda düşünmürəm. Bu konserti keçirdikdən sonra 5-6 ay istirahət edib, yenidən konsertlər və digər yenilik barəsində düşünəcəm.
- Sonda sizi sevənlərə nə demək istərdiniz?
- Tamaşaçılarıma, bütün dinləyicilərimə deyirəm ki, gəlin, yaxşı və ciddi musiqinin yanında olaq. Çünki onsuz da, lazımsız musiqinin pərəstişkarı çoxdur. Bayağı musiqini sevənlər çoxdur, yaxşı musiqini sevənlər isə az. Amma mən əminəm ki, o azlıq ən azı Heydər Əliev sarayını dolduracaq səviyyədədir. O keyfiyyətli tamaşaçıları öz konsertimdə görmək istəyirəm.
E. Bəyməmədli
“AzPolitika.info”