AZ

Hərbi-siyasi risk, yoxsa Ermənistanın növbəti təxribatı?

Əsrlər boyu “böyük Ermənistan” xülyası ilə yaşayan haylar azərbaycanlılara qarşı misli görünməmiş terror aktları həyata keçirib, minlərlə soydaşımızı yurd-yuvalarından didərgin salıblar. Təkcə bir faktı xatırladaq ki, 1987-1991-ci illərdə Qərbi Azərbaycanda, indiki Ermənistanda yaşayan 300 minə yaxın azərbaycanlı öz tarixi torpaqlarından zorla qovulub, onlardan 216 nəfər vəhşicəsinə qətlə yetirilib, 1154 nəfər isə yaralanıb. Qeyd edək ki, haylar 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü illərdə də soydaşlarımızı deportasiyaya məruz qoyublar. Bütün bunları sübut edən tarixi və hüquqi sənədlər mövcuddur. Şübhəsiz, öz ərazisində yaşayan digər millətləri də sıxışdırıb çıxaran haylar sadəcə ermənilərdən ibarət Ermənistan qurmaq üçün dövlət səviyyəsində belə bir etnik təmizləmə aparıblar. Levon Ter-Petrosyanın prezident qismində 1993-cü ildəki məlum çıxışı azərbaycanlılara qarşı etnik təmizləmənin Ermənistanın dövlət siyasəti olduğunu bir daha təsdiq edir. Bu, bir faktdır ki, bu gün Ermənistanda ermənilərdən başqa heç bir millətin nümayəndəsi yaşamır. Bir sözlə, təcavüzkar ölkə etnik təmizləmə siyasəti həyata keçirməklə dünyada yeganə monoetnik dövlətə çevrilib. Monoetniklik isə irqçiliyə bərabərdir. Amma Hayastan bu adi faktı hələ də təkzib etməyə çalışır. Hətta beynəlxalq tribunalardaın monoetnik ölkə olmadığını iddia etməkdə davam edir. Şübhəsiz, azərbaycanlıları Ermənistanın indiki ərazisindəki tarixi torpaqlarından zorla qovan, ölkəmizdə yüzlərlə etnik xalqın sülh və əmin-amanlıq şəraitində yaşamasını həzm edə bilməyən və bununla bağlı uydurma fikirlər səsləndirən təcavüzkar ölkənin monoetnik dövlət olmadığını iddia etməsi erməni saxtakarlığından başqa bir şey deyil.

Ermənistan bu gün də irqçilik siyasətini dövlət səviyyəsində həyata keçirməkdə davam edir. Belə ki, Azərbaycan Ermənistan hökumətini dəfələrlə beynəlxalq hüquq normalarına əməl etməyə, Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışına şərait yaratmağa çağırıb. Amma Ermənistan və onun havadarları müxtəlif bəhanələrlə hələ də bu çağırışa məhəl qoymur. Baş nazir Nikol Paşinyan da Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına imkan verməməklə öz sələflərinin, yəni faşist Qaregin Njdeyə sadiqliyi ilə seçilən Ter-Petrosyanın, Robert Koçaryanın, Serj Sarkisyanın irqçi siyasətini davam etdirir. Elə təcavüzkar ölkənin Xarici Kəşfiyyat Xidmətinin 2025-ci il yanvarın 23-də dərc etdiyi illik hesabatında Qərbi Azərbaycan mövzusunu hərbi-siyasi risk kateqoriyasına aid etməsi bunu bir daha sübut edir. Sual olunur: axı nə vaxtdan doğma yurda qayıdış hərbi-siyasi riskə çevrilib? Bu məsələnin hərbi riskə nə dəxli var axı? Şübhəsiz, bu, Ermənistanın sözügedən məsələ ilə bağlı növbəti uydurmasıdır. Digər tərəfdən, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın yanvarın 8-də keçirdiyi mətbuat konfransında dediyi kimi, Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdış məsələsi heç də ərazi iddiası deyil. Sadəcə, insan hüquqları məsələsidir. Ermənistan rəsmiləri, o cümlədən Mirzoyan da yaxşı bilirlər ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası dinc məramlıdır, heç bir halda təcavüzkar niyyətə söykənmir. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın heç bir dövlətə, o cümlədən təcavüzkar Ermənistana qarşı ərazi iddiası yoxdur. Əksinə, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları var. Hətta bu fakt həmin ölkənin konstitusiyasında da əksini tapıb.

Qərbi azərbaycanlıların qayıdışına şərait yaratmaq Ermənistanın beynəlxalq hüquqdan və insan hüquqlarından irəli gələn öhdəliyidir. Bu, həm də bütün bəşəri norma və prinsiplərə uyğun bir tələbdir. Şübhəsiz, etnik təmizləməyə məruz qalmış Qərbi azərbaycanlıların beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə, təhlükəsiz şəraitdə və ləyaqətli şəkildə öz evlərinə qayıtmaq arzularını təhlükəsizlik riski kimi təqdim etmək bu haqq işini təhrif etməyə xidmət göstərir. Bu, eyni zamanda, Ermənistanın multietnikliyi özünə təhdid kimi gördüyünü sübuta yetirir. Qərbi Azərbaycan İcmasının bəyanatında deyildiyi kimi, Ermənistanın bu yanaşması onun onilliklərdən bəri yürütdüyü irqçi siyasətinin davam etdiyini göstərir. Halbuki, Ermənistan böhtan və nifrət dolu bəyanatlar vermək, bu kimi fikirlər səsləndirmək əvəzinə irqçiliyinə və monoetnik siyasətinə son verməli, Qərbi azərbaycanlıların qayıdışına şərait yaradaraq, oradakı multietnik mühiti bərpa etməlidir. Bunu isə ondan beynəlxalq normalar, həmçinin bölgədə yaranmış yeni reallıqlar tələb edir.

Ermənistan unutmasın ki, bu məsələ heç bir zaman rəsmi Bakının gündəliyindən çıxmayacaq. Dövlətimizin başçısının vurğuladığı kimi, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər. Bu isə o deməkdir, rəsmi Bakı Qərbi Azərbaycan İcmasının timsalında Ermənistandan qovulmuş azərbaycanlıların beynəlxalq hüquq çərçivəsində, sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıdışı missiyasını əzmlə davam etdirəcəkdir. Yeri gəlmişkən qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Katibliyi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2024-cü il 5-6 dekabr tarixlərində Bakı şəhərində “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilmiş ikinci beynəlxalq konfransın iştirakçılarına müraciətini və konfransın yekun sənədini BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının rəsmi sənədləri kimi yayıb.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Seçilən
5
50
ikisahil.az

10Mənbələr