AZ

Delimitasiyanın ən mürəkkəb mərhələsi başlanır- Ermənistan gərginliyi toqquşmaya çevirə bilər...

Image

Ermənistanda revanşist qüvvələrin mövqeyi üzündən ictimai-siyasi vəziyyətin yenidən qarışması gözlənilir. Məsələ burasındadır ki, Nikol Paşinyan hökuməti hələ də Azərbaycanla sərhədin delimitasiyası prosesinə respublikanın təhlükəsizliyinin təminatı kimi baxır. Eyni zamanda, Ermənistan müxalifəti 2024-cü ildə olduğu kimi növbəti etiraz dalğasını qaldırmağa ümid edir.

Xatırladaq ki, belə bir vəziyyətdə Ermənistan Xarici Kəşfiyyat Xidməti 2025-ci ildə Azərbaycan tərəfindən hərbi əməliyyatların başlaması riskini aşağı adlandırıb. Eyni zamanda, lokal toqquşmaların və eskalasiyaların baş vermə ehtimalı qalır, lakin iki respublika arasında sərhədin müəyyən edilməsi ilə  ilə onu azaltmaq olar. Erməni kəşfiyyatının fikrincə, bu istiqamətdə ən böyük irəliləyişə İrəvan və Bakı arasında ikitərəfli danışıqlar yolu ilə nail olmaq olar. Orbeli Mərkəzinin baş eksperti Conni Melikyan qeyd edir:

“Danışıqlarda real irəliləyişin olmadığı və ABŞ-da yeni administrasiya fonunda mövcud olan beynəlxalq qeyri-müəyyənliyi nəzərə alsaq, sərhəddə lokal gərginlik və eskalasiya riski hələ də aktualdır. Ermənistan orduda islahatlar apararaq, iqtisadiyyatı gücləndirməklə, fəal xarici siyasət gündəmi yürütməklə və fəal şəkildə danışıqlara diqqət yetirməklə hər cür ssenarilərə hazırlaşacaq”. Bu arada İrəvan və Bakı sərhədin şimal hissəsində delimitasiyanın növbəti mərhələsinə başlamaq barədə razılığa gəliblər. Tərəflər Ermənistan, Gürcüstan və Azərbaycan sərhədlərinin kəsişdiyi ərazidən işə başlayacaq və cənuba - Ermənistan, Azərbaycan və İranın qovşağına doğru hərəkət edəcəklər. Bu zaman iki ölkənin hakimiyyət orqanları qanuni əsası olan xəritə və sənədlərə arxalanacaq. Yada salaq ki, 2024-cü ilin yazında İrəvan və Bakı Ermənistanın Tavuş rayonunun bir neçə kəndi ilə Azərbaycanın Qazax rayonu arasındakı sərhədi uğurla delimitasiya və demarkasiya edib. Düzdür, Ermənistanda bu, böyük etirazlara səbəb olub, keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi müxalifət baş nazir Nikol Paşinyanı dərhal istefaya çağırıb və hətta onu Dəccalla müqayisə edib. Lakin payıza qədər vəziyyət sakitləşib. Paşinyanın sözlərinə görə, sərhədlərin delimitasiyasının yeni mərhələsi Ermənistanın təhlükəsizliyini gücləndirmək üçün nəzərdə tutulub:  “Bizim bu sektorda artıq bir neçə ayrılmış sahəmiz var. Kirants hissəsində delimitasiya aparılıb... Biz bu bölmələri monolit, inteqral etmək istəyirik ki, onlar seqmentli olmasın”. Öz növbəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, sərhədin müəyyən olunması üzrə danışıqlar Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinin ən mühüm komponentlərindən biridir:  “Biz delimitasiya prosesinin davam etdirilməsində maraqlıyıq... Həm biz, həm də Azərbaycan tərəfi konstruktiv səylər göstərdi və biz ümumi fikrə gəldik”.

