Donuzdan köçürülən orqan ilə ən çox yaşayan insan odur...
Alabama (ABŞ) sakini Tuana Luni ona heyvandan transplantasiya edilən orqanla ən uzun müddət həyatda qalan insandır.
Yeniavaz.com “Associated Press”ə istinadla xəbər verir ki, o, 61 gündür ki, bədəninə köçürülən donuz böyrəyi ilə yaşayır.
Bildirilib ki, indiyədək dörd başqa amerikalıya da geni dəyişdirilmiş donuz orqanları – iki ürək və iki böyrək köçürülüb və onlardan heç biri iki aydan çox sağ qalmayıb.
Luninin transplantasiyasını həyata keçirən və sonrakı proseslərə nəzarət edən Langonedəki Nyu-York Universitetinin Tibb Mərkəzinin həkimi Robert Montqomeri onun böyrək funksiyasını “tamamilə normal” adlandırıb.
Həkimlər ümid edirlər ki, o, transplantasiya sonrası tədqiqatlar üçün müvəqqəti yaşadığı Nyu-Yorku tərk edib, təxminən bir ay sonra Alabama ştatının Qadsden şəhərindəki evinə qayıda biləcək.
Artıq bir müddətdir ki, alimlər transplantasiya məqsədilə uyğun orqan çatışmazlığını həll etmək üçün genetik modifikasiyası insana çox bənzəyən donuzların orqanlarından istifadə edirlər.