“Barselona”nın 17 yaşlı ispaniyalı sağ cinah hücumçusu Lamin Yamal “blauqrana”nın ötən mövsüm üçün ən yaxşı oyunçusu seçilib.
Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən məlumat verir.
Yamal qalib üçün nəzərdə tutulmuş “Aldo Rovira Mükafatı” ilə təltif edilib. Qalib fərqli nəşrlərin jurnalistlərindən ibarət münsiflər heyəti tərəfindən müəyyən edilib.
Yeniyetmə futbolçu bu mükafata ilk dəfə layiq görülür. Rekord sahibi, müvafiq mükafatı 6 dəfə qazanmış argentinalı ulduz hücumçu Lionel Messidir.
Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir.
Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 26 oyuna çıxıb, 9 qol və 12 məhsuldar ötürmə ilə fərqlənib.
Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 77 oyun, 16 qol və 21 məhsuldar ötürmədən ibarətdir.
Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığma komandasının heyətində 17 oyun keçirib, 3 qol vurub, 8 məhsuldar ötürmə verib.
Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı cinah hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.