Ötən həftə Misli Premyer Liqasında qış fasiləsi sona çatdı. Komandalar təxminən 3 həftəlik tətildən sonra yenidən yaşıl meydanlara qayıtdılar.
Turun mərkəzi görüşündə “Neftçi” “Sabah”ı qəbul etdi. Mən daxil hər kəs Samir Abasovun komandasının fasilədən sonra necə təsir bağışlayacağını maraqla gözləyirdi. Axı mövsümün ilk yarısını 8-ci pillədə başa vuran “ağ-qaralar” qışda ciddi dəyişikliklər etməliydi...
Görüş düşünüldüyü kimi, qarşılıqlı hücumlarla keçdi. Nəticədə “Neftçi” futbolçuları iki qol vursalar da, qələbə qazana bilmədilər – 1:1. Uzun müddət zədədən əziyyət çəkən Azər Salahlı öz qapısını dəqiq nişan aldı, Andrey Ştoqrin isə ölkə çempionatında “qol oruc”unu pozdu.
Güclü rəqiblə görüşdə qazanılan 1 xal pis nəticə sayılmamalıdır. Amma bərabərliyin fonunda komandanın durumu ürəkaçan deyil. “Neftçi”nin vəziyyətində müəyyən irəliləyiş var. Amma ciddi dəyişiklik görünmür. Samir Abasovun yaşadığı stress isə üzündən oxunur. Mütəxəssis gecəsini gündüzünə qatıb nəsə yaratmağa çalışır.
Amma “ağ-qaralar”ın problemləri bitmir. İlk növbədə heyət çox kasaddır. Komandanın qapı xəttində inamsızlıq, müdafiəsində xaos, yarımmüdafiəsində yaradıcılıq əksikliyi, hücumunda isə “dişsizlik” hökm sürür.
Mövqelərə görə tək-tək analiz eləməyə qapıdan başlayaq. Heyətdə 3 qapıçı var: Rza Cəfərov, Emil Balayev və Rustam Samiqullin. Rza təcrübəsiz, Emil oyun praktikasından uzaq, Rustam isə ümumiyyətlə meydan üzünə həsrətdir. Rza müəyyən görüşlərdə inamlı təsir bağışlaya bilir. Lakin bəzi matçlarda təcrübəsizliyi onun əleyhinə işləyir. Balayevin illərdir futbol oynamadığını hamınız bilirsiz. Son müddətdə 3-4 matça çıxıb. “Qapıçı komandanın yarısıdır” deyiminin önəmini xatırlayıb, “Neftçi” kimi kluba təcrübəli, inamlı qolkiper cəlb olunmalıdır.
Müdafiə xəttində durum daha acınacaqlıdır. “Keşlə”dəki oyun formasından dünyalar qədər uzaqlaşan Azər Salahlı cinahda, futbolu unudan Höccət Haqverdi, hər an partlamağa hazır bomba olan, “Qarabağ”ın avrokubok matçında müxbirlik edən Yuri Matias, ehtiyat oyunçular skamyasına daimi abunəlik qazanan Robert Bauer mərkəzdə, Mustafa Seklə, Ervin Koffi isə digər cinahda... Düzünü desək, Sek və Koffi nisbətən daha yaxşıdırlar. Hətta Mustafa hazırkı “Neftçi”nin ən yaxşı legioneridir. Amma digərləri “Neftçi”nin hədəfləri üçün yetərsizdirlər. Əgər hədəf avrokuboklardan kənarda qalmaq deyilsə...
Yarımmüdafiənin arxa xəttində Emil Səfərovla Edvin Kuç çıxış edir. İki dayaq futbolçusu zaman-zaman bir-birlərini əvəz edirlər. Elvin Camalovun transferindən sonra bu məsələnin həllini tapacağını düşünmək olar. Təcrübəsi və oyun stili Abasovun istədiyi kimi olan Camalov bu mövqedə daimi heyət üzvünə çevrilə bilər.
Orta xətt isə sanki yaradıcılığını itirib. Emin Mahmudov əvvəlki kimi maestroluq etmir. Onun istedadı və bacarığına hamı bələddir. Lakin görünür heyətin kasad olması Eminin də oyununda enişə səbəb olub. Nisbətən Filip Ozobiç nəsə etməyə çalışır. “Qəbələ” və “Qarabağ”dakı Ozobiçdən əsər-əlamət qalmasa da, xorvatiyalı epizodlara girir, qol vurur, dəqiq ötürmələrlə yadda qalır. Rəhman Hacıyev “Neftçi” sevgisi sorğulanmayacaq futbolçulardandır. O, komanda üçün bacardığını meydanda qoymağa çalışır. Amma Hacıyevin də limiti bir yerə qədərdir. “Ağ-qaralar”ın yeni transferi Ryonosuke Ohorini cəmi 7-8 dəqiqə meydanda görə bilmişik. Hələ onun haqqında kəskin fikir bildirmək üçün tezdir. Amma oynadığı qısa müddətdə sarı vərəqə almaqdan başqa heç nə ilə yadda qalmadı. Təki yanılım, lakin Ohorinin uğurlu transfer olduğunu düşünmürəm. “Neftçi”nin tək keyfiyyətli və gələcək vəd edən yarımmüdafiəçisi Murad Məmmədovdur. Hətta onun komandanın ən yaxşısı olduğunu da söyləmək lazımdır. “Ağ-qaralar”ın öz akademiyasından çıxan, klubu sevən və loqo üçün döyüşən Murad yəqin ki, yaxın müddətdə əsas heyət üzvünə çevriləcək. Rafael Quzzo və Azər Əliyev isə birmənalı şəkildə ən təcili formada komandadan göndərilməlidirlər.
