AZ

Bu çıxış infrastruktur layihələrinin inkişafının zəmanətidir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışında bu məsələlərlə bağlı görülmüş işlərdən danışdı, perspektiv planları açıqladı. Son illərdə şəhərdə bu istiqamətdə çox işlər görüldüyünü,  böyük infrastruktur layihələrin yerinə yetirildiyini, buna baxmayaraq Bakı şəhərində tıxacların mövcudluğunu xatırladan dövlət başçımız çıxışında dedi: “Son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edildi, yeni metro stansiyaları istifadəyə verildi, yol qovşaqları, tunellər, körpülər inşa edildi, yeni yollar salındı. Əgər bu işləri görməsəydik, bu gün, ümumiyyətlə, Bakı şəhərində nəqliyyat iflic vəziyyətinə düşərdi. Amma yenə də görürük ki, növbəti böyük bir proqramın qəbul olunmasında böyük fayda olacaq. Bu məqsədlə bir müddət bundan əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dövlət proqramının hazırlanmasına dair müvafiq göstərişlər verilib və bir neçə ay ərzində bu proqram üzərində iş aparılıb”.

Azərbaycan dünyada dinamik inkişaf edən dövlətlərdən biridir. Neçə-neçə beynəlxalq layihə bilavasitə Azərbaycanla bağlıdır, bu layihələrin bəzilərinin təşəbbüsçüsü də Azərbaycandır. “İpək yolu” kimi bir layihənin məhz Azərbaycanla bağlılığı bu dövlətin dünya dövlətləri ilə iqtisadi, siyasi əlaqələrinin daha da genişlənməsində mühüm əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu müşavirədə dedi: “Onu da bildirməliyəm ki, adətən nəqliyyat mərkəzləri statusuna malik olan ölkələr o ölkələrdir ki, onların açıq dənizlərə çıxışı var. Bizim isə dünya okeanlarına çıxışımız yoxdur. Amma buna baxmayaraq, gördüyümüz işlər nəticəsində Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevirmişik. İşlər davam edir, həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə indi əlavə tədbirlər görülür. Çünki vaxtilə hesablanmış yüklərin həcmi artıq onu göstərir ki, daha böyük həcmdə yüklər keçəcək. Bu, müxtəlif səbəblərə bağlı olan məsələdir. Ancaq fakt odur ki, indi bu dəhlizlərin aşırma qabiliyyətini artırmaq üçün əlavə sərmayə cəlb etmişik və edəcəyik”.

Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı. Bu Zəfər işğalı da sonlandırdı, dünyada yeni iqtisadi münasibətlər də yaratdı. Bu münasibətlərdən biri də Zəngəzur dəhlizi ilə bağlıdır. Müşavirədə cənab Prezidentimiz dedi ki, “Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür. İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Əlbəttə ki, bu dəhlizin açılması üçün praktiki addımlar atırıq. Düzdür, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir”.

İkinci Qarabağ müharibəsində qazanılmş tarixi Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işləri sürətlə davam etməkdədir. İctimaiyyət də, Azərbaycana səmimi ehtiramı olan dövlətlər də əmindir ki, Azərbaycan bu istiqamətdə də mühüm qələbə qazanacaq, Qarabağda işğaldan nişanə qalmayacaq. Belə layihələrdən biri də hava nəqliyyatını əhatələyir. İkinci Qarabağ müharibəsindən əvvəl və sonra, ümumiyyətlə son 20 ildə Azərbaycanda səkkiz beynəlxalq hava limanı inşa edilib. Bu limanlar Azərbaycanın iqtisadi əlaqələrinin intensivliyini də artırır, coğrafiyasını da. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında dedi ki, bu limanlardan “…dördü var idi, amma vəziyyəti qənaətbəxş hesab edilmirdi. Bakı, Naxçıvan, Gəncə və Lənkəran hava limanları yenidən quruldu. Lənkəran hava limanı faktiki olaraq istifadə edilmirdi. Amma Bakı, Naxçıvan, Gəncə istifadə olunurdu. Bu dörd hava limanının həm zolaqları, həm terminal kompleksləri ən müasir standartlara cavab verir. Bununla bərabər, dörd yeni hava limanı inşa edilmişdir – Qəbələ, Zaqatala, Füzuli və Zəngilan. Doqquzuncu beynəlxalq hava limanı bu il Laçında istifadəyə veriləcək. Bütün bu hava limanları istənilən ağırlıqda yük və sərnişin təyyarələrini qəbul etməyə qadirdir. Uçuş-enmə zolağı minimum üç kilometr səviyyəsindədir”.

Dəniz Ticarət Limanının inşasını, yeni 10 metro stansiyasının tikintisini, Bakıda gəmiqayırma zavodunun inşa edilməsini xatırladan dövlət başçımız işğaldan azad edilmiş ərazilərdə nəqliyyat layihələrinin sürətlə həyata keçirildiyini də bildirdi: “Azad edilmiş ərazilərdə görülən işlərin əsasını nəqliyyat layihələri təşkil edir. 3400 kilometrə yaxın avtomobil yolu – hələlik cəmi 44 avtomobil yolu layihəsi icra edilib, ya da ki, icra edilməkdədir. Eyni zamanda, 45 tunel, 447 körpü, 16 viaduk nəzərdə tutulub. Bunlardan 28 tunel, 392 körpü və 9 viadukun tikintisi tamamlanmışdır. Horadiz-Ağbənd dəmir yolunun 60 faizi inşa edilib. Bərdə-Ağdam dəmir yolunun 94 faizi inşa edilib. Bu, sadəcə olaraq, əsas layihələrdir ki, mən ictimaiyyətin diqqətinə çatdırıram və bu rəqəmlər hər şeyi deyir, hər şeyi göstərir. Göstərir ki, hansı ölçüdə nəqliyyat layihələrini icra etmişik. Əgər bunları icra etməsəydik, bu gün həm Bakı şəhəri, həm digər şəhərlər, həm də ümumiyyətlə, ölkə şəhərləri arasındakı bağlantılar nəqliyyat imkanlarımızı tamamilə iflic vəziyyətinə sala bilərdi. Amma yenə də deyirəm, həyat yerində durmur. İndi yeni dövlət proqramı qəbul edəcəyik. Ölkə üzrə, o cümlədən azad edilmiş ərazilərdə bütün nəqliyyat layihələri bundan sonra da icra ediləcək. Hər şey plan üzrə gedir. Bu ilin İnvestisiya Proqramında da bu məqsədlər üçün lazımi vəsait ayrılıb”.

Dövlət başçımız Bakı şəhərinə və onun ətrafında yerləşən ərazilərdə yeni dövlət proqramının qəbul edilməsinin zəruriliyini, bunun çox böyük maliyyə tutumlu proqram olacağını bildirərək qeyd etdi ki, bu proqram bütün aidiyyəti qurumların birgə fəaliyyətini və səmərəli işlərini tələb edən proqram kimi tarixləşəcək…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışı Bakımızın  da, Azərbaycanımızın da infrasrtuktur baxımından daha intensiv inkişafının zəmanətidir…

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı

Seçilən
6
30
moderator.az

10Mənbələr