Yanvarın 25- i Akademik, ictimai xadim, şair Cavid Salman oğlu Axundovun xatirə günüdür.Cavid müəllim yaşadığı 69 il ərzində dövlətimizə göstərdiyi bir sıra xidmətləri ilə yanaşı, həm də elmi araşdırmaları, publisistik yazıları və çoxlu sayda şeirləri ilə yadda qalıb.Onun kənd təsərrüfatı sahəsində qazandığı nailiyyətlərini, quşçuluq sferasındakı əldə etdiyi başarılarını bu gün də Xırdalan camaatı minnətdarlıqla xatırlayır.
Daim yetim-yesirə əl tutan, işsizlərə iş düzəldən, evsizləri yeni mənzillərlə təmin edən, arxasıza arxa, dayaqsıza dayaq olan Cavid Axundov hələ gənc yaşlarından güneyli-quzeyli bütöv Azərbaycan naminə şeirlər yazmış, yüksək vəzifələrdə çalışmasına rəğmən
”Bir millət arasında bu sərhəd, ərazi nədir?” kimi
Güney arzularından doğan misralarınınəzmə çəkmişdi.Tək özü üçün yox, doğulduğu Gəncə şəhəri üçün də xeyirxahlığını bir an belə əskik etməmiş, Ali Sovetin deputatı olduğu dönəmlərdə əlindən gəldiyi qədər məmləkətinə,
el-obasına dayaq olmağa çalışmışdı.Buna görəCavid müəllimin ruhu müxtəlif məclislərdə hərdaim anılır, dostlar, qohum-əqrəba onu xoş xatirələrlə xatırlayırlar.O zaman biz də nəcib insan Cavid Axundov irsini, Cavid Axundov yaradıcılığını çözələməyə cəhd edək.Düşünürəm ki,Cavid müəllimin 25-ci anım ilində “Cavidanlıq qazanan Cavid Axundov” adlıxatirə-yazım onun ruhuna böyük bir ithaf olacaq.
***
Təzə dostum, al qələmi əlinə,
Dərdlərimi mən dedikcə, sən də yaz.
Soruşursan, güzəranım necədir,
Dinlə deyim, məndə qışdı, səndə yaz.
Nadan olan tökər nahaq qan, anam.
Anlamaza necə deyim, qan, anam.
Hər mətləbi, dostum, yaxşı qananam,
Neyləyim ki, mən dərinəm, sən dayaz.
Cavid deyər, çıxmalısan dərindən,
Dost ayağı kəsilərsə dərindən,
Qəlbimizi yoxlasalar dərindən,
Aşkar olar məndə atəş, sən ayaz.
(C.Salmanoğlu)
Əl açana əl uzadan, xeyirxahlığı, nəcibliyi ilə təkcə Gəncəbasarda yox, bütün məmləkətimizdə ad qazanan şair Cavid Salmanoğlunu anmağın lap məqamıdır. Ali Sovetin deputatı, Xırdalan Quşçuluq fabrikinin 1960-82-ci illər ərzində direktoru vəzifəsində çalışmış, Rusiya Ümumittifaq keyfiyyət məsələləri üzrə akademiki olan, şair
Cavid Axundovun yanvarın 25-də anım günüdür.25 il ötür Cavid əmini itirməyimizdən, o məşum gecənin də yubileyidir.
1930-cu il iyulun 1-də əzəmətli şəhərimiz Gəncədə doğulan Cavid əmi bütün zamanlarda cavidanlıq, əbədiyyət qazanmış Türk dünyasının nəhəng şairinin adından – Hüseyn Cavid əfəndinin mübarək ismindən nəsibini almışdı.Gəncədə Kənd Təsərrüfatı İnstitutunun zoomühəndis fakültəsini qırmızı diplomla bitirən, Moskvada aspirantura təhsilini davam etdirən, sonralar ictimai xadim kimi nüfuz qazanan, akademik elmi dərəcəsinə qədər yüksələn Cavid Salmanoğlu bu gün də sevilən şair kimi tanınır.Özü də Cavid əminin Moskvaya aspiranturaya yollanması maraqlı bir sərgüzəştlə bağlıdır.Gəncədə əslən erməni olan bir qız və
Cavid əmi: ikisindən biri yollanmalı idi Moskvaya.
Bunu mənə Cavid əminin ömür-gün yoldaşı Firəngiz ana danışıb:
“Konkursdan parlaq zəkası ilə seçilən Cavidin aspiranturaya girməsi belə olur. İmtahan götürən müəllim həlledici olaraq bir sual verir: Toyuq nə vaxt tərləyir?
Gəncəli erməni əsilli qız yanlış cavab verir.
Cavid əmi isə bu vəziyyətdə ayıq davranır və deyir ki:
“Heç toyuğun tər vəzi olur ki, tərləyə!”
Beləcə aspirantura təhsili almaq üçün Moskvaya Cavid əmi yollanır.
