AZ

Subhan Baqinin şeirləri

Subhan Baqinin şeirləri

 

Şair Subhan Baqinin yeni şeirlərini təqdim edirik.

 


Subhan Həzərxan oğlu Bağıyev (Subhan Baqi) 3 aprel 1947-ci ildə Masallı rayonunun Ərtkivan kəndində (indi qəsəbədir) ruhani ailəsində anadan olub. Orta təhsili kənddəki C.Cabbarlı adına məktəbdə, ali təhsili isə Azərbaycan Politexnik İnstitutunda (indiki texniki universitet) alıb. 
Məktəb illərində “Çağırış” (“Yeni həyat”-Masallı), “Azərbaycan gəncləri”, tələbəlik illərində isə “Politexnik” qəzetlərində şeir və məqalələri dərc olunub.
1969-cu ildən mühəndis-mexanik kimi müxtəlif idarə və təşkilatlarda çalışıb, ehtiyatda olan zabit kimi kənd məktəbində “Hərbi texniki hazırlıq” fənnini tədris edib.
“Mən yazmaq istəyirəm” və “İki ecazkar səs” şeirlər kitabının müəllifidir.  
   


HƏLƏ Kİ, ÖMÜR VAR

Deyirlər neynirsən şeir yazmağı,
Yazmıram, qəlbimin közündən gəlir.
Yayın bərk istisi, qışın sazağı,
Ana təbiətin özündən gəlir.

Şeir - anaların zümzüməsidir,
Şeir - sevənlərin ilk nəğməsidir,
Şeir - haqqın səsi, haqq kəlməsidir,
Büllur bulaqların gözündən gəlir.

Şeir - səhər mehi, təravətidir,
İnsanın-insana sədaqətidir.
Ürkək baxışların bil, həsrətidir,
Eşqin, məhəbbətin üzündən gəlir.

Şeirdir, təpədən-dırnağa həyat,
Şeirlə yoğrulmuş bütün mövcudat,
Şeirin ecazıyla qalxmış kainat,
O ecaz Davudun izindən gəlir.

Şeirdir insanın təxəyyül tərzi,
Bəzən məbhut edər küreyi-ərzi,
Sağaldar hər dərdi, hər bir mərəzi,
İlham pərisinin gözündən gəlir.

Ucalmaz bil, insan nə pul, nə malla,
Nə gözəl geyimlə, nə gül camalla.
İnsan şərəflənər yalnız kamalla,
Ədəb-mərifəti sözündən gəlir.

Şeir pərvaz edən bir quşa bənzər,
Övci-səmavatı seyr edər, süzər.
Bir gün misraların dillərdə gəzər,
Subhan, yaz, bu, elin sözündən gəlir,
Hələ ki, ilham var, özündən gəlir.


VAR

Uyma dünyaya əzizim, çox məşəqqətləri var,
Bəşəri məbhut edən türfə əlamətləri var.

Zahiri mələksima, batini zəhərli ilan,
Olsan aludə əgər, qorxulu halətləri var.

Aç bəsirət çeşmüvi, bax sən onun gərdişinə,
Gördüyündən ibrət al, öyüdü, hikmətləri var.

Ənbiyalar göndərildi, düz yola dəvət edən,
Biganəlik eylədin, bilmədin zillətləri var?

Dünya kirayəli ev, əbədi bir mənzil deyil,
Buyurub mövla Əli (ə), çox gizli xislətləri var.

Xeyri azdır bu cahanın, şərri həddindən ziya,
Ləzzəti ani olar, fəqət çox həsrətləri var.

Əcəli tezləşdirər, ümidi əlçatmaz edər,
Bir müsafirdir bəşər, çün onun hicrətləri var.

Tanrı o kəslər ilə mərhəmətli, munis olar,
Sərf edib dünya malın haqq yola, xidmətləri var.

Baqiya, gedənlərdən ibrət götür, olma xəcil,
Bil, aqil insanların dünyaya nifrətləri var.


NEYNİM

Gəlibdi can mülkünə fəsli-zimistan, neynim?!
Edibdi könlüm evin yer ilə yeksan, neynim?!

Xəzan vurub soldurub gülşəndə güllərimi,
Sozalıbdı dəxi ruxsari-gülüstan neynim?!

Çox şükürlər qılaram qüdrəti İlahiyə,
Verdiyin bir-bir alır, vücudu pünhan, neynim?!

"Onun əmriylə gəldik, Ona tərəf gedərik",
Buyurubdu bunu çün ayeyi-Quran, neynim?!

Səd heyf, getdi cavanlıq, qayıtmaz bir də geri,
Dövrü zaman edibdi qəddimi kaman, neynim?!

Kəsilib tabü-tavanım, yetişir vəxt-əcəl,
Qalıbdı, Baqi, yəqin bir Ona güman, neynim?


QADIN 

Həyata bəzəkdir, ömrə yaraşıq,
Mələkdir, huridir, sonadır qadın.
Günəş hərarətli, hər evə işıq,
Xəzinədir, sirli dünyadır qadın.

Ətirlidir hər cür güldən, çiçəkdən,
Nəvaziş göstərər candan, ürəkdən,
Uzaqdır fitnədən, hiylə, kələkdən,
Ruha qida verən röyadır qadın.

Bircə şux baxışı dünyaya dəyər,
Sirrini nazını çəkənə deyər,
Halal zəhmətinin bəhrəsin yeyər,
Hər çətin suala mənadır qadın.

Behişt bəxş eyləyən qədəmləriylə,
Lütfü, mərhəməti, əməlləriylə,
Subhan, şirin-şəkər o dilləriylə,
Uyudur bizləri, bal dadır qadın,
Ömür-gün yoldaşı, anadır qadın!


