AZ

Azərbaycan qlobal elitaların toplaşdığı Davos Forumunun əsas iştirakçılarından biridir ŞƏRH

Bakı, 25 yanvar, AZƏRTAC

Azərbaycan qlobal elitaların toplaşdığı, dünyanın diqqət mərkəzinə çevrilən Davos İqtisadi Forumunun əsas iştirakçılarından biridir. İqtisadi və texnoloji problemləri həll etmək, eyni zamanda, qlobal əməkdaşlığı inkişaf etdirmək üçün əlverişli platforma olan Davosun ən unikal cəhətlərindən biri də tədbirə qatılan iştirakçılardır. Belə ki, Forum biznes liderləri, sahibkarlar, görkəmli mütəfəkkirlər, xeyriyyə sektorunun rəhbərlərini bir araya gətirməklə yanaşı, həm də ölkələri və regionları investisiyaya cəlb etmək üçün unikal platformadır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova söyləyib.

O bildirib ki, beynəlxalq münasibətlər sistemində qeyri-müəyyənliyin genişləndiyi, bir çox bölgələrdə münaqişələrin davam etdiyi vaxtda dünya liderləri, eləcə də özəl sektorun yüksəksəviyyəli nümayəndələri yenidən bir araya gələrək “ağıllı əsr” üçün əməkdaşlıq imkanlarını dəyərləndirdilər. Təsadüfi deyil ki, Davos forumu çərçivəsində aparılan müzakirələrdə özəl və dövlət sektoru liderləri birlikdə işləməyə çağırıldı, qlobal iqtisadiyyatın bağlarını qırmağın heç kimin marağında olmadığı bir daha bəyan olundu.

“Azərbaycan Prezidenti İlham Əliyev də ötən illərdə olduğu kimi, bu il də Davos İqtisadi Forumu çərçivəsində bir çox nüfuzlu şirkət rəhbərləri ilə görüşdü. Görüşlərin məhz qarşı tərəfin müraciəti əsasında baş tutduğunu xüsusi qeyd etməliyik. Bu da təsadüfi deyil. Bu, ilk növbədə, onu deməyə əsas verir ki, ölkəmizdə mövcud olan əlverişli investisiya mühiti, xüsusilə mülkiyyət hüquqlarının qorunması istiqamətində Azərbaycanın xarici investorlara təqdim etdiyi çərçivə böyük şirkətlər tərəfindən yüksək qiymətləndirilir.

Proqnozlaşdırma, dürüstlük və etibarlılığın getdikcə daha da çətinləşdiyi bir vaxtda əməkdaşlıqda da müəyyən risklər meydana çıxır. Təbii ki, hər bir investor üçün təhlükəsiz, əlverişli iqtisadi mühitə malik olan ölkə daha cəlbedicidir. Bu mənada Azərbaycan ən uğurlu nümunələrdən biridir. Bu səbəbdən beynəlxalq şirkətlər ölkəmizdə fəaliyyət istiqamətlərini genişləndirməkdə maraqlıdır. Azərbaycana maraq göstərən şirkətlərin fəaliyyət istiqamətlərinə gəlincə, onların böyük əksəriyyəti dünyanın ən böyük investoru, coğrafi diversifikasiya baxımından liderlər sırasındadır”, - deyə deputat vurğulayıb

Onun fikrincə, ümumiyyətlə, uzun illərdir qurulan uğurlu tərəfdaşlıq ölkənin maliyyə sektorunun inkişafı və beynəlxalq investisiya imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

“Qlobal miqyasda maliyyə və investisiya sahələrində uğurlu təcrübə qazanan şirkətlər Azərbaycanla əməkdaşlıqdan məmnundurlar"- Prezident İlham Əliyevlə görüşə maraq göstərən şirkət rəhbərlərinin mövqeyi bundan ibarət idi. Dövlətimizin başçısı ilə görüş zamanı beynəlxalq strateji idarəedici şirkətlərin, eyni zamanda, ölkəmizdə enerji sektorunda həyata keçirilən layihələrə də xüsusi maraq göstərdiyi aydın oldu. Bu da Azərbaycanın uğurlu enerji siyasətinin, zəngin yaşıl enerji gündəliyinin nəticəsidir”, - deyə Nigar Məmmədova əlavə edib.

Seçilən
16
50
azertag.az

10Mənbələr