Şair Moskvaya yollanmaqda olsun, mən onun bioqrafiyasından yazım:
Kökü Gəncənin ən mübarək nəsillərindən birinə dayanan, xəmiri şifahi xalq yaradıcılığından yoğrulan, təcnisləri dil-dil, ağız-ağız dolaşan
Cavid Salmanoğlu Xırdalan Quşçuluq fabrikinin fəaliyyətində və inkişafında qənirsiz işlər görüb.Onun Baltikyanı ölkələrdə, Bolqarıstanda mənimsədiyi yeni texnologiyaları ölkəmizdə tətbiqi faktı danılmazdır.Məhz Cavid Axundovun inadkarlığı sayəsində Quşçuluq fabrikinin Karton fabrikinə çevrilməsinin qarşısı alınıb. Ondakı bacarığı və qətiyyəti görən nazirlik 29 yaşlı Cavid Axundovu Quşçuluq fabrikinin direktoru təyin edir.Cavid müəllim bununla da kifayətlənmir, ədəbi və elmi işlərini paralel olaraq davam etdirir.
Əslində, Kühkana bənzətmək olar Cavid müəllimi, folklorumuzu Fərhad misalı yaxşı mənada yarıb-ələyər, seçib-sonalayardı görsün üzü bizə sarı nələr gəlmiş ulularımızdan: Molla Pənahdan, Aşıq Alıdan, Aşıq Ələsgərdən öyrəndiklərimiz nədir? Tərifini Hüseyn Arifdən, Rasim Kərimlidən alan Cavid Axundovun elə ən yaxın dostları arasında bu şairlər də vardı.Əlbəttə Böyükkişi Ağayev və Həşim Qərvəndi ilə ülfətləri, munis münasibətləri bir ayrı söhbətdir.Madam Hüseyn Arifin, Rasim Kərimlinin adını çəkdim, onlarla keçən şux məclislərə də nəzər yetirsək əla olar. Cavid Axundovun çırağını bu gün mən yandırdığımdan yəqin ki, belə yazmağa haqqım çatar.Ən azı şəxsi əşyaları, irsi, kitabxanası, külliyyatı bəndənizə çatıbsa, onda deyim:
Bizdə-Şüvəlandakı bağ evimizdə dəfələrlə olanlardan biri də Rasim Kərimli idi.Şairin gəlişi münasibətilə Firəngiz ana turşu-qovurmalı plov dəmləyərmiş.Bu məclislərdə Aşıq Xanlar, Rasim Kərimli Qəzənfər Paşayev də olardı.Əsasən Həşim Qərvəndi və Böyükkişi müəllim daha sıx-sıx gələrmişlər.
Haşiyə: Həşim dayı həkim idi, Cavid əmi ilə Moskvada birgə aspiranturada oxumuşdular, Eksperimental Xəstəxananın baş həkimi
Böyükkişi Ağayev də həmçinin.Böyükkişi müəllim haqqa qovuşanda doxsanı haqlamışdı.Onlardan ən tez Cavid əmini itirdik.2000-ci ilin yanvarın 25-də, daha sonra Həşim dayını, bu yaxınlarda isə Böyükkişi müəllimi.
Cavid əmi Rasim Kərimli və başqa imkanı dar olan söz əhlinə əl tutardı.Axsaq kişi idi Rasim Kərimli.Daha çox nimdaş, boz pencəyini geyinərdi.Həyatı gətirməmişdi, həyat yoldaşı Zəminə xanımdan ayrılmışdı.Rasim Kərimlinin cibinə pul qoyardı Cavid əmi.Ona ithafən yazdığı şeirlərini də kitabına salıb.Ərz edim ki, Cavid Salmanoğlunun sağlığında 4 şeir kitabı çıxıb.
Qeyd:
“Haçan olsa…” 1991-ci ildə Azərnəşrin buraxdığı ilk kitabı idi.
İkincisi, 1998- də çıxan “Təcnislər, qoşmalar, gərayılılar” “Səda” nəşriyyatında…
Üçüncüsü, həmin ildə nəşr olunan “O xala məni…”
“Nərgiz” nəşriyyatında.
Sonuncu – dördüncüsü isə vəfatından bir ay qabaq yəni 1999-cu ilin dekabrında çap olunan “Təcnislər…” kitabıdır ki, bunu da “Səda” nəşriyyatı buraxıb.
Bəli, Cavid əminin Rasim Kərimliyə yazdığı şeirini tapıram ki, sizinlə bölüşüm:
Qalıbdı
Bilmirdinmi söz yarası sağalmaz,
Sinəmə vurduğun dağlar qalıbdı.
Pozdun ilqarını, pozdun andını,
O vaxtdan gözlərim ağlar qalıbdı.
Eşqimizi biz əbədi bilərdik,
Gələcəyə min arzular dilərdik.
Bir yerdə gəzərdik, deyib gülərdik,
Xatırımda gözəl çağlar qalıbdı.
Sən qoydun Cavidi yar sorağında,
Yandırdın cismini hicran dağında.
Nə peşman olmusan qoca çağında,
Soğulub bostanın tağlar qalıbdı.
