AZ

"Meymunçiçəyi" virusu yayılır: Qorxmağa dəyərmi? - HƏKİM ŞƏRHİ

Bir neçə gün öncə Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxma faktı qeydə alınıb.

Səhiyyə Nazirliyi və TƏBİB-in birgə məlumatına görə, 22 yaşlı Azərbaycan vətəndaşı xarici ölkəyə turistik səfərdən qayıtdıqdan bir neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıdakı klinikalardan birinə müraciət edib. Həkim-infeksionist xəstənin simptomlarına əsasən meymunçiçəyi virusuna yoluxmadan şübhələnib.

Nədir bu virus? Hansı hallarda insanlara yoluxa bilir?

Bu virusa adətən Qərbi Afrika ölkələrində, tropik meşələrin yaxınlığında rast gəlinir. Virusun iki əsas ştammı var: Qərbi Afrika və Mərkəzi Afrika.

Virusun ilk əlamətləri qızdırma, baş ağrısı, şişlik, bel ağrısı, əzələ ağrısı və zəiflikdir.

Qızdırma azaldıqdan sonra, adətən üzdə başlayan və daha sonra bədənin digər hissələrinə, əksər hallarda ovuclara və ayaqlara yayılan səpgilər əmələ gələ bilər.

Çox qaşıntılı ola bilən səpgilər qabığa çevrilərək dəyişir və müxtəlif mərhələlərdən keçdikdən sonra azalır. Yaralar izlər buraxa bilər.

Virus “Meymun çiçəyi” olan başqa bir şəxslə yaxın təmas zamanı yayıla bilər. Virus bədənə dəri sıyrıqları, tənəffüs yolları, gözlər, burun və ya ağızdan daxil ola bilər. Cinsi əlaqə zamanı birbaşa təmas yolu ilə də ötürülə bilər.

Virus həmçinin meymun, siçovul və dələ kimi yoluxmuş heyvanlar vasitəsilə və ya yataq dəsti və paltar kimi əşyalarla təmas yolu ilə də yayıla bilər.

Bəs bu virus nə dərəcədə təhlükəlidir? Qorxmağa dəyərmi?

Mövzu ilə bağlı həkim-terapevt Rasif Bağırov Turkustan.az-a açıqlamasında virusun düşünüldüyü kimi ağır fəsadlara yol açmadığını bildirdi.

Əvvəllər meymunçiçəyi ilə bağlı ciddi xəbərdarlıqlar olunurdu, ancaq heç həmin vaxt insanlar buna çox önəm vermədi və ciddi fəsadları da olmadı. İndi hələ ki, yoluxma faktı 1 nəfərdə aşkar edilib. İnsanların bu qədər panikaya düşməsinə ehtiyac yoxdur, adi virusdur. Sadəcə dəridə çiçəyə oxşayan müəyyən səpkilər yarandığı üçün adını meymunçiçəyi qoyublar. Düşünürəm ki, kütləvi bir şəkil almayan bu tipli viruslardan qorxub çəkinməyə dəyməz. Virus özü də, yayılması da çox zəifdir. Bu cür xəstəliklərə qarşı aparılan mübarizələr həmişə müvəffəqiyyətlə nəticələnir.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
3
36
turkustan.az

10Mənbələr