Almaniya kansleri Olaf Şolts ABŞ prezidenti Donald Trampın ABŞ-da neft və qaz hasilatını artırmaq planlarını yüksək qiymətləndirib.
“Report” xəbər verir ki, bu barədə siyasətçi “Handelsblatt” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, dünya bazarında daha çox tədarük enerji qiymətlərinin aşağı düşməsi ilə nəticələnəcək:
“Bu, Avropa və Almaniya üçün yaxşı olardı, çünki bu, təxminən əsrin ortalarına qədər davam edəcək iqlim neytrallığına keçid zamanı bizə kömək edərdi”.
Eyni zamanda kansler ABŞ-ın Paris İqlim Sazişindən çıxmaq qərarından təəssüfləndiyini bildirib. O xatırladıb ki, Almaniya 2045-ci ilə qədər iqlim neytrallığına tam nail olmaq niyyətindədir və o vaxta qədər olan vaxtdan enerji sistemində bərpa olunan mənbələrin payını artırmaq, şəbəkələri genişləndirmək və müvafiq sahələrə investisiya yatırmaq üçün istifadə etməyi planlaşdırır.