AZ

MİLLİ MƏTBUATIMIZIN 150 İLLİK YUBİLEY MEDALI: KİMLƏR İDDİALIDIR, KİMLƏR LAYİQLİ?

Azərbaycan Milli Mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik olunacaq. Dəyişiklik layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə də edilib. 

Qeyd olunub ki, mətbuat sahəsində xüsusi xidmətləri olan, həmçinin media qanunvericiliyinin təkmilləşdirilməsinə xidmət edən şəxslərə milli mətbuatın 150 illik yubileyi ilə əlaqədar təsis edilən medal veriləcək. Layihə müzakirələrdən sonra parlamentin plenar iclasına tövsif olunub.

Əməkdar jurnalist Azər Həsrət də saytımıza açıqlamasında yubiley medalının təsis edilməsini müsbət hadisə kimi dəyərləndirib, eyni zamanda vurğulayıb ki, bu medal ilə təltifetmə heç də asan olmayacaq: “Adətən belə tədbirlər olanda iddia edənlərin sayı həddindən artıq çox olur. Misal üçün, Əməkdar jurnalist fəxri adına, ayrı-ayrı medallara, ordenlərə iddia edənlər çoxdur. Hətta şəxsən mənim özümə də illərlə müraciət edənlər olub ki, təqdimatımızı verməyə kömək edin, fəxri ad alaq, yaxud təltif olunaq deyə. Mən də soruşmuşam ki, hansı xidmətlərinə görə? Onda da mənə deyiblər ki, bəs filankəsə hansı xidmətlərinə görə verilib? Belə sualların olmaması üçün meyarlar dəqiq elan edilməlidir. Kifayət qədər vaxtımız var. İyul ayının 22-sinə qədər yarım il vaxtımız var. Bunun üçün Azərbaycan Mətbuat Şurası, Medianın İnkişafı Agentliyi, Prezidentin mətbuatla işləyən müvafiq köməkçisi bir araya gəlməli, bağlı qapılar arxasında müzakirə açmalıdırlar ki, hansı kateqoriyadan olan insanlara bu medal verilə bilər. Yəni, filankəsin dostudur, qohumudur, yerlisidir, bunu filankəs təqdim elədi, xahiş etdi kimi məsələlər yığışdırılmalıdır. Azərbaycan mətbuatı qarşısında həqiqətən də xidmətləri olan, jurnalistikanın standartlarına uyğun olan insanlara verilməlidir bu medal. Özü də çox insanlara deyil, az sayda həqiqi media mənsublarına təqdim etməliyik. Yəni, ucdantutma kimə gəldi medal versək, onu gözdən salacağıq”.

Əməkdar jurnalist A.Həsrətin qənaətincə, 150 illik yubiley medalı müstəqil Azərbaycan mediasının formalaşmasında birmənalı rolu, mövqeyi olan, eyni zamanda ölkənin taleyüklü məsələlərinə biganə qalmayan, həmişə sinəsini qabağa verib dövlət və millət üçün öz sözü, qələmi ilə çarpışan adamlara verilməlidir: “Bir sözlə, beynəlxalq səviyyədə Azərbaycanı müdafiə etməyi bacaran, bunun üçün işlər görən şəxslər ilk kateqoriyada olmalıdır. Belələrinə medal vermək olar. Yoxsa elə adamlar var ki, şəxsən mən də tanıyıram, vaxtilə müxtəlif mükafatlar, təltiflər alıblar. Bəzən olur Azərbaycan dövləti, prezidenti, ümumiyyətlə, hər şeyimiz təhqir edilir, kimlərsə üstümüzə gəlir. Amma o adamlar susurlar. O adamlara mən dəfələrlə demişəm ki, siz də bu məsələlərə reaksiya verin, mövqe bildirin. Onlar yaxalarını kənara çəkiblər, boyun qaçırıblar. Amma görəcəksiniz, həmin adamlar yenə gələcəklər ki, mənə də medal verilsin. Mən düşünürəm ki, dövlətimiz monitorinq aparmalı, kimin kim olduğu burada ayırd edilməlidir. Yoxsa, ucdantutma medalpaylama olacaqsa, bu medal artıq dəyərini, əhəmiyyətini itirəcək. Ona görə də dəyər məsələsində diqqətli olmalıyıq. Hər yoldan ötənə medal verilməməlidir”.

Seçilən
13
50
tezadlar.az

10Mənbələr