Türkiyədə dağ-xizək kurortunda 78 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı aparılan istintaq çərçivəsində 15 nəfər şübhəli şəxs həbs edilib.
OXU24.COM "Sabah" qəzetinə istinadla xəbər verir ki, Bolu bələdiyyəsinin sədr müavini Sedat Gülener və yanğınsöndürmə idarəsinin müdir müavini Kənan Coşkun da daxil olmaqla 5 şübhəli məhkəmə qarşısına çıxarılıb.
“Həbsxanaya göndərilən şübhəlilərin sayı artaraq 15-ə çatıb”, - qəzet yazır.
25 yanvar 2025-ci ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkənin məhkəmə sistemi heç bir şübhə qalmaması üçün insidentə bütün aspektləri ilə aydınlıq gətirmək üçün əlindən gələni edir. O, yanğın ətrafında “siyasi polemika” təşkil edənləri də vicdanlı olmağa çağırıb.
Xatırladaq ki, yanvarın 21-nə keçən gecə Türkiyənin Bolu şəhərindəki Kartalkaya xizək kurortunda yanğın baş verib. "Grand Kartal" otelində baş verən yanğında 78 nəfər həlak olub.
Yanvarın 22-si Türkiyədə matəm günü elan edilib. Azərbaycan lideri İlham Əliyev prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.