AZ

“İqtisadi əməkdaşlığımız çiçəklənməyə davam edir” – Hindistan səfiri

Yazını böyüt
Yazını kiçilt

Hindistanın 76-cı Respublika Günü münasibətilə bu ölkənin səfirliyi tərəfindən Bakıda rəsmi qəbul təşkil edilib.

Hafta.az-ın yazdığına görə, dövlət və hökumət nümayəndələrinin, diplomatic korpusun, ictimaiyyət təmsilçilərinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycanın və Hindistanın dövlət himnləri səsləndirilib.

Hindistanın ölkəmizdəki səfiri Sridharan Madhusudhanan çıxışında tədbirin əhəmiyyətindən söz açıb. Bildirib ki, bu gün hind demokratiyası və tərəqqisinin özülü, önəmli bir hadisə olan Hindistanın sayca 76-cı Respublika Günü qeyd olunur.

Səfirin sözlərinə görə, Hindistan və Azərbaycan dərin sivilizasiya və mədəni əlaqələrə malikdir ki, bu da 2024-cü ildə bir sıra yüksəksəviyyəli qarşılıqlı münasibətlərlə daha da güclənib: “Bizim iqtisadi əməkdaşlığımız çiçəklənməyə davam edir. İkitərəfli ticarətimiz güclü olub. 2024-cü ildə Hindistanın aparıcı qaz və neft şirkəti “ONGC Videsh Limited” (OVL) əlavə investisiya ilə “Azəri-Çıraq-Günəşli” (AÇG) neft və qaz yatağında, həmçinin “Bakı-Tbilisi-Ceyhan” (BTC) boru kəməri şirkətindəki səhmlərinin sayını artırdı”.

O qeyd edib ki, mədəniyyət sahəsində Azərbaycanın hindistanlı kinorejissorlar üçün axtarılan bir təyinat nöqtəsinə çevrilməsi ilə hind kinematoqrafiyası Azərbaycanda özünə xüsusi bir yer tapdı. Son illərdə təqribən 30 hind filmi və reklam filmləri Azərbaycanda çəkilib.

“Xalqlararası münasibətlərin inkişafı fonunda Hindistan Azərbaycana gələn turistlərin sayca ən çoxluq təşkil etdiyi üçüncü ən böyük mənbə olub. Ötən il 2023-cü illə müqayisədə Hindistandan gələn turistlərin sayı 2,1 dəfə artıb. Hindistanla Azərbaycan arasında birbaşa uçuş əlaqəsi qısa müddətdə həftədə 3 dəfədən 14 dəfəyə qalxıb. Mən əminəm ki, Hindistanla Azərbaycan arasındakı nəqliyyat əlaqələrinin yaxşılaşdırılması ticarət münasibətlərimizi və xalqlararası əlaqələri daha da gücləndirəcək.

“Bizim ITEC (Hindistan Texniki və İqtisadi Əməkdaşlıq) proqramına flaqmanlığımız vasitəsilə çoxsaylı Azərbaycan rəsmiləri öz bacarıqlarını təkmilləşdiriblər və təqribən 450 hindistanlı tələbənin təhsilini Azərbaycanda davam etdirdiyini görə bilərik. Bu cür mübadilələr gələcək əməkdaşlıq və qarşılıqlı zənginləşmə üçün böyük vədlər verir”, - deyə o vurğulayıb.

Azərbaycan hökuməti adından təbrik çıxışı edən xarici işlər nazirinin müavini Fariz Rzayev bildirib ki, Hindistanla son illər əməkdaşlıq üçün yaxşı imkanlar ortaya çıxıb.

“Hazırda ölkələrimiz arasında enerji, ticarət, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq dinamik inkişaf edir. Bu dinamikanı artırmaq və şaxələndirmək üçün Azərbaycan regionda nəqliyyat və kommunikasiya əlaqələrinin inkişafında maraqlıdır. Bu mənada Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin imkanlarından səmərəli istifadə yalnız bizim birgə səylərimizlə mümkündür” deyən nazir müavini əlavə edib ki, eyni zamanda, Orta Dəhliz ölkələr üçün etibarlı və təhlükəsiz imkan təqdim edir.

"Birbaşa hava əlaqəsinin bərpa edilməsi nəticəsində qarşılıqlı turist səfərlərinin sayında ciddi sıçrayış baş verib. Son 4 ildə Azərbaycana səyahət edən hindistanlı turistlərin sayı 40 dəfədən çox artıb. Hazırda Hindistan ölkəmizə gələn turistlərin sayına görə 3-cü yerdədir. Son illər Hindistan film sənayesinin ölkəmizin füsunkar və tarixi yerlərinə marağı artıb. Bu, iki ölkə arasında mədəni mübadilənin, mədəniyyətlərarası dialoqun inkişafına, nəticədə xalqlarımız arasında əlaqələrin dərinləşməsinə xidmət edəcək", - deyə F.Rzayev vurğulayıb.

Tədbir ənənəvi hind musiqisinin sədaları altında qeyri-rəsmi hissə ilə davam edib.

Seçilən
11
2
hafta.az

3Mənbələr