AZ

Felipe Melo karyerasını başa vurdu

Dünya futbolunun “pitbulteryer”i, “qara-qura işlər ustası”, braziliyalı dayaq yarımmüdafiəçisi Felipe Melo karyerasını başa vurub.

Arena.az xəbər verir ki, bu barədə təcrübəli oyunçu özünün sosial şəbəkə hesabında paylaşım edib.

Felipe Melo “Flamenqo”nun yetirməsidir. “Pitbul”, karyerası ərzində “Kruzeyro”, “Qremio”, “Malyorka”, “Rasinq” (Santander), “Almeriya”, “Fiorentina”, “Yuventus”, “Qalatasaray”, “İnter”, “Palmeyras” və “Fluminense”də çıxış edib.

Klub səviyyəsində 800 oyun keçirmiş Felipe Melo 62 qol və 24 məhsudlar ötürmə ilə yadda qalıb. Çoxyönlü, texniki baxımdan istedadlı, fərdi baxımdan bacarıqlı, fiziki baxımdan güc-qüvvətli olan Felipe Melonun meydanda sözün həqiqi mənasında adamlıqdan payı olmayıb. “Dayaqçı”nın kobud, sərt, dağıdıcı oyununa gözdən oğurlanaraq badalaqgəlmə, “saman altından su yeritmə”, meydandankənar təxribatları da əlavə etsək, Felipe Melonun nədən “quduz it” kimi tanındığı aydınlaşır. Felipe Melo klub səviyyəsində 259 sarı vərəqə alıb ki, bunlardan 10-u toplanaraq, qırmızı vərəqəyə çevrilib. Üstəlik, Melo 16 dəfə meydandan birbaşa qovulub.

Braziliya millisinin heyətində Melo 2009-cu ilin fevral ayında debüt edib. 22 oyun, 2 qol və 1 məhsudlar ötürmə mənzərəsində 7 sarı və 2 birbaşa qırmızı vərəqə Felipe Melonun “selesao”ya xidmətidir. Üstəlik, qırmızı vərəqələrin sonuncusu 2010-ci ildə Cənubi Afrika Respublikasında keçirilmiş dünya çempionatına, “Pitbul”un “selesao”nun heyətində son oyununa təsadüf edir.

Felipe Melonun qənimətlər muzeyi kifayət qədər zəngindir: “Kruzeyro” və “Palmeyras”la Braziliya çempionluğu və Braziliya Kuboku, “Palmeyras” (2 dəfə) və “Fluminense” ilə Libertadores Kuboku, “Fluminense” ilə Cənubiamerikan Rekopası, “Qalatasaray”la Türkiyə çempionluğu (3 dəfə), Türkiyə Kuboku (2 dəfə) və Türkiyə Super Kuboku (3 dəfə).

Braziliya millisi ilə isə Felipe Melo 2009-cu il FIFA Konfederasiyalar Kubokunun qalibi olub.

Seçilən
10
29
arena.az

10Mənbələr