“Neftçi”nin bu mövsüm vurduğu qollara nəzər yetirsək, hücum xəttinin necə “dişsiz” olduğunu da açıq-aşkar görə bilərik. Paytaxt təmsilçisinin futbolçuları 19 turda 17 dəfə fərqləniblər. Misal üçün “Qarabağ”ın eyni sayda matçlarda 50, “Zirə”nin 29, “Sabah”ın 28, “Turan Tovuz”un 26 qol vurduğunu söyləmək olar. Hətta bunu da qeyd edə bilərəm ki, 17 qolun üçünü Filip Ozobiç, ikisini Yuri Matias vurub. Ervin Koffi və Emil Səfərov isə hərəyə bir dəfə fərqləniblər. Yəni, 17 qoldan 7-nin müəllifi hücumçu olmayanlar vurublar. Bəli, “Neftçi” belə bir hücum xəttinə malikdir. Meydanda can qoymayan, oyunlara yolaverdi çıxan Ramil Şeydayev, dizlərində xroniki zədəsi olan, dizləri futbol üçün hardasa yararsız sayıla biləcək Dembo Darbo, hələ forvard kimi “bişməyən” Yeqor Boqomolski, çıxdığı 20 matçda 2 qol (onun da birini I Liqa təmsilçisi “Difai”yə) vuran Andrey Ştoqrin və şans qazana bilməyən Alfa Konte ilə Ağadadaş Salyanskiy...
Mövsümün əvvəlindən “Neftçi”də davam edən problemlərdən biri isə sağ cinahdır. Komandanın sol cinahda 7-yə yaxın futbolçusu var. Amma demək olar ki, sağ tərəfdə oynaya bilən heç kəs yoxdur. “Ağ-qaralar”ın heyətində cəmi 2 nəfər – Ervin Koffi və Murad Məmmədov sağ cinah oyunçularıdır. Digər bütün cinah futbolçularının işlək tərəfi soldur.
Heyətdə çox ciddi islahatlar aparılmalı, keyfiyyətli futbolçular gətirilməlidir. Təbii ki, bunu demək də sözdə asandır. Hamını eyni anda komandadan göndərə bilməzsən. Müqavilələri olan futbolçular buna razı olmasa, gərək həmin müddətə qədər olan maaşlarını ödəyəsən. Bu səbəbdən Abasova çox ağır iş düşür. Klub rəhbərliyi də həmin futbolçularla uyğun formada danışıqlar aparıb, getməyə razı salmalıdır. Əks halda, “Neftçi”nin özünə gəlməsi üçün azı bir 10 il də lazım olacaq.
Mənfi nüansları kənara qoysaq, Samir Abasov hazırda transfer işlərini davam etdirir. Mətbuatda artıq komandanın bir neçə legionerlə danışıqlar apardığı bəllidir. Mütəxəssis əsasən, meydanda çox qaçan, sürətli reydlər edən, topsuz hərəkətdə olan futbolçuları komandaya cəlb etmək istəyir.
Belə transferlər edib, yararsız futbolçuları yavaş-yavaş göndərmək lazımdır. “Neftçi”nin “ilk 3-lük”də qərarlaşmaq üçün isə azı ilyarımı var. Yenə yayda hamını qovub, bütün heyəti dəyişmədən, təmkinli şəkildə yeni komanda qurulmalıdır.
Abasova heyət formalaşdırmaq üçün zaman verilməlidir. Onun taktiki gedişləri ilə “Neftçi”ni bir dəfə çempion etdiyinin şahidi olmuşuq. Bu səfər də kluba dəvət olunmasının əsas səbəbi budur. Yerli futbolçularla yaxşı anlaşır, legionerlərə öz oyun sxemini aşılaya bilir. Sadəcə əlində material yoxdur. Artıq indidən bu mövsümü unudub, yaya hazırlaşmaq lazımdır.
Necə olacağını isə zaman göstərəcək...
Juninyonun sabiq komanda yoldaşı "Turan Tovuz"da - RƏSMİ
"Qarabağ" uduzdu, Azərbaycanın reytinqdəki mövqeyi dəyişmədi
FKSB-nin futbolçusu “Neftçi”yə transferi barədə xəbərlərə münasibət bildirdi - EKSKLÜZİV
Qurban Qurbanov: “Deməli, bunun bizim üçün faydası var”
Elias Xaralambus: “Qarabağ” çox gözəl komandadır”