Yarım il əvvəl 100 yaşı qeyd olunan Azərbaycan Bəstəkarlar İttifaqının XI qurultayı keçirilib. Yaradıcılıq birliyinin Üzeyir Hacıbəyli adına konsert salonunda gerçəkləşən tədbirdə mədəniyyət naziri Adil Kərimli, ABİ-nin İdarə Heyəti, tanınmış mədəniyyət xadimləri iştirak ediblər.
Musiqi mədəniyyətimizin inkişafında əhəmiyyətli rolu olan Bəstəkarlar İttifaqı XX əsrdə cəmiyyətin həyatının ən çətin zaman[1]larında yaranıb və şərəfli yol keçib. Təşkilata 1936-cı ildən ömrünün sonuna kimi dahi Üzeyir Hacıbəyli rəhbərlik edib və bütöv bir bəstəkar nəslinin yetişməsində müstəsna rol oynayıb. Sonra İdarə heyətinin sədrləri və katibləri görkəmli bəstəkarlar – Səid Rüstəmov, Qara Qarayev, Tofiq Quliyev və başqaları həmişə bu təşkilata məhz yaradıcılıq proseslərinə təkan verən, bəstəkarlara dayaq olan, onların problemlərinin həllində kömək olan bir təşkilat kimi rəhbərlik ediblər.
Yeni əsrin əvvəllərindən (2007) yaradıcılıq birliyinin başında Qara Qarayev məktəbinin ən parlaq nümayəndələrindən biri olan, musiqiləri beynəlxalq aləmdə tanınan bir şəxsiyyət – UNESCO-nun “Sülh artisti, AMEA-nın müxbir üzvü, professor “Şöhrət” və “Şərəf” ordenli Xalq artisti Firəngiz Əlizadə durur. Bəstəkarlar İttifaqı öz sıralarında 200-yə yaxın yüksək ixtisaslı peşəkar bəstəkar və musiqişünaslar ordusunu birləşdirir. Onlar Azərbaycan hökuməti, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən beynəlxalq festivallarda yaxından iştirak edirlər. Həmin bayramlarda bəstəkarlarımızın əsərlərinin dünyanın bir çox ölkələrindən dəvət olunmuş musiqi ifaçıları və kollektivlər tərəfindən səsləndirilməsi milli bəstəkarlıq məktəbinin nailiyyətlərini nümayiş etdirir. ABİ-nin fəaliyyətində hər il keçirilən Üzeyir Musiqi Günlərində və son illərdə ənənə halını almış Üzeyir Hacıbəyli adına beynəlxalq festivalın təşkili böyük önəm daşıyır. Fərəhlidir ki, müasir Azərbaycan musiqi mədəniyyətinin qurucusu, Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı Üzeyir Hacıbəylinin xatirəsi Bəstəkarlar İttifaqında daim yad edilir. Xarici ölkələrdə bəstəkarlarımızın əsərlərinin ifa olunması Azərbaycan peşəkar musiqisinin dünya miqyasında tanınması və təbliği baxımından təqdirəlayiqdir.
Qurultayda ABİ-nin sədri Firəngiz Əlizadənin hesabat məruzəsi dinlənilib. O, bəstəkarların son illərdə qazandığı uğurlardan, ittifaq tərəfindən həyata keçirilən layihələrdən, gənc musiqiçilərə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, 2019–2024-cü illəri əhatə edən hesabat dövründə bəstəkar və musiqişünaslar öz yaradıcılıqları ilə Azərbaycan mədəniyyəti və incəsənətini daha da zənginləşdiriblər.
Mərasimdə çıxış edən mədəniyyət naziri Adil Kərimli Azərbaycan musiqi sənətinin qədim tarixə və zəngin ənənələrə malik olduğunu bildirib. Qeyd edib ki, mədəniyyətimizin himayədarı olmuş ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə ölkəmizdə musiqi sənətinin inkişafını diqqətdə saxlayıb, onun bir sıra bəstəkarlarımızla dostluq münasibətləri olub. Ulu öndər bəstəkarlarımıza qayğı ilə yanaşıb, onların yaradıcılığının təbliğinə daim dəstək verib.
Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafına göstərdiyi qayğıdan danışan Adil Kərimli deyib ki, ölkəmizdə ayrı-ayrı sənətkarlarla yanaşı, Azərbaycan Bəstəkarlar İttifaqının da fəaliyyətinə dəstək verilir. Bu qayğının sayəsində klassik və müasir bəstəkarlarımızın əsərləri dünyanın məşhur səhnələrində səsləndirilir.
Şanlı Ordumuzun qəhrəmanlığı sayəsində Vətən müharibəsində Tarixi Qələbə qazanıldığını, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa olunduğunu qeyd edən nazir digər yaradıcılıq sahələri ilə yanaşı, musiqi əsərlərində də Zəfər ovqatının yaşadılmalı, qəhrəmanlığın musiqinin dili ilə daha geniş vəsf edilməli olduğunu diqqətə çatdırıb. Adil Kərimli çıxışının sonunda ABİ-yə fəaliyyətində uğurlar arzulayıb.
Digər çıxışlardan sonra ABİ-nin rəhbər orqanlarına seçkilər keçirilib. Açıq səsvermə ilə Xalq artisti, professor Firəngiz Əlizadə yekdilliklə yenidən Bəstəkarlar İttifaqının sədri seçilib.
Firəngiz Əlizadə bununla bağlı açıqlamasında bildirib:
– Bəstəkarlar İttifaqının qurultayında hörmətli mədəniyyət naziri Adil Kərimli, eləcə də üzvlərimiz iştirak etdilər. Həmkarlarımla gözəl münasibətim var, məni seçən hər kəsə minnətdaram. Mədəniyyət naziri çox yaxşı çıxış etdi, bizə ümidlər verdi. Bildirdi ki, gənc bəstəkarların əsərləri nazirlik tərəfindən alınacaq. Düşünürəm ki, gənc bəstəkarların əsərləri daha intensiv şəkildə ifa olunmalı və alınmalıdır. Çünki onlar yaradıcılıq yolunun başlanğıcındadırlar.
Biz ittifaqın tərkibində Ağsaqqallar Şurası yaratdıq. Şuranın 80-90 yaşlı üzvləri var. Bəstəkar Tofiq Bakıxanov bizim bütün tədbirlərimizdə iştirak edir, əsərlər yazır, yaradır. Bu, çox sevindiricidir. Planlarımız, hədəflərimiz çoxdur. Arzu edirəm ki, Azərbaycan musiqisi dünyada daha çox səslənsin, qəbul edilsin, sevilsin. Bu hədəflərin üzərində daim işləyirik.
XQ