Son illərdə Azərbaycanın dinamik iqtisadi inkişafı fonunda bütün ölkə miqyasında həyata keçirilən irimiqyaslı abadlıq-quruculuq işləri içərisində yol-nəqliyyat infrastrukturunun yenilənməsi, xüsusilə diqqəti cəlb edir. Məlum olduğu kimi, son 20 ildə Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində paytaxtda və bölgələrdə yol infrastrukturunun yenilənməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirilib, dünya standartlarına cavab verən yeni yollar çəkilib, yol ötürücüləri, körpülər, yeraltı və yerüstü piyada keçidləri tikilib, Bakıda bir çox böyük layihələrə imza atılıb, yeni metro stansiyaları istifadəyə verilib, yol qovşaqları istifadəyə verilib, yeni yollar salınıb. Müşavirədə bu barədə ətaflı məlumat verilib, həmçinin Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafı məsələləri müzakirə edilib. Dövlət başçısının vurğuladığı kimi, son illər ərzində bu istiqamətdə bir çox işlərin görülməsinə, böyük infrastruktur layihələrinin icra edilməsinə baxmayaraq, yenə də Bakı şəhərində tıxac müşahidə olunur. Tıxacların sayı ildən-ilə artır. Bunun təbii səbəbləri var. Ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisi ildən-ilə artır. Son 30 il ərzində Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb, hətta o rəqəmi də ötüb. Əlbəttə ki, vaxtilə yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu artımı həzm edə bilmir. Son 20 il ərzində ölkəmizdə yol-nəqliyyat infrastrukturu sahəsində nəhəng işlər həyata keçirilib. Bu müddətdə Azərbaycanda 21 min kilometr avtomobil yolu tikilib və təmir edilib. 335 körpü və yol ötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. 1500 kilometrdən çox dəmir yolu tikilib, 1800 kilometr təmir edilib, yeni qatarlar və vaqonlar alınıb, 90 kilometrdən çox olan Abşeron dairəvi xətti istifadəyə verilib. Bakı-Tbilisi-Qars dəmir yolu, səkkiz beynəlxalq hava limanı inşa edilib. Bu reallıq diqqətə çatdırıldı ki, əgər bu işləri görməsəydik, indi ölkəmizin nəqliyyat infrastrukturu hansı vəziyyətdə idi, bunu təsəvvür etmək çətin deyil.
Dövlət başçısı Azərbaycanın beynəlxalq nəqliyyat xəritəsində oynadığı rola da toxundu. Həqiqətən də coğrafi mövqeyimizdən səmərəli istifadə edirik və beynəlxalq nəqliyyat dəhlizləri məhz Azərbaycanın ərazisindən keçir ki, bu da ölkəmizin regionda, ümumiyyətlə, dünyada əhəmiyyətini daha da artırır.
Xüsusilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası regionda yeni reallıqlar yaradıb. Tarixi Zəfərin əldə olunması ilə regionun ümumi rifahı üçün yeni əməkdaşlıq imkanları açılıb. Bu baxımdan təkcə siyasi əlaqələrin deyil, həm də daha geniş kontekstdə iqtisadi, humanitar və mədəni münasibətlərin normallaşdırılması üçün münbit şərait yaranıb. Uzun illər işğal səbəbindən donmuş vəziyyətdə olan nəqliyyat əlaqələri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Hesab etmək olar ki, münaqişənin bitməsi və sülhün bərqərar olması region üzərindən keçən nəqliyyat dəhlizlərinin vacibliyini daha da artırıb. Hadisələrin inkişafı Zəngəzur dəhlizinin də həyati əhəmiyyət daşıdığını göstərir. Zəngəzur dəhlizi regionda yeni nəqliyyat imkanları yaradacaq, Dövlətimizin başçısı İlham Əliyev müşavirədə “Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür. İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Əlbəttə ki, biz bu dəhlizin açılması üçün praktiki addımlar atırıq. Düzdür, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Orada açıq-aydın göstərilirdi ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır” söyləyərək onu da əlavə etdi ki, Ermənistan buna əməl etmir, müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir, manipulyasiyalarla məşğuldur. Zəngəzur dəhlizi təkcə Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirməyə xidmət etmir, perspektivdə o, Şərq-Qərb, Şimal-Cənub marşrutlarının da mühüm tərkib hissəsi olacaq. Bu səbəbdən dünya miqyasında Zəngəzur dəhlizinə böyük maraq var. ABŞ, Rusiya, Çin, Avropa ölkələrinin böyük əksəriyyəti, Mərkəzi Asiya dövlətləri və digərləri bu dəhlizin açılmasında maraqlı tərəf kimi çıxış edirlər.
Bu dəhlizin işə düşməsi məqsədilə ölkəmiz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir və prosesi əsas etibarı ilə yekunlaşdırmaq üzrədir. Amma bu vaxta kimi Ermənistan rəhbərliyi dəhlizin açılması istiqamətində hər hansı əməli addım atmır, sözdən o tərəfə keçməyən fikirlər səsləndirir. Halbuki, dəhlizin açılacağı təqdirdə ondan ən böyük fayda götürən tərəflərdən biri Ermənistan özü olacaq. Çünki işə başladıqdan sonra bu dəhliz Ermənistanın əsas ticarət və nəqliyyat yollarından biri olmasına gətirib çıxaracaq, idxal və ixrac marşrutlarının şaxələndirməsinə imkan verəcək.
İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri