AZ

Premyer Liqada növbəti istefa? – VACİB MƏLUMAT!

Premyer Liqanın 20-ci turunun bir neçə qarşılaşması özündə prinsipiallıq daşıyır.

Lakin aralarında ən gərgin və maraqlı oyun “ASCO Arena”da baş tutacaq.

Elitada qalmaq uğrunda mübarizə aparan “Səbail” turnir cədvəlindəki qonşusu “Kəpəz”i qəbul edəcək.

Mövsümə ardıcıl 8 yenilgi ilə başlayan Gəncə təmsilçisində baş məşqçi istefası məhz “Səbail”lə oyundan sonraya təsadüf etmişdi. 4-cü turda elə bu arenada baş tutan qarşılaşmada “dənizçilər”in 4:0 hesablı qələbəsi Adil Şükürovun baş məşqçi postundan getməsinə şərait yaratmışdı.

Maraqlıdır ki, Şükürovu “istirahət”ə göndərən Şahin Diniyevin özü də məhz “Kəpəz”lə oyundan sonra postunda uzaqlaş(dırıl)dı. 12-ci turda Tovuzda bu komandalar arasında keçirilən matçı gəncəlilərin 1:0 hesabı ilə qalib başa vurmasından dərhal sonra Diniyev istefa verdiyini bildirmişdi.

Beləliklə, cari mövsümdə “Kəpəz”lə “Səbail” arasındakı hər iki dueldə baş məşqçi istefaları gerçəkləşib.

Eyni hal bu dəfə də yaşanacaq?

Əslində, “Səbail”in turnir cədvəlindəki mövqeyi kifayət qədər təhlükəlidir. Bayıllılar 12 xalla sonuncu, gəncəlilər 14 xalla 9-cu sırada yer alıb.

Bu, o deməkdir ki, bölgə təmsilçisi Bakıda qələbə qazanacağı halda, paytaxt təmsilçisini 5 xal qabaqlamaqla əsas rəqibi üzərində çox ciddi üstünlük qazanacaq. Belədə, “Səbail”in çalışdırıcısı Cavid Hüseynovun istefa xəbəri mümkün görünəcək.

Yox, əksi yaşansa, yəni qalibiyyəti meydan sahibləri bayram etsələr, “Kəpəz” sonuncu pilləyə enəcək, alt pillələrdə sıxlıq yaranacaq.

Yanvarın 25-də “ASCO Arena”da keçiriləcək oyun saat 16:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
0
50
sportinfo.az

10Mənbələr