Futzal üzrə 19 yaşlılardan ibarət Azərbaycan millisi (U-19) bu gün Avropa çempionatının (AÇ-2025) ilkin mərhələsində 2-ci oyununa çıxıb.
Arena.az xəbər verir ki, B qrupunda yer alan İlqar Aslanovun rəhbərlik etdiyi kollektiv San Marino yığması ilə qarşılaşıb.
U-19 millimiz ötən gün baş tutan Kosovo yığması ilə görüşdə 4:1 hesablı qələbəyə sevinmişdi. San Marino millisi isə ilk sınağında Kosovoya 1:7 hesabıyla uduzmuşdu. Bir sözlə, millimiz bu gün qrup oyunlarına ev sahibliyi edən San Marinonu da məğlub edə bilsə və ya ən azı heç-heçəyə nail olsa, qrup lideri kimi növbəti mərhələyə vəsiqə qazanacaqdı.
San Marinodakı “Multieventi Sport Domus”da baş tutan görüşdə qalib müəyyənləşməyib. Tərəflər dörd qolluq matçdan 2:2 hesablı heç-heçə ilə ayrılıblar. Bu isə Azərbaycan yığmasını növbəti mərhələyə daşıyıb.
Qeyd edək ki, əsas mərhələnin görüşləri 25-30 mart aralığında Xorvatiyada keçiriləcək. 7-ci qrupda yer alacaq futzalçılarımız meydan sahibi Xorvatiyadan başqa, Bosniya və Herseqovina və Türkiyədən olan həmyaşıdalrı ilə qarşılaşacaq. Qrup qalibi bu ilin sentyabrında Moldovanın Kişinyov şəhərində baş tutacaq final mərhələsinə vəsiqə qazanacaq.
AÇ-2025-in seçmə mərhələsi
B qrupu
26 yanvar
San Marino – Azərbaycan 2:2
Hakimlər: Radim Cep (Çexiya), Adam Çene-Joo (Macarıstan), Jiri Berqs (Belçika).
Hakim-inspektor: Stefan Veber (Almaniya).
UEFA nümayəndəsi: Maria Mayans (İspaniya).
Timekeeper: Laurentiu İlie (San Marino).
Serravalle. “Multievent Sport Domus”. Saat 21:00.