Məlum olduğu kimi, Ukraynaya qarşı işğalçılıq müharibəsi başlayan gündən etibarən bu ölkənin bütün mülki aeroportları öz fəaliyyətini dayandırıb.
“AzPolitika” xəbər verir ki, Lvov şəhərinin meri Andrey Sadovıy yerli mətbuata açıqlamasında bəyan edib ki, Ukraynada bir neçə hava limanı bu il yenidən işə başlamalıdır. Lakin mer söhbətin hansı aeroportlardan getdiyini dəqiqləşdirməyib.
Mer deyib ki, “bunun üçün texniki və digər imkanlar var”: “Aydındır ki, bu il Ukraynada bir neçə hava limanı fəaliyyətə başlayacaq. Bunun üçün texniki və digər imkanlar var. Siyasi qərar olmalıdır. Görünür, bu da olacaq".
Sadovıy əlavə edib ki, "əgər hansısa ölkə aviasiya xəritəsində varsa, o, prinsipcə dünya xəritəsində var. Bu, dövlətimizin təhlükəsizliyi məsələsidir".
O, İsraili misal çəkib və qeyd edib ki, müharibə zamanı Təl-Əviv hava limanının fəaliyyətini saxlamağa qərar verib və bu, düzgün qərar olub: “Yəhudi aviaşirkətinin bütün təyyarələrinin qanadlarının altında xüsusi avadanlıq var ki, hər hansı bir hücum təhlükəsi və bu kimi hallar zamanı istifadə olunur. Dünya artıq bu yoldan keçib. Bizim başqa çarəmiz yoxdur, biz sağ qalmalıyıq, müharibə dövründə yaşamalıyıq”.
“AzPolitika.info”