Dünya futbolunun braziliyalı əfsanəsi Rivaldo “Barsleona”dakı həmvətəni, cinah hücumçusu Rafinyanın uğurlarını qiymətləndirib.
Arena.az “Managing Barça” dərgisinə istinadən, Rivaldonun bu barədə fikrini təqdim edir:
“Rafinya özündə, Braziliya millisinin lideri simasını yaradır. O, artıq “Barselona”nın kapitanıdır, mühüm rol oynayır və əla oyun nümayiş etdirir. Onun özünə inamı, xüsusilə 2026-cı ildə keçiriləcək dünya çempionatında milli komanda üçün həyati əhəmiyyət kəsb edəcək”, deyə Rivaldo vurğulayıb.
Xatırladaq ki, Rafinya Braziliyanın “Avai” klubunun yetirməsidir. Karyerasnın Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyul ayında “Barselona” Rafinyanı 58 milyon avro məbləğ müqabilində “Lids”dən “blauqrana”nın heyətinə qatıb. Braziliyalı hücumçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Rafinya “Barselona” üçün bütün yarışlarda 30 oyun keçirib, 22 qol və 11 məhsuldar ötürmə ilə fərqlənib.
Rafinyanın “Barselona” karyerası ümumilikdə 117 oyun, 42 qol və 36 məhsuldar ötürmədən ibarətdir.
Rafinya Kataloniya nəhəngi ilə 2022/2023-cü illər mövsümündə İspaniya La Liqasını qazanıb və həmin mövsüm İspaniya Super Kubokunun (2022/2023, 2024/2025) qalibi olub.
Rafinya 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 31 oyuna çıxıb. O, bu oyunlarda 10 qol vurub, 6 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 28 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.