AZ

Nəqliyyat infrastrukturu müasirləşdirilir » AzadMedia.az


Məşhur Məmmədov
Milli Məclisin deputatı


Yanvarın 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirildi. Bu müşavirə ölkəmizin nəqliyyat sektorunun inkişafı və qarşıda duran vəzifələrin müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Ölkə rəhbəri vurğuladı ki, Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafını müzakirə etməyə ehtiyac var.

Baxmayaraq ki, son illər ərzində bu istiqamətdə bir çox işlər görülüb, böyük infrastruktur layihələri icra edilib, yenə də Bakı şəhərində tıxac müşahidə olunur və əfsuslar olsun ki, tıxacların sayı ildən-ilə artır. Bunun təbii səbəbləri var. Ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisi ildən-ilə artır. Son 30 il ərzində Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb, hətta o rəqəmi də ötüb. Aydın məsələdir ki, vaxtilə yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu artımı həzm edə bilmir.

Prezident İlham Əliyev çıxışında nəqliyyat infrastrukturunun müasirləşdirilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının vacibliyini vurğuladı və qeyd etdi ki, coğrafi vəziyyətimizdən səmərəli şəkildə istifadə etdiyimiz üçün beynəlxalq nəqliyyat dəhlizləri ərazilərimizdən keçir. Coğrafi yerləşmə hələ o demək deyil ki, hər hansı bir ölkə nəqliyyat qovşağına çevrilə bilər. Ardıcıl olaraq beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsinə maraq, səylər göstərmişik və praktiki işlər görmüşük. Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil.

Hazırda ərazimizdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Yüklərin daha səmərəli daşınması üçün fiziki infrastrukturla yanaşı, digər addımlar da atılır, o cümlədən rəqəmsallaşma məsələlərinə diqqət göstərilir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılmışdır və ortaq müəssisələr, müştərək müəssisələr qurulur.

Əminliklə demək olar ki, Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevirmişik. Adətən nəqliyyat mərkəzləri statusuna malik olan ölkələr o ölkələrdir ki, onların açıq dənizlərə çıxışı var. Bizim isə dünya okeanlarına çıxışımız yoxdur. Amma buna baxmayaraq, gördüyümüz işlər nəticəsində Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevirmişik. İşlər davam edir, həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə indi əlavə tədbirlər görülür. Çünki vaxtilə hesablanmış yüklərin həcmi artıq onu göstərir ki, daha böyük həcmdə yüklər keçəcək. Bu, müxtəlif səbəblərə bağlı olan məsələdir. Ancaq fakt odur ki, indi bu dəhlizlərin aşırma qabiliyyətini artırmaq üçün əlavə sərmayə cəlb etmişik və edəcəyik.

Nəqliyyat məsələlərinin həmişə diqqət mərkəzində saxlandığını deyən ölkə rəhbəri qeyd etdi ki, son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edildi, yeni metro stansiyaları istifadəyə verildi, yol qovşaqları, tunellər, körpülər inşa edildi, yeni yollar salındı. Əgər bu işlər görməsəydi, bu gün, ümumiyyətlə, Bakı şəhərində nəqliyyat iflic vəziyyətinə düşərdi. Amma yenə də görürük ki, növbəti böyük bir proqramın qəbul olunmasında böyük fayda olacaq. Bu məqsədlə bir müddət bundan əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dövlət proqramının hazırlanmasına dair müvafiq göstərişlər verilib və bir neçə ay ərzində bu proqram üzərində iş aparılıb.

Cənab Prezident Azərbaycanın əlverişli coğrafi mövqeyindən səmərəli istifadə edərək, regionun əsas nəqliyyat və logistika mərkəzinə çevrilməsi istiqamətində atılan addımları qeyd etdi. Bu məqsədlə həyata keçirilən layihələr, ölkəmizin tranzit potensialının artırılmasına və iqtisadiyyatın diversifikasiyasına xidmət edir.

