Mövsümün sonuna qədər “Milan”da icarədə olacaq “Mançester Siti”nin ingilis sağ cinah müdafiəçisi Kayl Uoker “rossoneri”yə müraciət edib.
Arena.az məlumat verir ki, Uoker müraciətini özünün “X” sosial şəbəkə hesabı üzərindən paylaşıb:
“Mən məmnunam və “Milan”la müqavilə bağlamaqdan qürur duyuram! Uşaqlıqdan bəri izlədiyim, bu qədər zəngin tarixə malik bir klub. “Rossoneri”yə qoşulmaq mənim üçün böyük şərəfdir və mən “Milan”ın köynəyini geyinərək işə başlamağımın intizarındayam. Karyeramın bu yeni fəslini və ailəmlə İtaliyaya səyahətin başlamasını səbirsizliklə gözləyirəm. İrəli “Milan”!”, – Uoker dərc edib.
İcarə müqaviləsi cari mövsümün – iyun ayının sonuna qədər qüvvədə olacaq. Müqavilə klublar arasında ödənişsiz əsasda gerçəkləşdirilib. Uoker “Milan”da “32” nömrə altında çıxış edəcək.
Kayl Uoker 2017-ci ilin iyul ayından “Mançester Siti”də çıxış edir. Uoker “şəhərlilər”in düşərgəsinə 52,7 milyon avro məbləğ müqabilində “Tottenhem”dən keçib. İngilis futbolçunun Mançester klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Uoker “şəhərlilər”in heyətində bütün yarışlarda 18 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Kayl Uokerin “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi 319 oyun, 6 qol və 23 məhsuldar ötürmədən ibarətdir.
Kayl Uoker 2011-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 93 oyun keçirib, 1 qol vurub və 10 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 34 yaşlı ingilis müdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.