Elmin populyarlaşdırılması bütün dünyada geniş vüsət alıb. Burada əsas məqsəd elmi bilgilər barədə informasiya verməklə yanaşı, həm də izah etməkdir. Dünyada elmin populyarlaşdırılması o qədər ciddi xarakter alıb alıb ki, artıq bu istiqamətdə yazılmış kitabların sayı 10 minlərlədir. Prosesə əsasən Nobel mükafatı laureatları və elm sahələrində nüfuzlu mükafatlara layiq görülmüş alimlər qoşulub. Başqa sözlə bu iş böyük bir hərəkata çevrilib. Bəşəriyyətin yeni maarifçiliyə ehtiyacı var.
Elmin populyarlaşdırılması - geniş auditoriya üçün aydın formada müasir elmi biliklərin yayılması, həmçinin bu istiqamətdə çap olunmuş kitablar barədə müfəssəl məlumatların verilməsi prosesidir. Öyrənmə prosesi uşaq baxçasından başlayıb universitetlərə qədər davam edir. Elmi –populyar ədəbiyyatlar vasitəsilə biliklər qazanmaq hər bir şəxsə ömürboyu intellektini və dünyagörüşünü genişləndirmək üçün vacib olan vasitədir. Elmin populyarlaşdırılması məktəbli və tələbə üçün biliklərin mənimsənilməsi, elmdən məmnun qalmaq, tədqiqatlar aparmaq üçün böyük əhəmiyyət kəsb edir. Elmin populyarlaşdırılmasının əsas vəzifələrində biri də elm sahələrinin fəlsəfəsini açmaq, mütəxəssis olmayanlara darıxdırıcılığı aradan qaldırmaq və elm sahələrində baş verən yeniliklər haqqında geniş informasiyalar verməkdir.
Modern.az xəbər verir ki, bunu sabiq deputat Etibar Əliyev bildirib.
Azərbaycanda elmə marağın artırılması məqsəsdilə UNEC-də “Elmin Populyarlaşdırılması Tədqiqat Mərkəzi” yaradılıb. Mərkəzin geniş fəaliyyət planı təsdiqlənib. Və ilk olaraq "Elm gözəldir: məktəbdən elmə" və "Elmin populyarlaşdırılması" adlı layihələrinin təbliği ilə bağlı silsilə tədbirlər çərçivəsində regonlarımızda yerləşən Orta məktəblərə və Universitetlərə səfərimiz başlayıb. Lənkərandan sora növbəti səfərimiz 22-23 yanvar 2025-ci il tarixlərində Mingəçevir şəhərində Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü lisey, 9 saylı tam orta məktəb və Mingəçevir Dövlət Universitetinə olmuşdur. Layihənin məqsədi gənc nəslin intellektual potensialının və dünyagörüşünün inkişafına təkan vermək məqsədilə elmi biliklərin kütləvi təbliğini həyata keçirmək, elmin təbliğatını təşkil etməklə gənc nəslin elmə marağını artırmaqdan ibarətdir.
Mingəçevir şəhərindəki məktəblərdə STEAM kabinetlərinin fəaliyyəti təqdirəlayiqdir. Şagirdlərin həvəslə müasir texnologiyaları öyrənmələri bizi sevindirdi. STEAM: S-science (təbiət elmləri), T-technology (texnologiyalar), E-engineering (mühəndislik), M-mathematics (riyaziyyat). STEAM texniki fənlərin populyarlaşdırılması üçün hüdudsuz imkanlara malikdir.
Səfər çərçivəsində UNEC-in Elm və İnnovasiya məsələləri üzrə prorektoru fizika elmləri doktoru, professor Rövnəq Rzayev, AMEA-nın həqiqi üzvü, akademik Adil Qəribov, UNEC-Elmin populyarlaşdırılması tədqiqat mərkəzinin direktoru fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev, Mühəndislik və tətbiqi elmlər kafedrasının müdiri fizika üzrə fəlsəfə doktoru Tural Nağıyev, Laboratoriyaların İşinin Təşkili Mərkəzinin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ramil Sadıqovun yuxarıda adıçəkilən təhsil müəssisələrinin şagirdləri, müəllimləri, tələbələri və professor müəllim heyəti qarşısında maraqlı mövzularda çıxışları dinlənildi və dinləyicilərin sualları cavablandırıldı.
Ziyalıların region məktəblərində və universitetlərdə görüşlərinin təşkil olunması çox vacibdir. Məktəblərin və Universitetlərin kitabxanalarına kitablar göndərmək və mütaliə mədəniyyətini təbliğ etmək lazımdır. Olduğumuz təhsil müəssisələrinə kitablar hədiyyə etməyimiz böyük coşğu ilə qarşılandı.