ƏZAN SƏDASI

Qəlbdən rişələnən, dildə səslənən,
Əməldə özünü biruzə verən,
Adəmdən Xatəmə töhfə gətirən,
İmanın səsidir əzan sədası.

İnsana ruh verib fərəhləndirən,
Hər cür xəbisliyi, kini öldürən,
Mənəviyyat, düzlük, inam bildirən,
Allah kəlməsidir əzan sədası.

Peyğəmbərlər yolu, imamlar yolu,
Nura qərq eyləyən həm sağı-solu,
Təpədən-dırnağa məhəbbət dolu,
Sevinc nəğməsidir əzan sədası.

Həzrəti Davudun şaqraq ləhcəsi,
İslam dünyasının əzəl cümləsi,
Allah mö'cüzəsi, Allah nəfəsi,
Bir nur çeşməsidir əzan sədası.

Keçmişdə, indi də, hər bir zamanda,
Bərabər səflərdə, bərabər anda,
Şahın, xidmətçinin eyni məkanda,
Vəhdət güşəsidir əzan sədası.

İlahi dərgahda kama yetirən,
"Nübuvvət" kəlamın iqrar etdirən,
Cənnət bağçasında güllər bitirən,
Tanrı qüvvəsidir əzan sədası,
Haqqın müjdəsidir əzan sədası!


ŞƏHİDLƏR 
(20 Yanvar şəhidlərinə)

Şaxtalı, qaranlıq, müdhiş bir gecə,
Hayqırıb ayağa qalxdı şəhidlər.
Haqqa canlarını fəda etdikcə,
Zülmün binasını yıxdı şəhidlər.

Silahsız, süngüsüz yalın əllərlə,
İgid oğullarla, igid ərlərlə,
Düşmən sinəsinə neçə minlərlə,
Lənət damğasını taxdı şəhidlər.

Nələr baş vermədi, nələr o gecə?!
Qələmim acizdir, şərh edim necə?
Tanklar, pulemyotlar tüğyan etdikcə,
Öz qızıl qanına batdı şəhidlər.

Xain Qorbaçovun bəd əməliylə,
O cəllad Yazovun çirkin əliylə,
Quduz vəhşilərin güllələriylə,
Vaxtsız məzarlıqda yatdı şəhidlər.

Yox, yox! Ölmədilər cəsur şəhidlər,
Azadlıq uğrunda üsyan etdilər.
Diridir hər zaman məğrur şəhidlər,
Vətən, xalq yolunda qurban getdilər.
Haqqa, səadətə çatdı şəhidlər,
Əsarət daşını atdı şəhidlər.


GÜLŞƏNİM MƏNİM

Ayrılq sözünü gətirmə dilə,
Qəlbimdən keçəni sən bilə-bilə.
Bulbul yadırğarmı heç qızılgülə?!
Ey məni məndən çox sevənim mənim.

Sənsiz bil, döyünməz ürəyim mənim,
Süstləşər vücudum, donar bədənim,
Sən müşkü-ənbərim, gülüm, süsənim,
Solmaz laləzarım, gülşənim mənim.

Huriyyə mislində, mələksimasan,
Günəştək atəşli, Aya ziyasan,
Hikmətdən yoğrulmuş bir övliyasan,
Rəqiblər bağrını üzənim mənim.

Sübhün şəbnəmisən, can məlhəmisən,
Ruha qida verən haqqın səsisən,
Baqinin könlünün tər qönçəsisən,
Sonatək dövrəmdə süzənim mənim.


OLMA PUL ƏSİRİ

Mal-dövlət köləsi olma, ey bəşər,
Qalmaz insanlıqdan cismində əsər.
Şübhəsiz, lazımdı dövlət də, var da,
Olma pul əsiri, qalarsan darda.

Dünya bər-bəzəkli gəlinə bənzər,
Çəkər ağuşuna çox etsən nəzər.
Bənd olsan sən əgər onun hüsnünə,
Ömürlük ram edər səni özünə.
.
Sövq edər bil, səni hər zəlalətə,
Naşükür olarsan hər cür nemətə.
Gündə min cür xəyallara dalarsan,
Ruzi bəxş edənə asi olarsan.
.
Düşsən sən dünyanın tamah selinə,
Edərsən qurd kimi həmlə hər kəsə.
Cilovunu versən onun əlinə,
Sürüyəcək səni hara istəsə.

Subhan, kim vurulsa dünya malına,
Pul hakim kəsilər onun halına.
Ömrü boyu günah içrə boğular,
Tuş olar Tanrının bil, zavalına.


OLMAZ 

Ən gözəl xislətdir insanda həya,
Bəşər nə daş deyil, nə də ki, qaya.
Əgər halallıqla tutmasa maya,
Ədəb, mərifəti, iffəti olmaz.

Nəfsi təmiz olmaq özü nemətdir,
Ağıl, həya, iman böyük sərvətdir.
Getsə əldən biri, bil, müsibətdir,
Düşər gözdən insan, qiyməti olmaz.

Həya pərdəsini atsan üzündən,
Tez düşərsən dost-tanışın gözündən.
Aqillərin dürri-gövhər sözündən
Əxz etməyən kəsin isməti olmaz.

Bədəsildən uzaq gəzmək gərəkdir,
Hiss etməzsən, zahirdə bir mələkdir,
Təpədən dırnağa hilə, kələkdir,
Münafiqin şərəf, qeyrəti olmaz.

Subhan, düşmə bədxahların toruna,
İsrarlı ol, üz tut haqqın yoluna,
Bəşər gərək günahlardan qoruna,
Günahkara Tanrı rəhməti olmaz.

Seçilən
8
qht.az

1Mənbələr