Eyni zamanda, 2024 - cü il etiraz hərəkatının liderlərindən biri, “Hayastan” fraksiyasının deputatı Qarnik Danielyan parlamentdə çıxış edən baş nazirin müavini Mher Qriqoryana sual verib ki, delimitasiya qarşıdakı mərhələdə baş verəcəkmi və Azərbaycan Ermənistanı Gürcüstanla birləşdirən yolu öz nəzarətinə götürəcəkmi?. Qriqoryan cavab olaraq bildirib:  “Biz reqlamentləri təsdiq etmişik və orada qərarların necə qəbul edildiyi və bu qərarların necə qüvvəyə mindiyi aydın şəkildə göstərilib. Bu çərçivədə sualınıza cavab tapa bilərsiniz”. Danielyan cavabında konkret suala aydın cavab gözlədiyini bildirib. Qriqoryan yenə qeyd edib:  “Əldə edilmiş razılaşmalar dərc olunur və gizli qala bilməz. Son görüşdən sonra rəsmi mətbuata açıqlama verilib. Əgər bu müqavilə sizin dediyiniz şeyi ehtiva etmirsə, deməli, belə bir razılaşma yoxdur”. Parlamentin “Şərəfim var” fraksiyasının üzvü Tiqran Abramyan bildirib ki, Ermənistan hakimiyyəti Bakı ilə sərhəddə danışıqlar aparmır, əksinə, ona güzəştə gedir: “Azərbaycan tələb etdiyi şeyi alacaq. Hakimiyyət sələmçi məntiqini rəhbər tutur: onlar ölkənin perspektivlərini və vətəndaşlarının təhlükəsizliyini düşünmədən cəmiyyətimizə nikbinliyi yüksək faizlə satırlar”,. Strateji Tədqiqatlar və Təşəbbüslər üzrə Analitik Mərkəzin rəhbəri Hayk Xalatyan hesab edir ki, 2025-ci ildə delimitasiya çətin ki, 2024-cü il hadisələri ilə müqayisə oluna biləcək etirazlara səbəb olsun:  “Hazırkı delimitasiya ərazisi məskunlaşma yerlərindən uzaqdır, ona görə də kütləvi narazılıq olmayacaq. Tərəflər Ermənistanın dərinliklərində Azərbaycan anklavlarının delimitasiyası məsələsini müzakirə etməyə başlayanda etirazlar başlaya bilər”. Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında delimitasiya işləri nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib. Bununla Azərbaycanın Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin Azərbaycana qaytarılması təmin olunub. İki ölkənin dövlət sərhədinin delimitasiya və təhlükəsizliyi komissiyaların reqlamenti kimi rəsmi sənəd halına gətirilib və imzalanıb. Bu, Ermənistanla Azərbaycan arasında imzalanan ilk sənəd və razılaşdırılmış ilk fəaliyyət planıdır. Burada onu da qeyd edək ki, sülh sazişinin 17 maddəsindən 15-i razılaşdırılıb. Amma ortada razılaşdırılmış bir mətn yoxdur. Sözügedən komissiyalarının əsasnaməsi isə tam razılaşdırılmış bir sənəddir. Artıq sənəd əsasında konkret fəaliyyət də həyata keçirilib və ən həssas, mürəkkəb bir nöqtədə Ermənistanla sərhədlərimiz artıq şərti deyil, delimitasiya və demarkasiya edilmiş sərhəddir.  Azərbaycan və Ermənistan arasında şərti sərhədlər coğrafiyasında ən mübahisəsiz yer Gürcüstan, Azərbaycan, Ermənistan qovşağından başlayan hissədir ki, burada mübahisə doğuracaq məsələ yoxdur. Ancaq cənuba doğru irəlilədikcə, xüsusilə Kəlbəcər-Zəngəzur bölgəsinə endikcə daha mürəkkəb mərhələyə qədəm qoyulacaq.

Tahir TAĞIYEV





Seçilən
22
50
baki-xeber.com

10Mənbələr