Hazırda dünyanın maraqla gözlədiyi görüş Tramp və Putin görüşüdür.
Bildiyiniz kimi ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında görüş planlaşdırılır. Tramp hətta andiçməsindən öncə vəzifəyə gələn kimi ilk görəcəyi işin Putinlə görüş olacağını bildirmişdi. O, dəfələrlə qeyd etmişdi ki, andiçmədən sonrakı 24 saat ərzində Ukrayna-Rusiya müharibəsinə bir əncam çəkəcək. Lakin sonradan etiraf etdi ki, məsələ düşündüyündən daha qəlizdir və 24 saat ərzində həll etmək mümkünsüzdür. Həmin bu 24 saat oldu 100 gün. Bəli, Donald Tramp Ukrayna üzrə xüsusi elçisiKeyt Kelloqa Ukrayna münaqişəsinə 100 gün ərzində son qoymağı tapşırıb. Hətta Rusiyaya da hədə-qorxu gəldi ki, 100 gün içərisində mən deyənlə razılaşmasan, sanksiyalar daha da ağırlaşacaq.
Demək olar ki, hər gün Tramp mediaya açıqlama verərək, Putinin onunla görüşmək istədiyini və bu görüşün planlandığını bildirir. Eləcə də Putin administrasiyası Trampla görüşə hazır olduqlarını və Amerikadan bir işarə gözlədiklərini vurğulayırlar. Bəs görəsən bu görüş niyə müşkülə düşüb?Ümumiyyətlə görüş baş tutarsa, sülh olma ehtimalı nə qədərdur? Turkustan.az olaraq bizi maraqlandıran bu sualları politoloq Turab Rzayevə ünvanladıq.
Düşünürəm ki, görüş üçün ilk növbədə alt baza hazır olmalıdır. Baza olmadan görüşün baş tutması daha çətin ola bilər. Ola bilsin ki, Trampın qətiyyətini Putin yüksək qiymətləndirir, ona görə cəld reaksiyalar verir. Baydendən fərqli olaraq Tramp kifayət qədər riskli, kifayət qədər praqmatik siyasət yürüdür. Sülh prosesi Rusiyanın istəkləri üzərinə həyata keçirilməyəcək. Tramp hər 2 tərəfə çox güclü təzyiq edir ki, onları barışdırsın. Bir tərəfdən Ukraynaya göndəriləcək yardımı 90 gün dondurdu. Digər tərəfdən isə Rusiya xalqına böyük hörməti olduğunu söyləməsinə baxmayaraq, müharibənin dayandırılmadığı təqdirdə Rusiyanı ağır sanksiyaların gözlədiyini vurğuladı. Mən deyərdim ki, hətta bunun nəticələri də var.
Gəlin ehtimallara nəzər salaq. Rusiya iqtisadi baxımdan çökdürülərsə, müharibə aparmaq üçün maliyyə vəsaitləri qalmayacaq. Sanksiyalar nəticəsində Rusiya öz neftini, qazını sata bilməyəcək. Digər tərəfdən ABŞ Hindistan və Çinə təzyiqlər edir. Belə olan halda Hindistan məcbur olub Rusiyadan neft, qaz alışını dayandıracaq. Çin isə bunu xeyli azaltmağa məcbur olacaq. Əks halda həmin şirkətlər də sanksiya siyasına salınacaq. Digər tərəfdən Tramp Ukraynanı həddindən artıq silahlandıra bilər. Habelə Tramp ABŞ-da neft və qaz yataqları üzərində olan qadağaları yüngülləşdirəcək, vergiləri azaldacaq. Bunun nəticəsində ABŞ-da neft ixracı başlaya bilər və daxili tələbatı ödəyə bilərlər və bu da neft qiymətlərinin kəskin düşməsinə səbəb ola bilər. Bütün bunlar iqtisadı vəziyyəti yaxşı olmayan Rusiya üçün çox böyük zərbə ola bilər. Bu zaman Rusiya artıq məcbur qalıb Trampın şərtlərini qəbul edəcək.
Aytən Yaşar/ Turkustan.az