6 sentyabr, 1988-ci il
Yaxud Aşıq Xanlara yazdığı təcnisi oxuyaq:
A çala-çala
Gələ aşıq Xanlar bizim məclisə,
Sədəfli sazını a çala-çala.
Ömrünün yolları uğurlu olsun,
Çıxmasın önünə a çala-çala.
Cərrah kimi ürəyimi yaralar,
Sinəm üstə qövr eyləyib yaralar,
Hər baxanda yar könlümü yaralar,
Xəncər müjganını a çala-çala
Bir gözəl var qaşı, gözü qaradı,
Sinəsi yanında çəkmə qar adı.
Heyif ki, həyatda baxtı qaradı,
Gedib qismət olub, a çala-çala.
Kəsilib Cavidin səbri, aramı,
Mən qul oldum namusamı, aramı.
Xain xəbis yarla vurdu aramı,
Əfi ilan kimi a çala-çala
9 oktyabr 1984
Moskva
Bu şeirlərdən göründüyü ki Aşıq Alıdan, Aşıq Ələsgərdən dərsini yaxşı almışdı Cavid Salmanoğlu.Bunu əla duyan Xalq şairi Hüseyn Arif Cavid əminin ilk kitabına “Ön söz” ünü yazmışdı.
“Ön söz” dən kiçik bir hissə:
“Cavid Salmanoğlu əsasən xalq ruhunda yazan şairdir.Onun şeirlərinin əksəriyyəti qoşma, gəraylı, təcnis, müxəmməs formasında yazılmışdı.Cavid Salmanoğlu sözdə israfçılığa yol vermir, həmişə fikrin qısa, aydın ifadəsinə çalışır.Özü də buna ustalıqla nail olur. “Nə çəkir” gəraylısından götürülmüş bənddə sözlərin necə yerində işləndiyi fikrimizə sübutdur:
Yarası var yazarın da,
Həkimi var azarın da,
Naşı, nadan bazarında
Allah bilir, söz nə çəkir.”
Hüseyn Arif
Xalq şairi, Dövlət mükafatı laureatı
Sözün zillət çəkdiyi yerdə, imkansız bildiyi hər şeyə sinə gərmiş Cavid Salmanoğlu “qarıldayan qarğanın mükafat aldığı, biçarə bülbülə söz verilmədiyi” zamanda da həyatla mübarizəsini mərd-mərdanə aparmış, silahı yerə, qılıncı qına qoymamış, alnı açıq 69 il ömür sürmüşdü.Bu gün də yaşayır Cavid əmi.
-Harada?
-Ömür-gün yoldaşı Firəngiz xanımın dualarında, övladları Kamilin, Cəmilin qürbət xəyallarında, nəvəsi Cavidin şıltaq əməllərində.Bir də ona minnət borcu olan kəslərin rəhmət söyləyən lisanlarında göyə pərvaz eyləyir şair.
Xırdalan məzarlığını iyulun 1-i doğum günündə, yanvarın 25- anım günündə mütləq onu ziyarət edib, ruhu ilə uzun-uzadı söhbət edirəm.O mənə güc verir, sanki işlərimə kömək göstərir.Rahatlıq, azadlıq hiss edirəm onu görəndən sonra.Həm də özümü ona görə bəxtiyar sayıram ki, 2020-ci ilin iyulunda Cavid müəllim haqqında Mədəniyyət Tv-də efirə gedən “Sətirlər” verilişinin bir buraxılışını hazırlaya bildik.”İtirdiklərimiz” rubrikasının bir bölümünü məhz Cavid əmiyə ithaf etdik, həmçinin müəllifi olduğum hər iki kitabıma onun haqqında fəsillər yazdım. Böyük rəssamımız Səttar Bəhlulzadənin ona verdiyi peysaj hədiyyəsi bəndənizdə olduğu üçün ayrıca fərəh hissi duyuram, Bu, Cavid əminin irsində ən dəyərli bəxşişlərdəndir.
Bir bəxşiş də Firəngiz ananın mənə nəql etdiyi söhbətlərdir ki, onlar da gündəliyimdə əksini tapır. Cavid müəllimin çağdaş siyasətçilərlə, şairlərlə, nazirlərlə, ictimai xadimlərlə olan söhbətləri, dialoqları gündəliyimi bəzəyirlər.
Əminəm ki, Cavid Axundov öz zəngin həyatı ilə “Türküstan” qəzetini də bəzəməyə gücü yetəcək.
-Hə, necə bilirsiz, bir yoxlayaq? O zaman, buyurun, oxuyun!
-Aha gözlərinizlə sətirdən-sətrə keçdiyinizi görürəm…
-Aha, duyuram pıçıltı səsinizi…
-Aha, sezirəm ürəkdə oxuduğunuzu…
-Aha, indi bu saat başlayırsız oxumağa…
Necə başlayır xatirə-yazı?!
“Cavidanlıq qazanan Cavid Axundov…”
(Xatirə- yazımda müəllifi olduğum “Sətirlər” və
“Tale şairi: Məmməd İsmayıl” kitablarına, habelə ailəmizdə eşitdiyim xatirələrə, faktlara söykənmişəm)
Turan Uğur
Bakı