Yanvarın 24-də İslamabad şəhərində Azərbaycan - Pakistan Hökumətlərarası Birgə Komissiyasının VIII iclası keçirilib. İclasda Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Komissiyanın həmsədri Vüqar Mustafayev və Pakistan İslam Respublikasının müdafiə, müdafiə istehsalı və aviasiya naziri, Komissiyanın həmsədri Xavaca Məhəmməd Asif, hər iki tərəfin nümayəndə heyətlərinin üzvləri, həmçinin digər rəsmi şəxslər iştirak ediblər.
Bu barədə Publika.az-a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, komissiyanın həmsədri Xavaca Məhəmməd Asif Azərbaycan nümayəndə heyətini səmimi salamlayaraq, iki qardaş ölkə arasında tarixi dostluq əlaqələri, uzunmüddətli uğurlu əməkdaşlıq münasibətləri haqqında danışıb.
O, Pakistanın və Azərbaycanın dövlət başçılarının qarşılıqlı səfərlərinin ölkələrimiz və xalqlarımız arasında dostluq bağlarının, müxtəlif sahələrdə yüksək səviyyəli tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verdiyini qeyd edərək, bu əlaqələrin möhkəmləndirilməsində hər iki ölkənin aidiyyəti qurumlarının göstərdiyi səyləri yüksək qiymətləndirib.
Komissiyanın həmsədri Vüqar Mustafayev Pakistan Hökumətinə və xalqına göstərilən qonaqpərvərliyə görə Azərbaycan nümayəndə heyəti adından təşəkkürünü bildirib.
V.Mustafayev ölkələrimizi yüksək hörmətə və etimada, çoxillik dostluq və qardaşlıq münasibətlərinə əsaslanan unikal əlaqələrin birləşdirdiyini qeyd edib. Komissiyanın həmsədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Pakistan İslam Respublikasının Baş naziri cənab Məhəmməd Şahbaz Şərifin 2024-cü ildə qarşılıqlı səfərlərinin ölkələrimiz və xalqlarımız arasındakı tərəfdaşlıq əlaqələrini daha da möhkəmləndirdiyini, çoxşaxəli əməkdaşlığın dərinləşməsinə böyük töhfə verdiyini qeyd edib.