Yanvarın 20-dən “Ağıllı əsr üçün əməkdaşlıq” devizi altında işə başlayan Davos İqtisadi Forumu öz işini başa çatdırsa da, orada müzakirə olunan məsələlər, irəli sürülən təşəbbüslər və qəbul edilən qərarlar ətrafında müxtəlif platformalarda fikir mübadilələri davam etdirilir. 55-ci Dünya İqtisadi Forumuna qatılan Azərbaycan rəsmilərinin, xüsusilə də, cənab Prezident İlham Əliyevin qarşı tərəflərin müraciətləri əsasında keçirdiyi çoxsaylı görüşlər, panel iclaslarındakı çıxışları böyük maraqla qarşılandı. Dövlət başçısı cənab İlham Əliyev Forumun ilk günündə CGTN (China Global Television Network) telekanalına müsahibəsində bir çox qlobal xasrakterli iqtisadi və siyasi məsələlərə aydınlıq gətirdi. Yeni dünya düzəni, texnoloji inqilab Ağıllı əsr və yeni əməkdaşlıq imkanlarını ortaya qoyur.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.
Onun sözlərinə görə, cənab Prezidentin CGTN telekanalına müsahibəsində toxunduğu məsələlər, o cümlədən, Orta Dəhlizin inkişafı ilə bağlı Azərbaycanın mövqeyi dünya dövlətləri üçün böyük əhəmiyyət kəsb edir:
“Dünyanın aparıcı media orqanı olan CGTN telekanalı Azərbaycanın iqtisadi imkanlarını, siyasi baxışlarını, regional və qlobal iqtisadi təşəbbüslərini bütün dünyaya təqdim etdi. Müsahibədən əldə olunan nəticələr təxminən aşağıdakı kimidir. Azərbaycan dünyanın sürətlə inkişaf edən iqtisadiyyatına malik ölkəsi, Cənubi Qafqaz regionunun lider dövlətidir. Region iqtisadiyyatının 80 faizindən çoxu ölkəmizin payına düşür. Azərbaycanın təşəbbüsü və iştirakı ilə gerçəkləşən qlobal əhəmiyyətli enerji layihələri ölkəmizin dünya iqtisadiyyatındakı yerini möhkəmləndirir. Beynəlxalq iqtisadi əməkdaşlıqda etibarlı tərəfdaş imicini qazanan ölkə kimi Azərbaycan tərəfdaşları ilə münasibətlərini qarşılıqlı hörmət və imzalanan hüquqi sənədlər çərçivəsində qurur. Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin, sahibkarların hüquqlarının qorunması, əlverişli biznes mühitinin yaradılması, mövcud sosial-iqtisadi sabitlik bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin və şirkətlərin sayına müsbət təsir göstərir. Bütün bunlar ölkə rəhbərliyinin birbaşa göstərişləri, iradəsi və dəstəyi ilə mümkün olub. Xarici siyasi əlaqələrin iqtisadi əməkdaşlıq sferasına uğurlu transformasiyası sayəsində əldə etdiyimiz uğurlar Davos Forumunun təşkilatçıları tərəfindən hər zaman yüksək qiymətləndirilib”.
M.Vəliyeva bildirdi ki, Forum Azərbaycanın milli maraqlarını, strateji baxışlarını dünyaya təqdim etmək, beynəlxalq iqtisadi nüfuzumuzu daha da artırmaq və müxtəlif sahələrdə yeni tərəfdaşlıq imkanları qazanmaq baxımından unikal platformadır. Dünyanın aparıcı beyin mərkəzlərinin, nüfuzlu siyasi liderlərinin, iş adamlarının, kütləvi informasiya vasitələrinin nümayəndələrinin də qatıldığı forum dünyanın ən böyük, ən sambalı iqtisadi və biznes əməkdaşlıq mərkəzi hesab olunur. Burada iştirakın Azərbaycana verdiyi əhəmiyyəti Prezident cənab İlham Əliyev özü sosial şəbəkə hesabındakı paylaşımında aydın izah edib: “Bizim xarici ölkələrlə münasibətlərimiz yalnız qarşılıqlı maraqlar və qarşılıqlı hörmət əsasında qurulur. Siyasi gücündən, yaxud da ki, böyüklüyündən, ərazilərindən asılı olmayaraq, bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qura bilmişik”.
Davosda Azərbaycana, onun liderinə xüsusi diqqət və önəmin verildiyinin bir daha şahidi olduq. Dünyanın bir sıra dövlət başçıları və özəl təşkilat rəhbərlərinin Prezident cənab İlham Əliyevlə görüş təşəbbüsü ilə çıxış etmələri bunun əyani sübutu idi. Dayanıqlı inkişaf yolunu tutan Azərbaycan etibarlı tərəfdaş olaraq dünya ölkələrinin diqqətini cəlb edir.