AZ

Üstümüzə Ohori gəlir... - KÖŞƏ

Fransis Veberin möhtəşəm ekran əsəri olan “Oyuncaq” filmini izləmiş olarsız. Pyer Rişarın ustalıqla canlandırdığı jurnalist Fransua Perren oyuncaq mağazasından reportaj hazırlamaq üçün ora yollanır. Hər şey də bundan sonra başlayır.

Mağazada Perren ərköyün azyaşlı Eriklə rastlaşır. Erik yanındakı xidmətçilərdən tələb edir ki, onun üçün oyuncaq əvəzinə Perreni alsınlar. Atasının çoxlu pulu olan uşağın istəyi həyata keçirilir, Perreni bir müddət oyuncaq rolunu oynamağa razı salırlar. Oxucularımızdan kimsə həmin filmi izləməyibsə, şiddətlə tövsiyə edirəm ki, ilk imkandaca baxsınlar.

Mən isə “Oyuncaq” filmini “Neftçi”nin yaponiyalı futbolçu Rinosuke Ohorini transfer edəndən sonra xatırladım. Bir anlıq mənə elə gəldi ki, “Neftçi”nin baş məşqçisi Samir Abasov da klubda özünü həmin o ərköyün Erik kimi aparır. Qış fasiləsində yaxşı transfer edə bilməyəcəklərini anlayan Samir bəy iki ayağını bir başmağa dirəyib, rəhbərlikdən tələb edib ki, onun üçün yapon futbolçu tapsınlar. Kamil Məmmədovla Zaur Əzizov da dərhal qollarını çırmalayıb, ucuz və sərfəli varianta əl atıblar. Həm Abasovun istəyini həyata keçirib, onu razı salıblar, həm də ucuz futbolçu transfer etməklə bu işdən qazanclı çıxıblar. Heç şübhəsiz, Litvanın “Transinvest” klubundan futbolçu transfer etmək üçün heç də böyük pullar xərcləməyə ehtiyac yoxdu. Hələ-hələ bu, heç kimin tanımadığı yaponiyalı futbolçudusa...

Samir Abasovun yapon futbolçulara sevgisi bizim üçün heç də təəccüblü deyil. Hondanın ayağı Samir bəy və “Neftçi” üçün düşərli olmuşdu. Koronavirus pandemiyasının tüğyan etdiyi, həyatımızın altını üstünə çevirdiyi dönəmlərdə “Neftçi” çempion olanda heyətində çıxış edənlərdən biri də Honda idi. Düzdü, Honda meydanda az-az görünürdü, “Neftçi”nin çempionluğunda heç də böyük rol oynamamışdı. Əsas odu ki, ayağı “Neftçi”yə sayalı olmuşdu. Samir bəyin yaponlarla ikinci tanışlığı isə “Sumqayıt”a təsadüf edib. Masaki Murata hamımızın yaxşı yadındadı. “Səbail”lə “ASCO Arena”dakı oyundan sonra həmin vaxt “Sumqayıt”ı çalışdıran Abasov Muratanın qolundan yapışıb, çılğınlıqla ona nəyisə başa salmağa çalışmışdı. Bu görüntülər də ekranlara gəldiyindən sosial şəbəkələrdə xeyli məhşurlaşmışdı. Kənardan baxana elə gəlirdi ki, Samir Abasov yaşlı-başlı yapon Murataya futbol oynamağı öyrədir, ona uşaq kimi dərs verir. Yaxşı xatırlayıram,Samir bəy ondan sonra daha bir kadrda Muratayla yanaşı düşmüşdü. Həmin kadr da Abasovun Madriddən dönüşündən sonraya təsadüf etmişdi. Həmin kadrda da Abasovun Murataya “futbolun incəliklərini” öyrətdiyi açıq-aşkar görünürdü.

Görünən odu ki, Abasov yenidən yapon futbolçuya futbol öyrətmək həvəsinə düşüb. Ona görə də Kamil Məmmədov Litvadan yapon tapıb, Bakıya gətirib. İşin əslinə qalanda Litva çempionatının ən zəiflərindən birində oynayan və orda sıradan bir legioner sayılan Ohorinin “Neftçi”nin gücünə güc qata bilməyəcəyi aydın məsələdi. Heyəti gücləndirmək üçün legioner axtaran, transfer edənlər daha yaxşı seçim etməyə məhkumdular. Belə bir transferə imza atanlar isə ya ad xatirinə, ya da maddi qazanc xətrinə iş görənlərdi. Yapon futbolçunun transferinə azarkeşlərin reaksiyasını görmək üçün “Neftçi”nin sosial şəbəkələrdəki hesablarına göz atmaq kifayətdi. Atmacanın, ölkənin ən qocaman klubunu ələ salan şərhələrin sayı-hesabı yoxdu. Deməli, ən sadəlövh azarkeş belə məsələnin mahiyyətinə varmağı bacarır.

Mən də çox düşündüm, bu transferə heç bir məntiqi izah verə bilmədim. Belədə yazının əvvəlində qeyd etdiyim ehtimalın üzərində dayandım. Klub rəhbərliyi Samir Abasovun arzusunu gerçəkləşdirib, yaponiyalı futbolçunu Bakıya gətirib. “Qarabağ” və başqaları bərk dayansın: üstünüzə Rinosuke Ohori gəlir.

AMAL

Seçilən
8
5
football-plus.az

10Mənbələr