Dövlət başçısı, həmçinin, ekoloji təmiz nəqliyyat vasitələrinin tətbiqinin əhəmiyyətini qeyd edərək, bu sahədə görülən işlərdən danışdı. Xüsusilə, Bakıda kommunal xidmətlər üçün tam elektrikli xüsusi təyinatlı nəqliyyat vasitələrinin istifadəyə verilməsi, ətraf mühitin qorunması və şəhərimizin ekoloji vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır.

Prezident İlham Əliyev, nəqliyyat sektorunda rəqəmsal texnologiyaların tətbiqinin vacibliyini də vurğuladı. O, intellektual nəqliyyat sistemlərinin yaradılması və nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində atılan addımların əhəmiyyətini qeyd etdi. Bu, həm vətəndaşların rahatlığını təmin edəcək, həm də yol hərəkətinin təhlükəsizliyini artıracaqdır.

Müşavirədə, həmçinin, regionlarda nəqliyyat infrastrukturunun inkişafı və kənd yollarının yenidən qurulması məsələləri müzakirə olundu. Prezident, bu sahədə görülən işlərin davam etdirilməsinin və regionların sosial-iqtisadi inkişafına töhfə verilməsinin vacibliyini qeyd etdi.

Zəngəzur dəhlizi məsələsinə toxunan Prezident İlham Əliyev bir daha qeyd etdi ki, bu, Azərbaycanın layihəsidir və mütləq həyata keçiriləcək:

“Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür. İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Əlbəttə ki, bu dəhlizin açılması üçün praktiki addımlar atırıq. Düzdür, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir”.

Ölkə rəhbəri onu da vurğuladı ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır.

Ermənistan isə buna əməl etmir, müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir, manipulyasiyalarla məşğuldur. Dırnaqarası “Sülh kəsişməsi” layihəsini ortalığa atıb və indi dünyada bir ölkə qalmayıb ki, o ölkəyə bu layihə təqdim edilməsin. Halbuki bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur və bunu dəfələrlə Ermənistan tərəfinə müxtəlif kanallar vasitəsilə çatdırmışıq. Əgər siz bu layihəni doğrudan da həyata keçirmək istəyirsinizsə, ilk növbədə, Azərbaycana müraciət etməlisiniz. Çünki bizsiz bu, sadəcə olaraq, kağız parçasıdır, bizim şərtlərimiz isə ədalətlidir, beynəlxalq hüquqa əsaslanır, Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır. Müşavirədə cənab prezident Ermənistan rəhbərliyinə bir daha məsləhət xarakterli mesaj verdi ki, 10 noyabr kapitulyasiya aktını diqqətlə oxusun və orada xüsusilə dediyim o bəndə diqqət yetirsin.

Sonda, dövlət başçısı nəqliyyat sektorunda çalışan bütün əməkdaşlara uğurlar arzuladı və qarşıya qoyulan vəzifələrin icrasında məsuliyyətli olmağı tövsiyə etdi. O, ölkəmizin nəqliyyat potensialının tam reallaşdırılması üçün birgə səylərin vacibliyini vurğulayaraq qeyd etdi ki, Bakı şəhərinə və onun ətrafında yerləşən ərazilərə gəlincə, yeni dövlət proqramının qəbul edilməsi zəruridir. Bu, çox böyük proqram olacaq, böyük maliyyə tutumlu proqram olacaq. Bütün aidiyyəti qurumların birgə fəaliyyətini və səmərəli işlərini tələb edən proqram olacaq. Ona görə mən bugünkü müşavirəni çağırmışam ki, bu məsələləri müzakirə edək və təqdimat edilsin, ictimaiyyət də bilsin ki, nələr gözlənilir, hansı illərdə hansı işlər görülsün. Eyni zamanda, ictimaiyyət nümayəndələri də müvafiq dövlət orqanlarına – Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə öz tövsiyələrini verə bilərlər.

Bu müşavirə, Azərbaycanın nəqliyyat sektorunun inkişafı və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İnanırıq ki, qəbul edilən qərarlar və həyata keçirilən layihələr ölkəmizin davamlı inkişafına və vətəndaşlarımızın rifahının yüksəldilməsinə xidmət edəcəkdir.
Seçilən
8
2
azadmedia.az

10Mənbələr