Futbol üzrə Azərbaycan Premyer Liqasının XX turunda səfərdə "Qarabağ"ı 2:1 hesabı ilə məğlub edən "Turan Tovuz" klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev jurnalistlərin suallarını cavablandırıb.
Teleqraf.com həmin müsahibəni təqdim edir...
- "Turan Tovuz" geridönüş edərək əzmkar qələbə qazandı. Oyun haqda fikirləriniz necədir?
- Ən vacibi və bizi sevindirən oyunun gözəl olmasıdır. Qələbəyə hər zaman sevinirik. "Qarabağ" kimi böyük komandadan xal qazanmaq bizi sevindirməyə bilməz. Azarkeşlərimizə dərin təşəkkür etmək istəyirəm. Onlar göstərdi ki, "Turan Tovuz"un ancaq yaxşı günün dostu deyillər, çətin zamanda da komandanın yanındadırlar.
- Bu mövsüm "Qarabağ"ın məğlub edə bilmədiyi yeganə komanda "Turan Tovuz"dur. Bu kluba qarşı xüsusi hazırlaşırsınız?
- Çempionatda olan bütün klublar "Qarabağ"la görüşlərdə əlavə motivasiya ilə oynayır. O cümlədən, "Turan Tovuz". Xüsusi bir hazırlığımız yoxdur. Belə nəsib olur deyə bilərik.
- "Qarabağ"a qarşı olan qələbələr klub rəhbəri kimi sizə motivasiya verir?
- Hər qələbədə olduğu kimi motivasiya alıram. Dediyim kimi, "Qarabağ" böyük klub, böyük cameədir və ölkə futbolunda onların rolu əvəzsizdir. Bizim qələbə qazanmağımız çempionata marağı artırır. Məncə, bunlar "Qarabağ"ın özünə də faydalıdır. Rəqabət artdıqca keyfiyyət də artır.
- Bəs çempionatdaki rəqabəti necə dəyərləndirirsiniz? "Kəpəz" "Turan Tovuz"u, "Qarabağ" "Kəpəz"i, "Turan Tovuz" isə "Qarabağ"ı məğlub edir...
- Çempionatda artıq autsayder yoxdur. Hər komanda ciddi rəqibdir. Çempionatımızın maraq səviyyəsinin ildən-ilə artdığını yagin sizin özünüz də görürsünüz. AFFA və PFL-ə təşkilatçılığına görə təşəkkür edirəm. Hakimlər Komitəsində olan dəyişikliklər çempionatın baxımlı olmasında xüsusi rol oynayıb. Gözəl günlərimiz qarşıdadır.
- Gündəmdə olan legioner limitinin mümkün ləğvi ilə bağlı nə deyə bilərsiniz?
- Konkret bir mövqe sərgiləməyim yanlış olardı. Bu gün limitin ləğvi üçün əsaslı səbəblər gətirərəm və məni dəstəkləyənlər çox olar. Amma ləğv olunmamasını da o dərəcədə əsaslandırmaq olar. Biz sadəcə, müddətə etiraz edirik. Klub olaraq planlamalarımız, uzunmüddətli müqavilələrimiz var. AFFA İcraiyyə Komitəsi dəyişikliyə qərar verərsə, bununla ayaq uyduraraq çempionatın səviyyəsinin artmasında çalışmalarımıza davam edəcəyik.
- İlyarım əvvəl AFFA-ya müraciət etmişdiniz. Bununla bağlı dəyişiklik var?
- AFFA ilə dialoqdayıq. Qurumun öz büdcəsi var. Onların səmimi olduqlarını və bizim üçün vəsaitlərinin olmadıqlarını bilirik. Ola bilər texniki kömək istədik. Bu məsələni gündəmdə saxlamaqda məqsədimiz odur ki, AFFA-nın büdcəsində bizim üçün fürsət yaranarsa, bu məsələ ön planda olsun. Hər şeyi anlayışla qarşılayırıq və ümid edirik ki, gələcəkdə ortaq bir qərar veriləcək.
- Tovuz şəhər stadionunun ot örtüyünün dəyişdirilməsi haqda nə deyə bilərsiniz?
- Bunu martdan tez edə bilmərik. Klubun idarə heyəti bir yerə gələrək bu haqda qərar verəcəyik.