Leyla Sarıyeva: “Hər bir insanın özünə xas fizioloji xüsusiyyətləri, genetik xəstəlikləri və yaxud xəstəlikdən sonra müalicə prosesləri var”
Gün keçdikcə sosial şəbəkələrdə peyda olan dietoloqların, qidalanma üzrə mütəxəssislərin də sayı artır. Təəssüf ki, onların məsləhətləri insanlara kömək etməkdən daha çox zərər verir. Son zamanlar sosial şəbəkədə özlərini dietoloq kimi təqdim edənlər yeni arıqlama metodu tapıblar.
Belə ki, dietoloqlar 21 günlük və ya bir aylıq marafon keçirir. “Facebook”, “Instagram”, “WhatsApp”, "Telegram" kanallarında qruplar yaradır və insanlara pəhriz menyuları təqdim edirlər. Bu pəhriz menyusu ilə həmin marafona qoşulanlar guya arıqlayır.
Ancaq unutmaq lazım deyil ki, dietoloq menyuları şəxsə özəl olmalıdır. Yəni müraciət edən şəxslər analiz olunmalı, bədən kütlə indeksi hesablanmalı, orqanizmdə olan hər hansı problem nəzərə alınmalıdır.
“Sosial şəbəkələrdə özlərinə dietoloq imici yaradan şəxslər marafonlar təşkil edir, hər kəsə eyni pəhriz, arıqladıcı dərman təklif edirlər, ancaq...”
Məlum məsələ ilə bağlı fikir bildirən dietooloq Leyla Sariyeva “Bakı-Xəbər”ə şərhində bildirdi ki, son vaxtlar sosial şəbəkələrdə heç bir həkimlik diplomu, fəaliyyət göstərmək üçün sertifikatı olmayan, müxtəlif yollarla özləri üçün dietoloq imici yaradıb həkimlik edən şəxslərin sayı kəskin surətdə artıb: “Sosial şəbəkələrdə özlərinə dietoloq imici yaradan şəxslər marafonlar təşkil edir, hər kəsə eyni pəhriz, arıqladıcı dərman təklif edirlər. Həmin marafonda iştirak edənlərin əksəriyyətinin mədə-bağırsağında problem yaranır, ciddi problemlər baş qaldırır. Nəzərə almaq lazımdır ki, hər insan individualdır və onun qida rasionu orqanizmə uyğun tərtib edilməlidir. Hər bir insanın özünə xas fizioloji xüsusiyyətləri, genetik xəstəlikləri və yaxud xəstəlikdən sonra müalicə prosesləri var.
Onu da deyim ki, son vaxtlar sosial şəbəkədə arıqlama dərmanları da reklam edilir. Arıqlama dərmanları adı altında insanlara satılanlar əsasən bədəndə olan suyu çıxarır. Bu zaman insanlar vitamin çatışmazlığı yaşayırlar. Bu tipli dərmanların istifadəsi zamanı əzələlərimizdə olan su da çəki ilə birlikdə xaric olmağa başlayır. Su əzələlərimizin tərkibində olan ən ağır maddədir. Həmin zaman ilk başlarda bu dərmanları istifadə edən insanlar sürətlə 5-10 kq çəki itirirlər. Əgər onlar preparatı istifadə etməzdən qabaq bədən analizator cihazına çıxıb əzələ kütləsini ölçsələr və arıqladıqdan sonra yenə də bunu yoxlasalar görəcəklər ki, onlarda “sarkopiniya” baş verir. Yəni əzələ itkisi yaranır, piy isə sürətlə artır. Ən doğru arıqlama üsulu düzgün rejimdir. Doğru saatlarda qidalanmaq və yuxu rejimini pozmamaq lazımdır”.
Günel CƏLİLOVA