Ramil Məmmədli: “Bu o deməkdir ki, Ermənistanın KTMT ilə bağlı siyasəti dəyişməyəcək”
İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyünün dondurulması prosesinin dayandırılması üçün əsas yoxdur. Bu barədə Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin (XKX) regiondakı hərbi-siyasi vəziyyətə dair ilk hesabatında deyilir.
“Təsis müqaviləsinin müddəalarına baxmayaraq, KTMT-nin nizamnamə məqsədləri olan Cənubi Qafqazın problemlərinə cavab vermək qabiliyyətinin olmaması 2025-ci ildə çətin ki dəyişsin. Hesab edirik ki, Ermənistanın KTMT-də üzvlüyünün dondurulması üçün əsasların 2025-ci ildə aradan qalxması ehtimalı azdır. Həm region daxilində, həm də xaricdə müdafiə xərclərinin artım tempi, silah və hərbi sənayenin inkişaf tendensiyası davam edəcək ki, bu da problemlərə hərbi reaksiyanı kiçik regionumuzun subyektləri üçün əsas müraciət kimi saxlayacaq. Həmçinin Ermənistan kimi maddi və qeyri-maddi resursların obyektiv olaraq kiçik ehtiyatlarına malik dövlətlər üçün asimmetrik risqlər yaratmağa davam edir”, - hesabatda qeyd olunur.
Maraqlıdır, bütün bunlar nə deməkdir?
“Hesab edirəm ki, Azərbaycanla sülh sazişi imzalansa, Türkiyə ilə sərhədlər açılsa, İrəvan blokdan çıxışı tezləşdirəcək”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən hərbi ekspert Ramil Məmmədli hesab edir ki, bu, İrəvanın KTMT ilə bağlı siyasətinin dəyişməyəcəyi anlamına gəlir: “Bu o deməkdir ki, Ermənistanın KTMT ilə bağlı siyasəti dəyişməyəcək. Yəni ən azından 2025-ci ildə də Ermənistan KTMT-dəki fəaliyyətini dondurmaqda davam edəcək. Əvvəlki fəaliyyəti bərpa etməklə bağlı geri addım atmayacaq. Bütün bunlar Ermənistanın KTMT ilə bağlı mövqeyini apaçıq ortaya qoyur. Baxmayaraq ki, KTMT nizamnaməsində üzv dövlətlərin blokda fəaliyyətini dondurmaqla bağlı hansısa maddə yoxdur. Ya üzv olaraq qalacaqsan, ya da KTMT-ni tərk edəcəksən. Ancaq nədənsə, Rusiya Ermənistanın nazı ilə oynayaraq nəyəsə ümid edir. O da ola bilər ki, bütün bunlar razılaşdırılmış bir oyundur. Ancaq hesab edirəm ki, Paşinyan hakimiyyətdə durduqca Ermənistanın KTMT-də aktiv fəaliyyətini bərpa edəcəyi real görünmür. Hətta proseslərin gedişindən asılı olaraq Ermənistan KTMT-ni tərk edəcək. Bəzi məsələlər Paşinyan hakimiyyətini buna getməkdən çəkindirir. Ancaq reallıq ondan ibarətdir ki, Ermənistan bu blokdan uzaqlaşmaq yolunu tutub. ABŞ və Avropa İttifaqı ölkələri ilə hərbi əməkdaşlığını hər keçən gün genişləndirir. Silah idxal edir, birgə hərbi təlimlər keçirilir və s. Yəni Ermənistan KTMT ilə bağlı geridönməz yol tutub. Hesab edirəm ki, Azərbaycanla sülh sazişi imzalansa, Türkiyə ilə sərhədlər açılsa, İrəvan blokdan çıxışı tezləşdirəcək. Çünki bu dövlət Avropa İttifaqına üzv olmağı qarşısına məqsəd qoyubsa, ABŞ-la strateji xartiya imzalayırsa, deməli bütün bunların baş verməsi elə də uzaqda deyil. Söhbət KTMT-dən çıxmaqdan gedir. Bir sözlə, uyğun məqam yaranan kimi Ermənistan buna gedəcək”.
Vidadi ORDAHALLI